Məlum olduğu kimi, Azərbaycan tarixinin taleyüklü siyasi hadisələrindən biri də 2018-ci il aprelin 11-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi idi. Prezident İlham Əliyev verdiyi bu qərar ölkəmizdə hərtərəfli inkişafın yeni keyfiyyət dönəminə qədəm qoymasını şərtləndirmiş, ölkənin demokratik inkişafına əlavə stimul və impuls gətirmişdi.Yeri gəlmişkən, bütün bunlar ölkədə Xalq – Lider tandemini yeni müstəviyə qaldırmaqla, ilk növbədə, cəmiyyətdə milli birliyi yüksək səviyyədə təmin etməyə, o cümlədən bütün qüvvə və imkanları Azərbaycan ərazilərinin işğaldan azad olunmasına səfərbər etməyə yönəldilmişdi. Yeni siyasi islahatlar Vətənimizin iqtisadi baxımdan güclənməsini, daxili siyasi həmrəyliyin yaranmasını, ölkənin beynəlxalq arenada nüfuzunun daha da möhkəmləndirilməsini başlıca hədəf kimi qarşıya qoymuşdu. Qeyd edək ki, əvvəlki seçkilərdə Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident İlham Əliyev növbədənkənar seçkiyə getməklə xalqın yenilənmiş etimadını aparılan siyasətin alternativsizliyinin tədqiqinə, bununla da ictimai məmnunluğu cəmiyyətin modernləşdirilməsinə çevirmək prosesinə meydan açmışdı. Belə ki, növbədənkənar prezident seçkilərinin ən mühüm siyasi yekunu olan Liderə ümumxalq etimadının bir daha təsdiqlənməsi ölkə daxilində islahatları sürətləndirmək üçün dövlət başçısına yeni ruh və əlavə güc gətirdi. Həyatın bütün sahələrini əhatə edən yeniləşmə çevik idarəetmənin qurulması ilə yanaşı, xalqın hakimiyyətə olan yüksək inam və etimadının da göstəricisi oldu. Vurğulamaq yerinə düşər ki, 2003–2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və konkret nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın beynəlxalq mövqeyini yüksək zirvəyə çatdırmışdı. Bütün nüfuzlu beynəlxalq təşkilatlarda Prezident İlham Əliyevin müstəsna diplomatik məharəti və qətiyyəti sayəsində Azərbaycan reallıqları qəbul etdirilmişdi.
Qeyd etmək lazımdır ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi o dövr üçün mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi şəraitində Azərbaycan liderinin nüfuzunu daha da yüksəltdi. Seçkinin tam şəffaf və ədalətli keçirilməsi Azərbaycan Prezidentinin həm daxili, həm də xarici siyasət sahəsində atacağı qətiyyətli addımlara ölkə daxilində və xaricdə böyük dəstək qazandırdı. Nəhayət gözləntilər və mütəxəssislərin proqnozları özünü tam doğrultdu. 2018-ci il aprelin 11-də 8 namizədin qatıldığı seçki marafonunda vətəndaşların 74,3 faizi səsvermədə iştirak etdi. Tam azad və demokratik şəraitdə keçən seçkilərdə İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 faiz) Azərbaycan Prezidenti seçildi. Bu seçki həm də onu göstərdi ki, milli maraqlarımızı vəzifə naminə dəyişməyə hazır olan radikallara Azərbaycanın siyasi səhnəsində yer yoxdur. Xalq seçimi ilə onlara öz yerini göstərdi. Seçkidən dərhal sonra Azərbaycanda idarəçilikdən tutmuş, həyatın bütün sahələrində ciddi dəyişiklik baş verdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ilk növbədə, vətəndaş məmnunluğunun artırılması, sosialyönümlü siyasətlə inqilabi addımlar atıldı, ölkənin bütün sahələrində inkişafın yeni mərhələsi başlandı. Sürətli inkişaf prosesi daxili siyasətdə olduğu kimi, beynəlxalq münasibətlərdə də böyük uğurlara meydan açdı. Bundan başqa, iqtisadiyyatımızın verdiyi geniş imkanlar hesabına Silahlı Qüvvələrimizin maddi-texniki bazası genişləndi, xarici ölkələrdən ən müasir silahlar alınaraq ordumuzun arsenalına daxil edildi. İslahatların dərinləşdirilməsi və təcavüzkar Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsinə son hazırlıq işləri ilə tamamlandı. Sonrakı proseslər onu sübut edəcəkdi ki, 2018-ci ilin 11 aprel seçkisində xalq həm də Azərbaycanın bütövlüyünə, Qarabağın qurtuluşuna səs verdi. Xalq əmin idi ki, ölkəmizin əsas problemi olan torpaqları işğaldan Ulu Öndər Heydər Əliyev strategiyası və unudulmaz liderin özü qədər inandığı İlham Əliyev azad edə bilər. Belə də oldu.
Prezident İlham Əliyevin komandanlığı altında 44 gün ərzində qəhrəman Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad olundu. Ərazi bütövlüyünün bərpası xalqımızın çoxəsrlik tarixində misilsiz nailiyyət kimi təqvimimizi yenidən şərəfləndirdi. Ərazi bütövlüyümüzün təmin edilməsi həm də 30 illik dövr ərzində dövlətimizin daha da güclənməsi üçün aparılan uğurlu islahatların nəticəsi idi.
Qürurla vurğulamalıyıq ki, qalib ölkənin qalib Lideri kimi Prezident İlham Əliyev müasir Azərbaycan tarixinin Zəfər salnaməsini yazdı. Nəhəng iqtisadi layihələrin müəllifi kimi regionun inkişaf simasının dəyişməsinə, formalaşmasına tarixi töhfəsini verən Prezident İlham Əliyev qalib sərkərdə kimi, həm də Cənubi Qafqazda yeni reallıq yaratdı. Bu reallığın adı qüdrətli Azərbaycandır! Bugünkü inkişaf tempinin fonunda diplomatik leksikonunu diktə üzərində quran Azərbaycan dünyada söz sahibi kimi qəbul olunur.
Ən əsası, səsimiz Prezident İlham Əliyevin liderliyi ilə dünyanın ən mötəbər tribunalarından eşidilir. Elə buna görə Prezident İlham Əliyev hər birimiz üçün Azərbaycan deməkdir, Qarabağ Azərbaycan olduğu kimi.
Anar Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Çaykənd kənd ərazi partiya təşkilatının sədr müavini