Suqovuşanın azad olunması Vətən müharibəsində Böyük qələbəni təmin etmiş önəmli uğurlardandır

Suqovuşanın azad olunması Vətən müharibəsində  Böyük qələbəni təmin etmiş önəmli uğurlardandır
Adı Madagiz idi. Ta o vaxtadək ki, rəşadətli ordumuz oranı düşmən tapdağı altından xilas etdi. O zaman Müzəffər Ali Baş Komandan dünyaya bəyan etdi ki, daha bu yer Madagiz yox, Suqovuşandır. Öz tarixi adına qovuşdu Suqovuşan. Bu cənab Prezidentin dünyaya, Ermənistana və onun havadarlarına növbəti mesajı oldu. 2020-ci ilin 3 oktyabr tarixi. Beləliklə, bu tarix bir başqa tarixlər kimi şərəflə yazıldı. Məhz bir il sonra Ali Baş Komandanın Suqovuşana getməsi təsadüfi deyil. Bu tarixi bir səfər oldu.

Ümumiyyətlə deyə bilərik ki, Suqovuşan qəsəbəsinin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik oldu. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və bu doğma məkanın əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi. Müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğur oldu. Bu uğur əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə də səbəb oldu. Həmin vaxt Suqovuşan qəsəbəsindən başqa Talış kəndi də işğaldan azad edildi. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.

Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan ordusu dərin mənəvi-psixoloji sarsıntı yaşamağa başlayır. Düşmənin bundan sonra gözü qorxmuşdu və bundan sonrakı dövrdə - oktyabrın 3-dən müharibənin son dəqiqələrinə qədər Ermənistan ordusu qorxu içində idi. Təsadüfi deyil ki, həmin vaxt Ermənistan ordusunda on mindən çox fərari meydana gəlir. Onlar görürdülər ki, Azərbaycan ordusunun qabağında dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi.

Ümumiyyətlə, 3 oktyabr 2020-ci ildə “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” xəbərini “Twitter” səhifəsində paylaşan Prezident, Ali Baş Komandan İlham Əliyev daha sonra isə Madagizin tarixi adının bərpa edildiyini, bundan sonra Suqovuşan adlandırılacağını bildirdikdə artıq düşmən uduzduğunu hiss etmişdi. Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması hər birimizdə böyük qürur hissi doğurdu, bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırdı. Hərbi ekspertlərin bildirdiyinə görə, Ermənistan hərbçilərinin işğalından azad edilən bu ərazi Ağdərə və Sərsəng su anbarı istiqamətində xüsusi önəm daşıyan yolların nəzarətdə saxlanılmasına əlverişli şərait yaradır.

Bununla bərabər, Suqovuşan yaşayış məntəqəsinin yağı düşməndən alınması cəbhənin həmin istiqamətində böyük bir ərazinin, eləcə də Ağdərənin, habelə digər sahələrin düşməndən təmizlənməsi baxımından Azərbaycan Ordusuna böyük üstünlük yaradır. Ermənistan ordusunun 6-cı dağ atıcı alayının qərargahı da Suqovuşanda yerləşirdi. Məhz həmin alayın ordumuzun uğurlu əməliyyatı nəticəsində darmadağın edilməsindən sonra Suqovuşan işğalçılardan təmizləndi. Beləliklə, Ağdərə və Ağdam şəhərlərini birləşdirən əsas təminat yolu Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Deməli, bununla da düşmənin əsas müdafiə xətti olan Ağdərə–Ağdam xəttinin mühasirəsinin reallaşmasında mühüm bir üstünlük əldə edildi. Suqovuşan yaşayış məntəqəsinin azad edilməsi, həm də düşmənin Tərtər rayonuna buradan zərbələr endirməsinə son qoydu. Hərbi ekspertlərin bildirdiyinə görə, bundan sonra Ağdərə və Ağdam istiqamətində mövqe tutan işğalçı ordu uzun müddət duruş gətirə bilməyəcək. Şübhəsiz ki, Suqovuşanın yuxarıda qeyd edilən böyük hərbi-strateji əhəmiyyəti ilə bərabər, eyni zamanda, mühüm iqtisadi önəmi də var. Bununla bağlı bəzi məqamlara diqqət yetirək. Sərsəng və Suqovuşan su anbarları enerji təyinatlı anbarlardır. Sərsəng su anbarı 50 mqvt, Suqovuşan-1 su anbarı 4,8 mqvt və Suqovuşan-2 su anbarı isə 3

mqvt gücə malikdir. Həcmi ən böyük olan su anbarı isə Sərsəngdir. Bu, yalnız Qa-rabağda deyil, ümumiyyətlə, Ermənistan da daxil olmaqla ən böyük su anbarıdır. Suqovuşan su anbarının strateji əhəmiyyəti olduqca vacib məsələ idi. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, Sağ və Sol Sahil magistral kanalları vasitəsilə həyata keçirilib. 25 ildən artıqdır ki, su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülürdü.

Prezidentin bir il sonra Suqovuşana tarixi səfəri çox guman ki, indiki səriştəsiz erməni hakimiyyətində və qorxaq ordusunda təkrar xof yaradıb. Bu başa düşüləndir. Düşmən bilir ki, işğaldan azad olunan hər bir Azərbaycan torpağına bundan sonra göz dikmək olmaz. Çünki “Dəmir Yumruq” yerindədir.

İlkin Bəşirov,

Salyan rayon Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Mədəniyyət