Bayrağımız bizə miras qalan ən qiymətli dəyərlərimizdəndir

Bayrağımız bizə miras qalan ən qiymətli dəyərlərimizdəndir

Bayraq millətin ruhunu özündə ehtiva etməklə yanaşı, dövlətin varlığını sübut edən rəmzdir.Bir millətin dövləti varsa, bayrağı da var.Dövlətin rəmzinin öz fəlsəfəsi olmalıdır.Azərbaycan bayrağı da özünün rənglərindəki fəlsəfi mənası ilə xalqımızın düşüncəsini, ruhunu, xarakterini əks etdirir.
Əlbəttə ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin göstəricisidir.Dövlət müstəqilliyinin ən böyük göstəricilərindən biri də onun bayrağıdır. Dövlət bayrağı, milli bayraq müqəddəs anlam daşıyır.Çünki Dövlət bayrağı Azərbaycan Respublikasının milli müstəqilliyini, milli azadlığını, milli dövlətçiliyini əks etdirir.Milli bayraq millətimizin, xalqımızın azadlıq və istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür. Bayraq Azərbaycan Respublikasının mühüm dövlət rəmzlərindən biridir.
Planetimizin hər bir ölkəsi kimi Azərbaycan Respublikası da dünya dövlətləri sırasında öz bayrağı ilə təmsil olunur, tanınır.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin bayraqları dövlətin xarakterinə, xalqın düşüncəsinə, milli mənəvi keyfiyyətlərinə uyğun bir tərzdə seçilirdi.Bu səbəbdən istər tarixdə, istərsə də indinin özündə hər hansı bir ölkənin bayrağına diqqət yetirsək, həmin bayraq altında hansı cəmiyyət yer alibsa onun simasını, keçdiyi inkişaf yolunu, bayraqdakı təsvir və rənglərin mənasını görə bilərik.Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı - Dövlət bayrağıdır. Milli bayraq siyasi, ideoloji, mənəvi baxımdan bir millətin və bu milləti təşkil edən dövlətin mövcudluğunu təsdiqləyən rəmzdir. Dövlət bayrağı hər birimiz üçün Vətən, millət və dil qədər müqəddəsdir.Bayrağın yeri ucalıqdır.Təsadüfü deyil ki, bayraq salona daxil olanda hər kəs ayağa qalxır.
Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Üçrəngli bayrağımız bir də 70 il sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən 1-ci sessiyasında dövlət bayrağı kimi qəbul olundu. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bununla göstərdi ki, milli özünüdərkin ilk mərhələsi milli rəmzlərin qaytarılmasıdır, milli müstəqilliyinin bünövrəsinin qoyulması isə həmin müstəqilliyi tərənnüm edən rəmzlərin qaldırılmasıdır.Bu cəsarətli addım bütün Azərbaycan xalqı tərəfindən alqışlandı, dəstəkləndi və o dövrki Azərbaycan siyasi rəhbərliyinə əhəmiyyətli təsir göstərdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət rəmzləri, o cümlədən Dövlət Bayrağının təbliğinə böyük əhəmiyyət verirdi. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə, dövlətin parçalanmasına yönəlmiş separatçı cəhdlərin qarşısını qətiyyətlə almaqla bərabər, Azərbaycanın üçrəngli bayrağını uca tutmuş, onun bütün bölgələrdə dalğalanmasını təmin etmişdir. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. "Azərbaycanın bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun" - deyən Ulu Öndər çıxışlarında bunu dəfələrlə bildirmişdir.
Ümummilli Lider Heydər Əliyevin ucaltdığı bayraq bu gün etibarlı əllərdədir, onu ölməz şəxsiyyətin ləyaqətli siyasi varisi Prezident cənab İlham Əliyev aparır. 2004-cü il 8 iyun tarixli “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi dövlət rəmzlərinin qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülmüş mühüm tədbirlərdən biridir. 2007-ci il noyabr ayının 17-də Prezident İlham Əliyev tərəfindən “Bakıda Dövlət Bayrağı Meydanının yaradılması” və 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” olan Sərəncamlar dövlət başçısının və Azərbaycan xalqının Dövlət bayrağına olan dərin ehtiramının və yüksək dəyərin bariz nümunəsidir.Ölkə başçısının imzaladığı bu sərəncamlar Dövlət bayrağının dövlət rəmzləri sırasında tutduğu əhəmiyyətli yeri və rolunu, xalqımızın qədim tarixini, mədəniyyətini, milli –mənəvi dəyərlərini dünya ictimaiyyətinə təbliğ etmək naminə gördüyü uğurlu siyasətin ifadəsidir.
Milli bayraq bizim xalqımızın mədəniyyətini və tarixini özündə əks etdirən simvoldur. Biz bu gün müstəqil ölkə kimi yaşayırıq.Biz fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq.Biz müstəqil siyasət aparırıq. Bu gün Azərbaycan cəmiyyətində milli həmrəylik, milli səfərbərlik, vətənpərvərlik ruhu vardır. Milli qürurumuzun rəmzi olan üçrəngli bayrağımız hər zaman ucalarda tutulacaq və heç vaxt enməyəcəkdir.
Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Ötən il Vətən müharibəsində 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatları ilə şanlı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi və torpaqlarımızı erməni işğalından azad etdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Bayrağımızın daim yüksəklərdə vüqarla dalğalanması dövlətimizin gücünü və artan nüfuzunu göstərir.
Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir.Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir.Üçrəngli bayrağımız bundan sonra da hər zaman yüksəklərdə dalğalanacaq. Yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bayraq milli ləyaqət simvoludur. Onu başı üzərində daşımaq bir şərəf borcudur həm də. Bu, hər kəsə nəsib olmur. Bayrağımız bizə miras qalan ən qiymətli dəyərlərimizdəndir.

Elman Quliyev,
Salyan rayon Şorsulu kənd ümumi orta məktəbin direktoru
Mədəniyyət