Azərbaycan tarixinin Heydər Əliyev dövrü

Azərbaycan tarixinin Heydər Əliyev dövrü

Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüşdür. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi hələ sağlığında xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanmışdır. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”, – deyən ümummilli liderimizin həyatının mənası Azərbaycanı müstəqil və qüdrətli dövlətə çevirmək olmuşdur.

Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirləri hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib. XX əsrin 70-80-ci illərinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında özünəməxsus və spesifik xüsusiyyətləri ilə səciyyələnən mühüm bir tarix kimi daha dərindən öyrənilməsi olduqca zəruridir. Bu dövrdə həyata keçirilən tədbirlər məhz Ümummilli liderin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev son dərəcə təcrübəli dövlət başçısı və müdrik siyasi xadim kimi bir sıra çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib. Həmin dövrdə Azərbaycanda bütün sahələrdə ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş bir sıra mühüm addımlar atılıb və bu nailiyyətlər o vaxt hakimiyyətdə olan Ümummilli liderin rəhbərliyi və prinsipiallığı nəticəsində mümkün olmuşdur.

Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim uca tutmuşdur. Məhz xalqına bu məhəbbət dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdı. 1993-cü ilin keşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi.

Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olmuşdur. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etməsi, səmərəli əməkdaşlığımız ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir. Həmin illərdə çox ciddi islahatlar aparılmış, bazar iqtisadiyyatı prinsipləri üstünlük təşkil etmiş, Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması geniş vüsət almışdır. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmiş, siyasi sistem möhkəmləndirilmiş və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradılmışdır. Bu illər ərzində görülmüş işlər hazırda ölkəmizin uğurlu inkişafını şərtləndirmişdir.

Ümummilli lider Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçmiş, ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. İqtisadi, siyasi və hərbi sahədə güclü potensial yaradılmışdır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Görülən işlər ötən il işğal altında qalan torpaqlarımızın azad olunmasına imkan verdi. “Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, müstəqil Azərbaycan dövləti öz ərazisinin bütün hissələrinin sahibi olacaqdır”, – deyən ulu öndərin uzaqgörənliyinin heç bir sübuta ehtiyacı olmadığı bir daha təsdiq edildi.

Ötən il Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratmışdır. Bu reallıqda Azərbaycan təbii olaraq güclü, diktə edən tərəf kimi artıq yeni tarix yazmağa başlayıb. Bütün bunlar isə onu göstərir ki, ulu öndər Heydər Əliyev siyasi yolunun davam etdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə, dünya sivilizasiyasının tərəqqisinə xidmət edir.

Ulu öndərimiz Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman xalqı, milləti üçün əbədi olaraq qalacaqdır. Ulu öndər Heydər Əliyev hər zaman zirvədə dayandı, bu gün də zirvədədir, gələcəkdə də zirvədə olacaqdır!

Rəşad Cəbrayılov,
YAP Salyan rayon təşkilatının sədri səlahiyyətlərini müvəqqəti icra edən
Mədəniyyət