Hər bir xalqın ən müqəddəs neməti olan müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapır. Hələ minilliklər bundan əvvəl dünyada təşəkkül tapmağa başlayan ilk dövlətlər öz xalqlarının ibtidai dünyagörüşü əsasında dövlət rəmzlərini formalaşdırmağa çalışmışlar. Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadilələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşmış, bayrağı öz şərəfi, ləyaqəti kimi qoruyaraq daim uca tutmuşdur.
Bayraq xalqın müstəqillik, suverenlik, milli azadlıq ideallarının simvoludur. Azərbaycan bayrağı xalqımızın dilini, dinini, milliyyətini, mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini və s. amilləri özündə ehtiva edən çalarlardır.
Bayraq, gerb və himn hər bir dövlətin rəsmi dövlətçilik atributudur. Bu atributlar hər bir vətəndaş üçün o qədər müqəddəsdir ki, qərar tutduğu yüksəklikdən enməməsi üçün canlar fəda olunur. Üçrəngli bayrağımızı daim yüksəklərdə dalğalandırmaq hər birimizin müqəddəs borcudur. Üçrəngli bayrağımız milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır.
Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi: "Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.
Və nəhayət, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi.
Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ döyüşlərində minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, küçələr, kəndlər, şəhərlər bütünlüklə bayraqlarla büründü. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi.
Qeyd etdiyimiz kimi, üçrəngli dövlət bayrağımız bizim qürur mənbəyimizdir. Bu bayrağa dərin hörmət və ehtiram hissi ilə yanaşdığımız kimi, ondan istifadə qaydalarına da ciddi əməl etməliyik.Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir.Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Həmin Qanunla Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə bağlı vəzifələr, Dövlət bayrağının qaldırılmalı və yerləşdirilməli olduğu yerlər, təsvirinin istifadəsi, həmçinin rəsmi tədbirlər zamanı, matəm günlərində və matəm mərasimlərində istifadəsi, digər bayraqlarla birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi, habelə Dövlət bayrağının istifadəsinə dair tələblər və məhdudiyyətlər müəyyən edilmişdir.
Qanunun 9-cu və 10-cu maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun. Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Azərbaycan Respublikasının dövlət bayrağından düzgün istifadə edilməsi hər kəsin vətəndaşlıq borcudur. Bayrağa münasibət dövlətə münasibətin ifadəsidir. Ona görə də mühüm dövlət atributu ilə istifadə qaydalarında son dərəcə dəqiq olmaq lazımdır.
Fidan Babayeva,
Salyan rayon gənci, Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin II kurs tələbəsi