Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

  • 12.11.2023, 19:54,
  • Gündəm
  • Baxılıb: 36
Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, ordunun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksək olması hər zaman prioritet idi. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki bazası gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bütün bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı!
2020-ci ilin 27 sentyabr günü Azərbaycanın haqq yolunda səfərə çıxdığı, haqq uğrunda ayağa qalxdığı gün kimi tarix salnaməmizə silinməz izlərlə həkk olundu. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması, səbrimizi daşıran son damla oldu və müharibəni qaçılmaz etdi. 27 sentyabrda başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görülməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.
Xalqımız bu gün müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayır. Vətən müharibəsində qazandığımız qələbə xalqımızın torpaq həsrətinə son qoydu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində ölkəmiz tarixi ədaləti bərpa etdi. Azərbaycan bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. İkinci Qarabağ müharibəsində ən əsas məqamlardan biri Azərbaycan xalqı ilə Ali Baş Komandan birliyi oldu. Xalq Prezidentin ətrafında bir yumruq kimi birləşərək ordumuza böyük dəstək verdi. Rəşadətli Azərbaycan Ordusu döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.
Azərbaycan 44 günlük tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin etdikdən sonra torpaqlarımızda yaşayan erməni əsilli sakinlərin təhlükəsizliyi, bölgədə sülhün təmin olunması üçün bütün imkanlardan istifadə etsə də, nə qədər sülhpərvər və humanist siyasət yürütsə də, Ermənistan himayə etdiyi bölgədəki silahlı birləşmələri Azərbaycan ərazisindən çıxartmadı, dəfələrlə qarşı tərəfə şans verildi ki, sakit şəraitdə separatçıların bölgədən çıxarılması təmin olunsun. Ancaq Ermənistan və onun Xankəndində yaratdığı qondarma rejim buna məhəl qoymaq istəmədi və tarixi ərazimizdə qanunsuz erməni hərbi birləşmələrinin mina terroru nəticəsində Azərbaycan vətəndaşlarının şəhid olması rəsmi Bakını qəti tədbirlər görməyə vadar etdi. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirərək separatçı qüvvələrin hərbi təyinatlı obyektlərini, uzunmüddətli atəş nöqtələrini məhv etdi. Azərbaycan ordusunun bir sutkadan da az davam edən antiterror tədbirləri zamanı verilən tapşırıqları yüksək peşəkarlıq və dəqiqliklə həyata keçirməsi nəticəsində düşməni ağır məğlubiyyətə uğradaraq “ağ bayraq” qaldırmağa vadar etdi. Azərbaycan bu əməliyyatları uğurla başa çatdıraraq bölgənin əbədi təhlükəsizliyini təmin etdi, bununla da ərazidə təhlükəsizliyi qoruyan hərbçilərin, polislərin, öz doğma yurd-yuvalarına qayıtmış dinc sakinlərin həyatı üçün təhlükələr də tam aradan qalxmış oldu.
8 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında lokal antiterror tədbirlərinin uğurla keçirilməsindən danışaraq bildirib: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı.”
Antiterror tədbirlərinin nəticəsində Azərbaycan bütün ərazilərində öz suverenliyini tam bərpa etdi. 15 oktyabr tarixində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdıqdan sonra dövlət başçısı xalqa müraciətində “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək” fikirlərinin davamı olaraq onu da böyük əminliklə bildirdi ki, nəyi demişəmsə, onu da etmişəm: “Bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın.”


Tural Kərimov,
YAP Salyan rayon təşkilatı Dövlət Aqrar İnkişaf Mərkəzi ƏPT-nın sədr müavini
Mədəniyyət