Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir

  • 14.03.2022, 12:08,
  • ---
  • Baxılıb: 132
Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir

Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycan təkcə regionda deyil, dünyada baş verən siyasi proseslərdə əsas rol oynayan ölkələrdən birinə çevrilib. Demokratik inkişaf yolunda qətiyyətli addımlarını atan Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub.

Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir. Azərbaycan hakimiyyətinin ölkədə demokratik dəyərlərin möhkəmlənməsi ilə bağlı qətiyyətli və ardıcıl mövqeyi xalqın ümumi iradəsinin milli maraqlar ətrafında birləşdirilməsi kimi çox mühüm amillərə meydan açıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib və 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar siyasi sistemdə keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlıq mərhələsinin başlanmasını şərtləndirib. Milli həmrəyliyə və sağlam siyasi münasibətlərə xidmət edən bu dialoq Azərbaycanda demokratiyanın inkişafında, siyasi, iqtisadi azadlıqların qorunmasında, ölkəmizin güclənməsində mühüm rola malikdir. 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verilib. Ölkədə aparılan inqilabi islahatların davamı olan 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar azad və ədalətli seçkilər ölkəmizin demokratik quruculuq tarixində yeni səhifə açıb və parlament seçkiləri bir daha təsdiq edib ki, Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti Azərbaycan xalqının iradəsini tam şəkildə ifadə edir və növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdən ibarət olub. Yeni Azərbaycan Partiyası üzvlərinin parlamentdə yerlərin əksəriyyətini əldə etməsi Prezident İlham Əliyev başda olmaqla, YAP-a bəslənən böyük ümid və etimadı bir daha ifadə edib. Parlament seçkilərindən sonra formalaşan qanunverici orqanda aparılan islahatlar yeni siyasi konfiqurasiyanın yaranması baxımından mühüm əhəmiyyətə malikdir. 2020-ci il martın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirilib. Dövlətimizin başçısı parlamentdə dərin məzmunlu çıxışında beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib, altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib: "Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir".

Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat verib. Bəyan edib ki, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Bu, əslində, seçkilərin tanınması deməkdir.

Prezident İlham Əliyevin çıxışında qaldırdığı məsələlər sırasında çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması iqtidarla müxalifət arasında gedən dialoqun müsbət müstəvidə tamamlandığının göstəricisidir.

"Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz",- deyən dövlətimizin başçısı qeyd edib ki, Prezident Administrasiyasının nümayəndələri bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. İndiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır: "Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır".

İslahatların həm konseptual, həm də struktur xarakteri daşıdığını bildirən dövlətimizin başçısı diqqətə çatdırıb ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, nazirliklərdə, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirilib: "Bəzi yerli icra orqanlarında müşahidə olunan biabırçı mənzərə bütün xalqımızı hiddətləndirir. Bundan sonra da təmizləmə işləri aparılacaqdır, həm mərkəzi, həm də yerli icra orqanlarında, bütün dövlət qurumlarında. Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə dövlət işində işləmək istəyirsə, onun niyyəti də, əməlləri də təmiz olmalıdır. Əgər hansısa bir adam özündə bu xüsusiyyətləri görmürsə, o, dövlət işindən getsin, sabah bədbəxt olmasın".

Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Prezident İlham Əliyev qeyd edib ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar: "Ona görə yeni tərkibdə formalaşan Milli Məclis mənəvi cəhətdən qüsursuz olmalıdır. Çünki bizim əsas islahatlarımızın mahiyyəti də budur. Əgər bizim vətəndaşlar yaxından baxsalar görərlər ki, siyasi sahədə, struktur islahatları, kadr islahatları, vəzifələrə gətirilən kadrlar təmizdirlər. Yəni, onların arxasında heç bir, necə deyərlər, mənfi iz yoxdur. Milli Məclis də, onun deputatları da bu meyarlara cavab verməlidirlər".

Dövlətimizin başçısı proqram xarakterli çıxışında Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb: "O təşkilatlarda ki, bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır. Qərəzli yanaşmanı ifşa etmək lazımdır. Necə ki, mən daim bunu edirəm və kifayət qədər faktlar var. Bunu demək üçün siyasətçi olmaq lazım deyil. Adi vətəndaş bunu görür televiziyada. Baxın, bizə demokratiyadan dərs vermək istəyənlər hansı cinayətlər törədirlər. Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir.

Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu ciddi vəzifələrin əməli həllinə nail olmaq, Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə, müəyyənləşdirilən hədəflərin gerçəkləşməsinə öz töhfəsini vermək üçün ötən iki il ərzində yeni tərkibdə uğurla fəaliyyət göstərən Milli Məclisdə normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, ölkəmizin sosial-iqtisadi, siyasi inkişafı ilə bağlı bir çox qanunlar qəbul olunub, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda beynəlxalq əməkdaşlıq əlaqələri genişləndirilib.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi - "Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq".

Cavanşir Piriyev
Balakən rayonu Katex kənd bələdiyyə sədri
Mədəniyyət