Vətən müharibəsi tariximizin şanlı səhifəsidir
- 31.08.2021, 21:17,
- Gündəm / Siyasət
- Baxılıb: 242
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən tarixi şəhərimizin, Qarabağın tacı olan əzəli torpağımız qədim Şuşanın işğaldan azad edilməsinin ardınca, böyük Qələbənin qazanılması Azərbaycan xalqının tarixində yeni bir əbədi tarix yazdı. Bu Qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının 30 ildən sonra azad edilməsini reallaşdırdı, bir milyona yaxın soydaşımızın çoxillik Vətən həsrətinə və nisgilinə son qoydu. Prezident İlham Əliyevin bu tarixi Qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqeyi xalqımıza, o cümlədən hər birimizə böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Ordusunun qəhrəman əsgər, çavuş, gizir, zabit və generallarının yüksək peşəkarlığa, qibtə olunacaq Vətən sevgisinə malik olduğunu bütün dünya əyani şəkildə gördü. Digər tərəfdən, əsrlərlə yalanı, riyakarlığı dövlət strategiya və taktikasının əsası hesab edən mənfur Ermənistanın, onun qaniçən, ikiüzlü rəhbəri Nikol Paşinyanın və erməni xalqının iç üzünü bütün dünyaya göstərdi. Nəhayət, beynəlxalq ictimaiyyət anladı ki, Azərbaycan xalqı haqq işi uğrunda apardığı mübarizədə tam haqlıdır. Eyni zamanda, bu Qələbədən sonra Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və bir sıra nüfuzlu beynəlxalq təşkilatların haqqın, ədalətin qorunmasında və bərpasında qeyri-fəal və bitərəf qaldığını, bir çox hallarda isə haqqı nahaqqa verdiklərini tam sübut etdi. Həmçinin regional problemlərin həllində qonşu ölkələrin oynadığı mühüm rolu önə çəkdi. Bu zəfər, habelə dünyada artmaqda olan böhranların və regional toqquşmaların müsbət həllində Türkiyə-Rusiya münasibətlərinin əvəzolunmaz rolunu və dəyişməz mövqeyini əsaslı şəkildə təsdiq etdi. Prezident İlham Əliyev bir neçə gün əvvəl Mərkəzi Tibbi Klinikada müalicə olunan hərbi qulluqçularımızla görüşündə qeyd etdiyi kimi, bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları həmişə minnətdarlıq hissi ilə xatırlayacaq, dövlətimiz onların müalicə edilib tez bir zamanda sağalması və dinc həyata qayıtmaları üçün hər şeyi edəcəkdir.
Başqa bir məqamı qeyd edək ki, Azərbaycan illərlə DQ münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddət ərzində ölkəmizin haqq səsi qulaqardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı. Azərbaycanın uzun illər münaqişənin sülh yolu illə həllinə çalışdığı bir vəziyyətdə təcavüzkar Ermənistan isə mütəmadi hərbi təxribatlarla danışıqlar prosesini pozmağa cəhd edirdi. Əlbəttə ki, bu da gözlənilən idi. Çünki, Ermənistan faktiki olaraq dünya ictimaiyyəti tərəfindən heç bir təzyiqə məruz qoyulmurdu və bu, Ermənistanı öz hərbi cinayətlərini davam etdirməklə yanaşı yeni ərazi iddiaları ilə çıxış etməyə cürət edəcək qədər azğınlaşmağa sövq etmişdi. Daim danışıqlar yolu ilə münaqişənin dinc yolla həllinə tərəfdar olan Azərbaycan bunun mümkün olmadığı halda torpaqlarımızı işğaldan azad etmək üçün öz hüquqlarından istifadə edərək güc yolu ilə torpaqlarımızı azad etmək iqtidarında olduğunu da dəfələrlə beynəlxalq tribunalardan bəyan etmişdir. Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər belə bir zamanda, xüsusilə Fransanın ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışması, Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də, məhz Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Amma hər halda erməni tərəfi üçün məğlubiyyət qaçılmaz idi və müharibənin başladığı 44 gün ərzində onlar Azərbaycanın hərbi-siyasi gücü qarşısında aciz vəziyyətə düşdülər. Bununla da Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu. Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri puça çıxdı. Sözsüz ki, qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi əsas rol oynadı. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqları azad etdi. Müharibədən sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığının şahidi oldu. Bunun nəticəsidir ki, bu gün dünyanın əksər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaqda davam edirlər. Bəli, xalqımıza belə bir qələbəni, sevinc hissini yaşadan, görkəmli dövlət xadimi olan cənab İlham Əliyev oldu. Çünki, cənab Prezidentin müdrik addımları sayəsində şanlı Ordumuz hər il gücləndi, lazımi təminatları həyata keçirildi. Müharibədən əvvəl Türkiyə-Azərbaycan hərbçilərinin keçirdikləri birgə təlimlər, məhz ordumuzun çevik, döyüşkən bir orduya çevrilməsinə səbəb oldu. Sözsüz ki, bütün bu kimi amillər qələbəmizi şərtləndirən əsas səbəblər oldu. 44 gün davam edən və Azərbaycanın parlaq qələbəsi ilə nəticələnən Vətən müharibəsi şanlı tariximizin parlaq səlnaməsinə çevrildi. Ona görə də Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızı ürəkdən təbrik edib, hər kəsə cansağlığı, firəvan həyat və xoşbəxt gələcək arzu edirəm. Qarabağ Azərbaycandır! Bəli, 44 gün davam edən zəfər savaşından sonra Qarabağ əbədi və əzəli sahibinə qaytarıldı və işğalçı Ermənistan məğlub olduğunu etiraf etməli oldu. Bu parlaq qələbə şanlı tariximizin silinməz səhifəsinə çevrildi və bizim bir xalq olaraq iradəmizi, qətiyyətimizi ortaya qoydu. 27 sentyabrdan 10 noyabra kimi baş verənlər bir daha onu sübut etdi ki, Azərbaycanın apardığı mübarizə haqq mübarizəsidir, ədalətin təntənəsidir. Bütün bunları əsas tutaraq bu tarixi qələbəni xalqımıza yaşadan Ordumuzu, Ali Baş Komandanı və xalqımızı ürəkdən təbrik edib, hər kəsə sülh, firəvan həyat arzulayıram.
Xəlilov Elçin Ağası oğlu
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru