Azərbaycan xalqını öz qələbəsinə qovuşduran böyük siyasət

Azərbaycan xalqını öz qələbəsinə qovuşduran böyük siyasət

Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti sayəsində torpaqlarımızın qısa müddətdə - 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımızda böyük sevinc və qürur hissi yaşatdı. Artıq Vətən müharibəsi zəfərlə yekunlaşıb, düşmən diz çöküb və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. İşğal altında olan rayonlarımızın hər birinin düşməndən təmizlənməsi əslində, özü-özlüyündə tarixi qələbədir. Bununla belə, Ağdamın, Kəlbəcərin və Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir.

Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.

Təbiidir ki, bu gün yaşadığımız qələbənin və uğurlu siyasətin təməli Ulu öndərimiz Heydər Əliyevdən başlayır. Siyasi baxşılarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu fenomen şəxsiyyətin 1993-cü ildə yenə də xalqın çağırışına cavab verərək Azərbaycanın idarəçilik sükanı arxasına keçməsi, çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərməsi xalqımızı vətəndaş müharibəsindən, ən əsası müstəqilliyimizin itirilməsi təhlükəsindən qurtardı. Nəticə etibarilə bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Heydər Əliyev Azərbaycanın taleyinin sınağa çəkildiyi zamanlarda xilaskarlıqdan başlamış, müstəqil dövlətimizin yaradılması kimi şərəfli missiyanı uğurla, uzaqgörənliklə, müdrikliklə yerinə yetirdi.

Müstəqil ölkəmizin memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bu gün Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan yüksəlir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş günündən sonra tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfər oldu.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra Ermənistan tarixinin ən ağır, ən çətin günlərini yaşayır. Bütün neft-qaz kəmərləri, nəqliyyat xətləri, dəmir yolu- hamısı Ermənistandan yan keçdi. İqtisadi cəhətdən artıq bizimlə rəqabət apara bilməyən Ermənistanda yoxsulluq və səfalətin miqyası getdikcə genişlənir. Lakin işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yəni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin

imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir.

Rəfiqə Ağabəyli,

Salyan Tarix Diyarşünaslıq Muzeyinin direktoru
Mədəniyyət