44 günlük Vətən müharibəsində Suqovuşan qəsəbəsi və Talış kəndinin azad olunması ermənilərin məğlubediləz saydıqları ordusunun uğursuz və gücsüzlüyünün əyani sübutu idi. Ermənilər Suqovuşan və Talış istiqamətində əsas hərbi güclərini cəmləşdirmişdi, amma buraya nə qədər güc yığsalar da Azərbaycanın Müzəffər Ordusunun qarşısında tab gətirə bilmədilər. Suqovuşan qəsəbəsinin azad olunması erməni orduusna mənəvi-psixoloji sarsıntı yaşatdı.
Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük Qələbəni təmin etmiş önəmli uğurlardandır. Çünki bu qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil etməyimizi şərtləndirən başlıca amillərdən idi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərindən strateji qəsəbəni işğaldan azad etmək böyük uğur idi və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbiydi.
Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində Azərbaycan ordusu çox böyük hərbi üstünlük əldə etdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaratdı. Belə ki, Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və müharibənin son gününədək bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Bu nöqteyi-nəzərdən Suqovuşan döyüşü Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində şimal- şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri sayılırdı.
Ermənistan ordusunda on mindən çox fərari olmuşdur. On min fərarisi olan ordu əlbəttə ki, şanlı ordumuz qarşısında müqavimət göstərə bilməzdi və 3 oktyabr 2020-ci ildə Suqovuşan azad edildi. Bu torpaqlar artıq həqiqi sahibinə - Azərbaycana aiddir!
Suqovuşanın düşmən tapdağından qurtulduğunu sevinc göz yaşları ilə qarşılayan kənd sakinləri doğma yurdlarına qayıdacaqları, ata-baba torpaqlarına ayaq basacaqları günü səbirsizliklə gözləyirlər. Bu sevinci xalqımıza yaşadan Müzəffər Ali Baş Komandanımıza və igid oğullarımıza minnətdarıq!
Allahdan Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!
Cəlil Əliyev
Cəbrayıl rayon Suvarma Sistemləri idarəsinin rəisi