Qələbəyə aparan əsas amillər

  • 12.11.2023, 19:55,
  • Gündəm
  • Baxılıb: 59
Qələbəyə aparan əsas amillər

Noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad Azərbaycanın ərazi bütövlüyünün bərpasını vurğulayan və Azərbaycan hökumətinin uğurlarını göstərən yüksək rəmzi hadisədir. Bu hərbi parad ölkəmizin gücünü, hərbi qüdrətini bir daha nümayiş etdirdi. Eyni zamanda da bu güc nümayişi Ermənistana və bu ölkənin bütün dünyada olan havadarlarına növbəti ciddi mesaj oldu. Möhtərəm Prezidentimizin öz çıxışında dediyi kimi, Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qururlarsa, onlar bilməlidirlər ki, heç bir qüvvə ölkəmizi təhdid edə bilməz. Azərbaycan dövləti Vətən müharibəsindən sonra da ordu quruculuğu işini yüksək effektivliklə davam etdirir və ölkəmizə qarşı istənilən hərbi təxribat cəhdi qarşı tərəf üçün ağır nəticələrə gətirib çıxara bilər.
Həmçinin qeyd olunmalıdır ki, bu hərbi parad cənab Prezident İlham Əliyevin 2003-cü ildən bu günə qədər torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaq məqsədilə qəbul etdiyi hər bir qərarın, bu istiqamətdə atdığı hər bir addımın son dərəcə düzgün və effektli olduğunu bir daha təsdiq etdi. Cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra öz xalqına söz vermişdi ki, bir gün müqəddəs üçrəngli Bayrağımızı işğal altında olan torpaqların hər bir guşəsində qaldıracaq. Möhtərəm dövlət başçımız indiyədək hər kəlmə sözünə olduğu kimi, bu vədinə də əməl etdi. Bu gün artıq müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə və bütün digər ərazilərimizdə qürurla dalğalanır və bütün xalqımıza, bütün dünya azərbaycanlılarına ən böyük xoşbəxtlik və qürur hissi yaşadır.
Xankəndi şəhərində keçirilən hərbi paradda Ali Baş Komandan cənab İlham Əliyev hərbçilər qarşısında çıxış edərək bu tarixi hadisənin əhəmiyyətindən, xalqın döyüş əzmindən danışdı. Cənab Prezident 44 günlük Vətən müharibəsində Şuşa əməliyyatını dəyərləndirərkən alınmaz qala sayılan Şuşanın yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad edilməsinin hərbçilərimizin peşəkarlığı və fədakarlığı sayəsində qazanıldığını bildirdi. Ali Baş Komandan cənab İlham Əliyev torpaqlarımıza göz dikən düşmən qüvvələrə səslənərək bir daha bu sözlərlə mesaj verdi: “Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır”.
Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu dövrdə Ölkə Prezidenti cənab İlham Əliyev xalqa etdiyi bütün müraciətlərində daim deyirdi ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. Çünki ilk vaxtlarda hələ sülh danışıqlarına müəyyən ümidlər olsa da, illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Münaqişənin nizamlanması ilə məşğul olan vasitəçilər isə, faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar. Buna görə də 2003-2020-ci illər ərzində Azərbaycanda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə intensiv hazırlıq işləri gedirdi. Dövlət başçımızın həyata keçirdiyi balanslaşdırılmış məqsədyönlü xarici siyasətin nəticəsi olaraq, ilk növbədə beynəlxalq hüquq müstəvisində Azərbaycanın mövqeləri möhkəmləndirildi. Artıq bütün dünya bilməyə başlamışdı ki, haqlı tərəf məhz Azərbaycandır. Həmçinin ölkəmizdə iqtisadi sahədə həyata keçirilən islahatlar imkan verdi ki, Azərbaycan müstəqil iqtisadiyyata sahib olsun. Ordu quruculuğu prioritet vəzifə kimi müəyyən edildi. Maddi-texniki təchizat, müasir silahların alınması, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və əlbəttə ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət başçımızın bu sahədə strategiyasının əsasını təşkil etdi. Xankəndidə keçirilən paradda etdiyi çıxışında cənab Ali Baş Komandan demişdir: “Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir.”
2020-ci ilin 8 noyabr tarixində qədim Azərbaycan şəhəri olan Şuşa işğaldan azad edildikdən bir gün sonra Ermənistan faktiki özünün kapitulyasiya aktını imzalamalı oldu və yalnız bundan sonra Azərbaycan hərbi əməliyyatları dayandırdı. Halbuki, o zaman bizim Silahlı Qüvvələrimiz Xankəndinə çox yaxın idilər. Hətta bəziləri müharibənin dayandırılmasından narazı idilər. Lakin zaman özü göstərdi ki, dövlət başçımızın qəbul etdiyi bu qərar son dərəcə müdrik və yeganə düzgün qərar idi. Müharibənin 2020-ci ilin 10 noyabrında dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Bununla, cənab Ali Baş Komandan faktiki olaraq minlərlə gəncimizin həyatını xilas etmiş oldu. Çünki həmin ərazilər hərbi əməliyyatlarla azad edilsəydi, şəhidlərimizin sayı daha çox ola bilərdi.
Müharibədən sonrakı üç il ərzində Azərbaycan ordu quruculuğu prosesini daha da sürətləndirdi. Silahlı Qüvvələrimiz Qarabağ bölgəsində vacib olan məntəqələrə yerləşdirildi, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədi nəzarətə götürüldü. Lakin Ermənistan öz silahlı qüvvələrinin hissələrini Azərbaycan ərazilərindən nəinki çıxarmadı, əksinə, onlara həmin vaxt dövlətimizin nəzarətində olmayan Laçın-Xankəndi yolu ilə əlavə qüvvələr, silah-sursat, minalar göndərməklə məşğul oldu. Hətta son üç il ərzində keçirilmiş uğurlu hərbi əməliyyatlar da Ermənistana dərs olmadı. Bundan sonra Azərbaycan əməli tədbirlər görmək məcburiyyətində qaldı. İlk növbədə bu ilin aprel ayının 23-də ölkəmiz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq özünün ərazi bütövlüyünü tam bərpa etdi. Təbii ki, dövlətimiz ölkə ərazisində qanunsuz silahlı birləşmələrin və hansısa qondarma separatçı rejimin mövcudluğuna daha 30 il göz yuma bilməzdi. Buna görə də sentyabr ayının 19-da Azərbaycan antiterror tədbiri keçirdi. Düşmən bir gündən də az davam edən əməliyyat nəticəsində təslim oldu, Qarabağda separatçılığa birdəfəlik son qoyuldu və Azərbaycan bütün ərazisində tam suverenliyini bərpa etdi.


Zamiq Əsgərov,
Salyan şəhəri, Qarabağ qazisi

Mədəniyyət