Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır

Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır


Torpaq - Vətən deməkdir, Vətən - dövlətdi, dövlətin rəmzi - bayraqdır. Bayraq dövlətin və xalqın kimliyinin, düşüncə tərzinin və mənəvi dünyasının görünən ən şəffaf, ən işıqlı meyarıdır.Dövlət bayrağımız suverenliyimizin rəmzidir. Özünütəsdiq simvolu olan bayraq qürur və güvənc yeri sayılır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.
Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 1920-ci ilin aprel ayınadək üçrəngli bayrağımız rəsmi dövlət rəmzi statusuna malik olub. Həmin ilin aprelində Xalq Cümhuriyyəti süqut etdikdən və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilmişdir. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmış, nəticədə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edilmişdir.
Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapmışdır. Bu dövrdə ölkəmizin bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvü olması dövlət bayrağımızı Avropanın mərkəzində dalğalanmağa, varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başladı. Ulu öndər Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən mərasimdəki çıxışında bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğulamışdır: "Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur".
Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideyalara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə"yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edildi. 2010-cu ildən etibarən noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabrın 1-də Bakıda dünyanın ən uca bayraqlarından birinin dalğalandığı Dövlət Bayrağı Meydanının təntənəli açılışı Ali Baş Komandanın bir daha dövlət rəmzlərimizə sevgisinin bariz nümunəsidir.
Qürurverici haldır ki, 20 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi böyük Zəfərlə başa çatdı. Ali Baş Komandanın qətiyyəti, müdrik və uzaqgörən siyasəti, eyni zamanda ordumuzun vətənpərvər, peşəkar zabit və əsgərlərinin şücaəti, qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, 30 il düşmən tapdağı altında qalan ərazilərimiz işğaldan azad edildi. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda- Suqovuşanda, Hadrutda, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda, Laçında, Kəlbəcərdə və nəhayət mədəniyyət beşiyimiz olan Şuşamızda əzəmətlə, qürurla dalğalanır.

Aygün Abdullayeva,
Salyan şəhər 2 saylı tam orta məktəbin müəllimi



Mədəniyyət