Xankəndidə keçirilən parad ilə Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu

  • 12.11.2023, 19:47,
  • Gündəm
  • Baxılıb: 36
Xankəndidə keçirilən parad ilə Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu

Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində qazanılan Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Dünya ictimaiyyəti bu dəfə də “Qarabağ Azərbaycandır!” reallığının şahidi oldu. Silahlı Qüvvələrimizin Azərbaycan Respublikasının Dövlət Bayrağını və Şuşa şəhərinə sancılan Zəfər Bayrağını, ardınca Azərbaycan Ordusunun və qoşun növlərinin, lokal xarakterli antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələrin döyüş bayraqlarını Xankəndi şəhərinin mərkəzi meydanına gətirmələri hər bir soydaşımızı qürurlandırdı. Bu unudulmaz mənzərə Azərbaycanın dünyada qalib ölkə olduğunu bir daha təsdiqlədi. Xankəndəki hərbi parad həm Ermənistana, həm də onun havadarlarına növbəti mesaj oldu: “Bir də başınızı qaldırıb Azərbaycan ərazisinə soxulmaq istəsəniz, aqibətiniz bundan da pis olacaq. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Heç bir dövlət də Azərbaycanın daxili işlərinə qarışa və ərazisinə göz dikə bilməz”.
Son 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət sayəsində onun verdiyi vədləri layiqincə yerinə yetirdiyinin şahidi olmuşuq. İşğal altında olan ərazilərimizin azad edilməsi, keçmiş məcburi köçkün soydaşlarımızın doğma ata-baba yurdlarına qayıdacaqları barədə vədi hər kəsə xəyal kimi görünürdü. Çünki həmin dövrdə Azərbaycan beynəlxalq aləmdə təklənir, Ermənistanın isə havadarlarınn sayı getdikcə artırdı. İyirmi il əvvəl belə mürəkkəb və çətin bir dövrdə cənab İlham Əliyev Prezident kimi andiçmə mərasimində söz vermişdi ki, gün gələcək, biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Həmin gün yetişdi. Artıq işğal altında olan torpaqlarımız düşməndən azad edilib. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycanın ərazisi tam bərpa edildi. İndi işğaldan azad edilmiş bütün ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Xankəndi paradı şanlı Zəfərimizin pik nöqtəsi oldu.
Əlbəttə ki, bütün bunların əsasını siyasi və iqtisadi sahədə aparılan uğurlu islahatlar təşkil edir. Siyasi müstəvidəki düşünülmüş strategiya nəticəsində dünya birliyi artıq Azərbaycanın haqlı tərəf olduğunu dərk etdi. İqtisadi sahədəki uğurlar isə islahatların aparılmasına, xüsusilə ordu quruculuğunun inkişafına, yeni hərbi hissələrin yaradılmasına, Silahlı Qüvvələrimizin müasir tipli silah-sursatla təmin olunmasına imkan yaratdı: “Yeri gəlmişkən, xalqımızı Qələbəyə aparan əsas amillərdən biri ordu quruculuğunun bir nömrəli vəzifə kimi qarşıya qoyulması oldu. Ordumuzun maddi-texniki, silah-sursatla təchizatı, döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdir. Silahlı Qüvvələrimizin dünyanın 50 ən güclülərindən biri olması döyüş meydanlarında da özünü nümayiş etdirdi. Cari ilin oktyabr ayının 15-də Prezident İlham Əliyevin Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldırması ölkəmizin suverenliyinin tam şəkildə bərpa edildiyinin dünyaya nümayişinin bariz nümunəsi oldu. Dörd il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş nazirinin çıxışı zamanı təkəbbürlə “Qarabağ Ermənistandır və nöqtə” deməsinə layiqli cavab verildi: “Qarabağ Azərbaycandr və nida”.
Dövlət başçısı cənab İlham Əliyev Xankəndi paradındakı çıxışında düşmənə və onun havadarlarına ciddi mesaj verərək qeyd etdi ki, Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, Xankəndi şəhərində təşkil olunmuş parada nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik.


Faiq Abdullayev,
Salyan rayon Marışlı kənd tam orta məktəbin hərbi rəhbəri,
Vətən müharibəsi iştirakçısı
Mədəniyyət