Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!

  • 24.02.2024, 16:57,
  • Siyasət
  • Baxılıb: 487
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!

Azərbaycan XXI əsrin ilk onilliklərində öncələr qarşısına qoyduğu milli ideyanı böyük uğurla reallaşdırdı. Avrasiyada yeganə dövlət oldu ki, torpaqlarını işğaldan azad edib ərazi bütövlüyünə nail oldu və suverenliyini tam olaraq təmin etdi. Bu zəfər bütövlükdə cəmiyyəti yeniləşdirdi. İndi dövlət və cəmiyyət olaraq yeni tarixi mərhələyə keçid ərəfəsindəyik. Yeni mərhələ tarixi xarakterlidir. Orada da mütləq qələbə qazanılmalıdır. Həmin qələbəyə aparan yol isə 7 fevralda keçiriləcək növbədənkənar Prezident seçkisindən başlayır. Azərbaycan xalqının mütəşəkkil şəkildə seçkidə iştirak edəcəyinə şübhə yoxdur. Seçkilər tam demokratik şəraitdə keçiriləcək. Hər bir seçici məsuliyyətlə seçkidə iştirak etməlidir. Məsələ Azərbaycanın müstəqilliyi və inkişafı ilə birbaşa bağlıdır.
Hər seçkinin əsas hədəfi olur. Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkisinin də başlıca hədəfi müstəqil dövlət quruculuğunu yeni səviyyəyə yüksəltmək üçün ölkədə sabit mühitin davam etməsi əsasında inkişaf etməkdən ibarətdir.

Bu, indiki mürəkkəb geosiyasi şəraitdə asan məsələ deyildir. Azərbaycana olan müxtəlif təzyiqləri də nəzərə almaq lazım gəlir. Deməli, Azərbaycan üçün yüksək idarəetmə qabiliyyətinə və sarsılmaz iradəyə sahib, müdrik və milli Prezident lazımdır. Bu keyfiyyətlərə ən yüksək səviyyədə Prezident İlham Əliyev malikdir! Bunun ən yaxşı sübutu İlham Əliyevin fəaliyyətində əldə etdiyi uğurlardır. Onlar çoxdur və hər birinin Azərbaycanın müstəqilliyinə, milli dövlətçiliyinə böyük töhfəsi danılmazdır. Belə bir milli liderə hər bir Azərbaycan vətəndaşı yüksək ruhla səs verməlidir.

Aparılan sosioloji sorğular göstərir ki, Azərbaycan seçicilərinin 97 faizi İlham Əliyevə səs verməyə hazırdır! Yalnız İlham Əliyevə səs verək! Prezidentin bundan sonra da dövlətimizi və millətimizi yüksək zirvələrə aparacağına qətiyyən şübhə yoxdur! Bu yüksəlişə, inkişafa, bütövlüyə və əzmkarlığa səs verək!

2003-cü ildən başlayan keçilmiş yola nəzər saldıqda İlham Əliyevin hansı zəhmət, qətiyyət və məqsədyönlülük hesabına Azərbaycanı zirvələrə yüksəltdiyini görmüş olarıq. Buraya Prezidentin çoxaspektli fəaliyyətinin bütün incəlikləri daxildir. İdarəetmədə islahatlar, sosial-iqtisadi inkişaf, insanların həyat səviyyəsinin davamlı olaraq artması, ordunun gücləndirilməsi, müdafiə qüdrətinin dəfələrə artırılması, neft strategiyasının ardıcıl surətdə milli maraqlara uyğun həyata keçirilməsi əldə edilən nailiyyətlərin yalnız bir qismidir.

İlham Əliyev dövlət başçısı və xalqın lideri kimi bütün istiqamətlərdə Azərbaycanda inkişafı təmin etdi. Burada Prezidentin şəxsi keyfiyyətləri ciddi rol oynayır. Ekspertlər də vurğulayırlar ki, hər şeydən öncə, İlham Əliyev böyük liderlik məktəbi keçib. Ulu Öndər İlham Əliyevi güclü lider kimi formalaşdırıb. İlham Əliyevin siyasi-diplomatik məharəti, peşəkar səviyyədə idarəetməni və digər dövlət başçıları ilə ünsiyyət qurmağı diqqəti çəkir. Mütəxəssislər vurğulayırlar ki, nadir müasir siyasi liderlər öz ünsiyyətcilliyi ilə maraq yaradırlar. İlham Əliyev isə Avrasiya məkanında qələbə gətirən siyasi fəaliyyəti ilə seçilir. Əsasən də Azərbaycan Prezidentinin xarici liderlərlə danışıqlarda nümayiş etdirdiyi ünsiyyət mədəniyyəti, məntiqi əsaslılığı və ədalətli mövqeyi diqqəti çox çəkir. İndi bir çox ölkələrin insanları "bizim də belə liderimiz olsaydı", deyirlər. Hətta düşmən Ermənistanın vətəndaşları da İlham Əliyev kimi dövlət başçılarının olmasını xəyal edirlər. Onlar xüsusilə Nikol Paşinyanla müqayisədə Azərbaycan Prezidentinin çox yüksəklərdə olduğunu etiraf edirlər. Azərbaycanın dövlət kimi bu üstünlüyünün davam etməsi üçün İlham Əliyevə səs verilməlidir! Bu, hər bir vətənpərvər Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir! Həm də ona görə ki, tarix bizə belə bir şansı verib! Bunun nə demək olduğunu xəyalən də olsa, keçən əsrin 90-cı illərinə qayıdanda daha dərindən hiss edirik.

Heç kəsə sirr deyil ki, həmin o qanlı-qadalı mərhələdə azərbaycanlılar bədbin, özünə inamsız vəziyyətdə idilər və dövlətin fəaliyyət dinamikası minimuma enmişdi. Azərbaycanı ikinci parçalanma təhlükəsi gözləyirdi. Xarici düşmənlər və onların daxildəki qulbeçələri bunun üçün əllərindən gələni edirdilər! Lakin müdrik Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xalqın təkidi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev ölkənin, insanların və dövlətin xilaskarı oldu! Qısa bir müddətdə Ulu Öndər Azərbaycana təcavüzü dayandırdı, sabitlik yaratdı və quruculuq işlərini yeni bir məcraya yönəltdi. Azərbaycan artıq 1995-ci ilə sabit bir ölkə kimi daxil oldu.

XXI əsrdə müstəqil dövlətçiliyin memarı: İlham Əliyev fenomeni!

Sonrakı təcrübə göstərdi ki, Ulu Öndər eyni zamanda gələcəyin liderini yetişdirib. İlham Əliyev həmin dövrdən dövlət işlərində çalışır və təcrübə toplayır, Heydər Əliyevin rəhbərliyi ilə siyasətin sirlərinə daha dərindən və geniş surətdə yiyələnirdi. 2000-ci ili Azərbaycan bunların sayəsində nailiyyətlərlə qarşıladı. Ölkə artıq enerji siyasətini yeni səviyyəyə yüksəltmiş, daxili və xarici siyasətdə ciddi uğurlar əldə etmişdi. Bütün bunlar 2003-cü ildən başlayaraq İlham Əliyevin rəhbərliyi ilə yeni səviyyədə inkişaf etməyə başladı.

İlham Əliyev Ulu Öndərin siyasi varisi kimi fəaliyyətə başlamışdı. Bu, Azərbaycanda müstəqil dövlət quruculuğunun milli maraqlar üzərində davam edəcəyi demək idi! Bu, Azərbaycanın güclü iqtisadi sistemə, sosial rifaha və demokratik yaşam tərzinə malik olacağı demək idi.

Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində vurğulamışdı ki, "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"! Həmin sözlər sadəcə şüar deyildi – böyük siyasət xadiminin vəsiyyəti, tövsiyəsi və inamını ifadə edirdi! İlham Əliyev bu etimadı tamamilə doğrultdu! Etibarlı, inamlı, əsl milli liderə səs verməliyik! Bu, bizim gələcəyimizin inamlı, inanclı və nikbin olması üçün mütləq şərtdir! Qətiyyətli və yüksək zəkalı dövlət başçısı İlham Əliyevdir! Ona alternativ yoxdur!

2008-2014-cü illərdə postsovet məkanında meydana gələn böhranları bir də xatırlayaq. Gürcüstan vuruldu, Ukrayna çətin vəziyyətə salındı və ərazisinin bir qismi işğal edildi. Ermənistan, ümumiyyətlə, müstəqil dövlət kimi formalaşa bilmədi. Onun sosial-iqtisadi problemləri ilə yanaşı, geosiyasi seçimi də dalana dirəndi. İrəvan indi də nə edəcəyini müəyyənləşdirə bilmir. Başına gah Rusiya, gah Fransa, gah da ABŞ ağalıq edir.

Bundan başqa, 2008-ci ilə qədər Azərbaycanın enerji strategiyasının qarşısına çoxlu maneələr çıxarmağa çalışdılar. Təxribatlar, süni yeni şərtlər, geosiyasi əngəllər oldu. Lakin İlham Əliyev bir neçə dəfə Gürcüstana səfər edərək həm qonşu ölkəyə yardımlar etdi, həm də enerji strategiyasını qətiyyətlə davam etdirdi!

Prezidentin bu istiqamətdə Türkiyəyə və Avropa ölkələrinə səfərləri də yaddaşlardadır. Hər səfər özü ilə yeni uğur gətirirdi. Buna görə də İlham Əliyevin qısa bir müddətdə bir neçə istiqamətdə enerji marşrutlarını işə salması tarixi nəticə idi. Bu səviyyədə ölkə maraqlarını təmin edən liderə səs vermək gərəkdir!

İlham Əliyev iqtisadi inkişafla yanaşı, ardıcıl olaraq ordu quruculuğunu inkişaf etdirirdi. Çünki həmin mərhələ üçün ərazi bütövlüyünü təmin etmək milli ideya kimi prioritet idi. Ordunu gücləndirmək həm ordunun hərbi-texniki təchizatını təmin etmək, həm də mübariz, peşəkar əsgərlər yetişdirmək demək idi. İlham Əliyev böyük məharətlə Azərbaycan ordusunun silahla təminini həyata keçirdi. Alınan müasir və yüksək dəqiqliyə malik silahlar hər gün Azərbaycan ordusunun döyüş imkanlarını artırırdı. Nəticədə, Azərbaycan ordusu nəinki Qafqazda, hətta dünyada güclü ordular sırasına daxil oldu.

Lakin kənar maneələr hələ də güclü idi və hər fürsətdə Azərbaycanı öz torpaqlarını azad etmək işindən yayındırmağa çalışırdılar. Ancaq İlham Əliyevin liderlik və diplomatik məharəti bütün maneələri aşdı. Azərbaycan sürətlə inkişaf etdi. Bakının Avropa İttifaqı ilə münasibətləri bərabərhüquqlu qarşılıqlı faydalılıq prinsipi üzrə quruldu. Bu zaman Azərbaycan müstəqilliyini tam qoruyub saxladı.

Beynəlxalq təşkilatlardakı uğurlar: Azərbaycan Prezidenti nümunə göstərir!

Prezident İlham Əliyev Aİ-yə ölkəmizin əməkdaşlıq paketini təqdim etdi. Və hazırda münasibətlər həmin təkliflər üzərində qurulmaqda davam edir. Faktiki olaraq, İlham Əliyev Qərb diplomatiyasını məğlub etdi. Rusiyanı çıxmaq şərtilə yalnız Azərbaycan Avropa ilə bərabərhüquqlu tərəfdaş kimi əlaqələri inkişaf etdirə bilir. Qos-qoca Avropa diplomatiyasına öz şərtlərini qəbul etdirən bir liderə – İlham Əliyevə səs verməliyik!

İlham Əliyevin liderliyinin ən bariz nümunəsi İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi yüksək zəka, yüksək şəxsi keyfiyyətlər və Ali Baş Komandan kimi əldə etdiyi uğurlardır! Azərbaycan məhz İlham Əliyevin rəhbərliyi ilə ağır şərtlər daxilində aparılan döyüşlərdə qalib gəldi. Hər kəs həmin dövrdə İlham Əliyevin bütün istiqamətlərdə qorxmadan, yüksək iradə, qabiliyyət və qətiyyətlə mübarizə apardığının şahididir.

Prezident həm cəbhədə hərbi əməliyyatları idarə edir, həm dövləti idarə edir, həm də xarici dairələrlə informasiya savaşı aparırdı. Onu deyək ki, informasiya savaşı heç də hərb meydanındakı əməliyyatlardan az əhəmiyyətli deyildi. Azərbaycan Prezidentinə çox qərəzli suallar verir, müxtəlif bəhanələr gətirir və göstərmək istəyirdilər ki, Azərbaycan düz yolda deyil. Bütün bunlara İlham Əliyev çox ciddi cavablar verdi və hər sahədə də qalib oldu.

Verilən sualların arxasındakı qərəzləri bir-bir aydınlaşdırdı və jurnalistlər özləri bu işlərindən utandılar. Qısa müddətdə 30-dan çox (!) müsahibə verən İlham Əliyev əsaslı məntiqi və dəqiq fikirləri ilə savaşın əsl məqsədini dünyaya anlatdı. İlham Əliyev Qalib Liderdir! Xalqını Qalib edən Prezidentdir! Ordusunu Qalib edən Ali Baş Komandandır! Yalnız Qalib Prezidentə, Qalib Liderə və Qalib Ali Baş Komandana səs verək!

İlham Əliyev İkinci Qarabağ müharibəsindən Azərbaycanı qalib çıxarmaqla tarixi nailiyyətə imza atmış oldu. Məsələn, bununla 300 ildir davam edən torpaq itkiləri prosesi dayandırıldı. İndi Azərbaycan tarixi torpaqlarını geri qaytarmağı düşünən və bu istiqamətdə hərəkət edən güclü dövlətdir. İndi düşmənlər anlayırlar ki, Azərbaycan torpaqlarını işğal etmək niyyətindən əl çəkməlidirlər. Əks halda, onların özləri torpaq itirə bilərlər. Bu aspektdə onu da vurğulayaq ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfədir ki, de-fakto sülh şəraitində yaşayır. Onun sərhədləri etibarlı qorunur və kimsə müharibə etməyə cəsarət göstərmir. Ermənistan hüquqi olaraq sülh müqaviləsini imzalamağa hazır olanda da bu sənəd imzalanacaq. Bu üstün şəraiti yaradan İlham Əliyevdir – ona səs vermək lazımdır!

İlham Əliyev müstəqil Azərbaycanı tarixdə ilk dəfə olaraq tam suverenlik səviyyəsinə yüksəltmiş dövlət başçısı və siyasi liderdir! Buna nail olmaq olduqca mürəkkəb bir məsələdir. Müqayisə üçün baxaq: Ukrayna suveren deyil və ərazisini işğaldan xilas etməyin yolunu tapa bilmir. Gürcüstan, deyəsən, ümumiyyətlə, ərazi bütövlüyünü və suverenliyini təmin etməyi düşünmür. Onun iki regionu işğal altındadır və rəsmi Tbilisi bütün ərazidə suveren hüququnu təmin etmək imkanından məhrumdur.

Ermənistandan isə danışmağa dəymir. Azərbaycan bu kvazidövləti hərbi cəhətdən darmadağın etdikdən sonra da Ermənistan konstruktiv bir addım ata bilmir. Onun daim gah Qərbə, gah da Rusiyaya yalvarması onu göstərir ki, dövlət olaraq suveren deyil. Və hətta öz ərazisinin təhlükəsizliyini təmin edə biləcəyinə inanmır.

Bunların fonunda Azərbaycan həm regional liderdir, həm də bütün ərazisi üzrə suverenliyini təmin edib. Bu tarixi nailiyyətə imza atmış İlham Əliyev seçkinin qalibi olmalıdır!

Azərbaycanlıların hüquqları: İlham Əliyevin böyük addımı!

Fəaliyyəti müddətində Prezident İlham Əliyevin əldə etdiyi uğurlar sırasında azərbaycanlıların hüquqlarının qorunması məsələsinin aktuallaşması prinsipial yer tutur. Bu, həm toplum kimi, həm də müstəqil dövlət kimi Azərbaycan üçün ən vacib strateji faktorlardan biri olaraq qəbul edilməlidir. Məsələ ondan ibarətdir ki, son 300 ildə azərbaycanlıları aşağılayan, onları süni surətdə hər bir hüquqi situasiyada günahkar çıxaran təhqiredici bir tendensiya hökm sürüb. Rusiya imperiyasında və sonralar SSRİ-də bu, açıq-aşkar özünü göstərirdi. Məcburən azərbaycanlılar fərdi səviyyədə çətin vəziyyətdən çıxış yolları axtarıblar.

Həmin tendensiya müstəqillik əldə edildikdən sonra səngimədi. Xarici təbliğat yenə də bizi hər addımda ittiham edirdi. Hətta işğal edilmiş torpaqlarımızın azad edilməsini belə "azərbaycanlılar terror əməlləri törədiblər" kimi təqdim edirlər. Bundan başqa, ayrı-ayrı ölkələrdə azərbaycanlıların hüquqlarını pozur və bunu təbii hal kimi təqdim edirlər. Belə bir şəraitdə İlham Əliyev çox gözəl istiqamət müəyyən etdi. Prezident azərbaycanlıları həm təşkilatlandırdı, həm də onların hüquqlarını qorumağı qarşıya qoyulan dövləti vəzifələrdən biri kimi genişləndirdi. İlham Əliyev BMT, MDB, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində azərbaycanlıların hüquqlarının qorunmasını, onlara qarşı olan haqsızlıqların aradan qaldırılmasını nəzərdə tutan fəaliyyət proqramını elan etdi. Həmin proqrama görə, dünyanın hansı ölkəsindən asılı olmayaraq Azərbaycan dövləti azərbaycanlıların hüquqlarını qoruyacaq!

Bu bağlılıqda Qərbi Azərbaycan kökənli insanların hüquqlarının qorunması tarixi, siyasi və geosiyasi əhəmiyyət daşıyır. İlham Əliyev ilk dəfə olaraq Qərbi azərbaycanlıların təşkilatını yaratdı və onu yeni səviyyədə təşkil etdi. İndi Qərbi Azərbaycandan olan insanlar öz hüquqları uğrunda uğurla mübarizə aparır və beynəlxalq aləmdə artıq tanınırlar. Təşkilat Prezidentin bir neçə il öncə elan etdiyi "informasiya hücumu" taktikası və strategiyası ilə faydalı addımlar atır. Hər bir sahə üzrə Qərbi Azərbaycanın var olduğu və azərbaycanlıların öz yurdlarına qayıdacağı istiqamətində ciddi işlər həyata keçirilir. İlham Əliyev bu prosesin yaradıcısı və ilhamvericisidir! İlham Əliyevə səs vermək tarixi borcdur!

Türk Dövlətləri Təşkilatı çərçivəsində bu proses daha intensiv və geniş miqyasda aparılır. Türk dövlətləri dünya üzrə türklərin hüquqlarını qorumalıdırlar. Bu ideyanı da İlham Əliyev TDT üzvlərinə rəsmən ifadə etdi. Bununla azərbaycanlıların hüquqları iki səviyyədə – Azərbaycan dövləti və TDT üzvləri səviyyəsində qorunmağa başlandı!

Artıq azərbaycanlılarla əvvəlki saymazyana münasibətlə danışmırlar. Bilirlər ki, arxalarında güclü bir dövlət dayanıb. Vəziyyəti kökündən dəyişmiş bu mübariz dövlət başçısına və liderə hər bir azərbaycanlı səs verməlidir! Çünki o, hər birimizin dünyanın hər yerində layiqli insan kimi yaşamağımıza, səyahət etməyimizə, qonaq getməyimizə var gücü ilə çalışırsa, qiymətini bilməliyik! İlham Əliyev müasir Azərbaycan dövlətçiliyinə Allahın bəxş etdiyi şəxsiyyətdir, dövlət başçısıdır, liderdir! Böyük və güclü liderimizə dəstək olmalıyıq!

Nəhayət, indiki tarixi mərhələdə hər lider üçün əhəmiyyəti olan bir fakt üzərində də dayanmaq lazımdır. Biz qlobal miqyasda nüfuz və hörmət qazana bilən liderliyi nəzərdə tuturuq. Qloballaşma dövrü elə bir vəziyyət yaradıb ki, bütün dövlətlər bir-biri ilə sıx əlaqədədirlər. Ayrıca bir ölkənin digərləri ilə münasibət qurmadan uğurlu olması mümkün deyildir. Yəni, dövlət başçısı mütləq imkan daxilində bütün dövlətlərlə konstruktiv əlaqələr qurmağı bacarmalıdır. Bu aspektdə Avrasiyada İlham Əliyev qədər uğurlu ikinci lider yoxdur. Bunu Prezidentin bir neçə istiqamətdə həyata keçirdiyi proqramlar sübut edir.

İlk öncə, vurğuladığımız kontekstdə İlham Əliyevin enerji strategiyasını bir çox dövlətlərin milli təhlükəsizliyinin təmini ilə məharətlə sintez etdiyini deməliyik. Bu ölkələr Uzaq Şərqdən tutmuş Qərbi Avropaya qədər geniş məkanda yerləşib və onlarladır. Çin, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Şərqi, Cənubi, Mərkəzi və Qərbi Avropanın bir çox dövlətləri buraya daxildir. Həmin dövlətlər, faktiki olaraq, enerji, nəqliyyat və logistika layihələr şəbəkəsi ilə bir-birinə bağlanıblar. Onların hər biri milli təhlükəsizliklərində Azərbaycanın enerji layihələrinin rolunu aydın dərk edirlər. Bunu həyata keçirən İlham Əliyevdir! Azərbaycan Prezidentini Avropada böyük hörmətlə qarşılayır, Yaxın Şərqdə qardaş kimi pişvazına çıxır və beynəlxalq tədbirlərdə böyük diqqətlə dinləyirlər! Belə bir nailiyyəti postsovet məkanı ölkələrindən heç biri qazanmayıb.

Bütün bunları İlham Əliyev yüksək diplomatik məharətlə və həm də regional və beynəlxalq təşkilatlardakı fəaliyyəti ilə əldə edib. Hazırda İlham Əliyev Türk Dövlətləri Təşkilatının ən fəal lideri kimi qəbul edilir. Azərbaycan Prezidenti ölkəsini türk dünyasının ulduzuna çevirib. Liderlər etiraf edirlər ki, Azərbaycan türk dövlətlərini birləşdirə bilir və bunun üçün nümunə göstərir! Faktiki baxımdan Azərbaycan Prezidenti "Bir millət, iki dövlət" formulunu yeni səviyyədə genişləndirməyə nail olub və bütün türk dünyasına aid edib! Bu isə Azərbaycanın müstəqilliyi üçün olduqca vacib faktordur! Böyük türk liderinə səs vermək tarixi, siyasi və dövlətçiliyə sədaqət borcumuzdur!

Son olaraq, onu deyək ki, Azərbaycan yeni tarixi mərhələyə keçib. Qarşıda bizləri çox məsuliyyətli bir dövr gözləyir. Azərbaycan dövlətçiliyini elə inkişaf etdirmək lazımdır ki, dünyanın ən güclü cəmiyyəti və dövlətlərindən biri olsun! Bunu reallaşdıra biləcək yeganə Lider birinci mərhələnin memarı və Qalibi İlham Əliyev ola bilər! Bu tarixi şansı müdrik Azərbaycan xalqı əldən verməyəcək! Xalq İlham Əliyevə, Qalib Prezidentə səs verəcək!

Xeyirli, uğurlu olsun yeni Zəfərimiz!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Tarixi seçkinin qalibi: xalq "Qalib İlham Əliyev" deyir!
Mədəniyyət