Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR

  • 04.05.2019, 19:21,
  • Gündəm
  • Baxılıb: 353
Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR


bütün dünya müsəlmanları üçün müqəddəs olan Ramazan ayı gəlir. Oruc tutan şəxsin qidalanma rejimi adi günlərdə qidalanmadan tam fərqlənir. Buna görə də oruc tutmağı asanlaşdırmaq üçün bir müddət əvvəldən bədəni buna hazırlamaq lazımdır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Ramazan ayında sağlam qidalanma ilə bağlı tövsiyələrini paylaşıb.

Agentlikdən bildirilib ki, gün ərzində qəbul edilən qidanın kalorisini azaltmaq və rejimlə qidalanmağa çalışmaq oruc tutmazdan əvvəl bədəninizin yeni qidalanma rejiminə uyğunlaşmasını asanlaşdıracaq.

Əksər insanlar imsak zamanı yeməkdən imtina edirlər. Lakin gün ərzində suya və qidaya olan tələbatı ödəmək üçün imsakda mütləq yemək lazımdır. Bu, oruc vaxtı sizi yorğunluq və halsızlıqdan qoruyar.
İmsakdan yarım saat öncə iki stəkan su içilməsi məsləhətdir. İmsakda daha çox enerjili qidalara üstünlük vermək lazımdır. Lifli qidaların qəbulu qandakı şəkəri tənzimləyir. Bal və mürəbbə isə məsləhət deyil. Çünki qandakı şəkəri ani sürətdə qaldırdığı və endirdiyi üçün orqanizmdə pozğunluq yarada bilər. İmsakda süd, şit pendir, qaymaq və digər ağartı məhsulları, yumurta, şorba, tərəvəz, yarma plovu kimi yeməklər yeyilə bilər. Yeməklərlə birlikdə təzə meyvə və ya qoz, badam kimi quru qidaların qəbul edilməsi enerji və mineral baxımından dəstəkləyici ola bilər. Ümumiyyətlə, bədəndə su saxlayan qidalara daha çox üstünlük vermək lazımdır.
Tünd qara çay və qəhvə kimi kofeinli içkilər içməyin, bitki çaylarına, az şəkərli kompotlara üstünlük verin. Əgər səhər düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olarıq.

Orucu ilıq su ilə açmaq lazımdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar.

Yeməyə ilk olaraq sulu yeməklərdən başlamaq məsləhətdir. Menyuda ət, ətli tərəvəz yeməklərinə yer verilməlidir. Ətli tərəvəzli yeməkləri bişirərkən yağ əlavə etməyin, yalnız ətin öz yağında bişməsinə üstünlük verin. Ümumiyyətlə, bu ayda çox yağlı və duzlu yeməklərin qəbul edilməsi məsləhət görülmür. İftar süfrənizdə tərəvəz salatlarına yer verin, bu salatları zeytun yağı ilə zənginləşdirə bilərsiniz. Yeməkdən 1-2 saat sonra meyvələrdən, xüsusilə mövsümi meyvələrdən hazırlanan qidaların qəbulu daha düzgün seçim olar.

İftar zamanı normadan artıq və fasiləsiz qida qəbul etmək ziyandır. Hətta gecədən səhər saatlarına kimi yeyən insanlar da var. Bu, tibbi baxımdan düzgün sayılmır. İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkəri və təzyiqin yüksəlməsinə səbəb olur. Uzun müddət ac qalan mədəni qəfildən yükləməyin, kiçik hissələri yaxşıca çeynəmək şərti ilə yavaş-yavaş və uzun müddətə yeyin.

İftardan 1,5-2 saat sonra gəzməyiniz həzmə köməklik göstərəcək, zəifləyən metabolizmanızı sürətləndirəcək. Bu da çəkinizin artmasının qarşısını alacaq. Yatmazdan öncə qatıq yemək məsləhətdir. Bu, bədəndə suyun saxlanmasını tənzimləyir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.(publika)
Mədəniyyət