Xankəndi şəhərində keçirilən hərbi parad tarixi əhəmiyyət kəsb edir

  • 12.11.2023, 19:46,
  • Gündəm
  • Baxılıb: 39
Xankəndi şəhərində keçirilən hərbi parad tarixi əhəmiyyət kəsb edir

2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam edən Vətən müharibəsi möhtəşəm Zəfərimizin əldə olunması ilə nəticələndi. Müzəffər Ordumuzun göstərdiyi şücaət, diplomatik müstəvidə qazanılmış Qələbə Ermənistanın məğlubiyyətini qaçılmaz etdi. Ermənistan ordusunun hərbi qulluqçularının döyüş meydanından qaçması düşmənin qorxaq mahiyyətini bir daha nümayiş etdirdi. Nəticə etibarilə, Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistan üçtərəfli 10 noyabr Bəyanatını imzalayarkən Qarabağdan çıxmasını üzərinə vəzifə olaraq götürdü, ancaq, 3 ilə yaxın müddət ərzində bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticədə cari ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Rəşadətli Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərərək strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Qarabağda yaradılmış qondarma separatçı rejim ləğv olundu, Azərbaycan öz ərazisində tam suverenliyini bərpa etdi.
Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad ölkəmizin gücünü, hərbi qüdrətini nümayiş etdirməklə həm Ermənistana, həm də ermənilərin bütün dünyada olan havadarlarına daha bir ciddi mesaj oldu. Bu hərbi parad bir daha təsdiq etmiş oldu ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi məqsədilə 2003-cü ildən bu günə qədər qəbul olunmuş hər bir qərar, bu istiqamətdə atılmış hər bir addım son dərəcə düzgün və effektli olub.
Prezident İlham Əliyev 20 il bundan əvvəl ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öz xalqına söz vermişdi ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün əlindən gələni edəcək və bir gün Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracaq. Bu gün artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və digər bütün işğaldan azad edilən ərazilərimizdə qürurla dalğalanır və bütün xalqımıza böyük fəxarət hissi yaşadır.
Xankəndi şəhərində keçirilən paradda etdiyi çıxışında cənab Prezident İlham Əliyev demişdir: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir.”
Dövlətimizin başçısı çıxışında işğal dövründə Ermənistanın destruktiv mövqeyi, sülhə maraqlı olmaması barədə danışarkən bildirdi ki, Azərbaycan tərəfinın çağırışlarına əməl edilsəydi, müharibəyə ehtiyac qalmazdı.
Cənab Prezident çıxışında 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğunun davam etdirildiyini vurğulayıb: "İkinci Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq".
Beləliklə, Ermənistan tərəfi cənab Prezident İlham Əliyevin Xankəndi paradında səsləndirdiyi bəyanatlardan nəticə çıxarmalı, revanşist mövqeyinə son qoyaraq sülh müqaviləsini imzalamalıdır.

Cəmalə Sadıqova,
Salyan rayon Xocalı kənd ibtidai məktəbin direktoru
Mədəniyyət