Bolqarıstanla Azərbaycan müstəqil şəkildə yaxınlaşır

  • 10.05.2024, 09:02,
  • Gündəm
  • Baxılıb: 268
Bolqarıstanla Azərbaycan müstəqil şəkildə yaxınlaşır

Bildiyimiz kimi, cari ilin may ayının 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlmişdir. Bu səfər səmərəli siyasi dialoq kimi tarixləşdi. Qarşılıqlı inam və etimad əsa¬sında formalaşmış Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji ¬ və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb.
Bolqarıstan Avropa ölkəsidir, Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatının üzvüdür. Bu ölkə şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.
Hələ SSRİ dövründə Bolqarıstan və Azərbaycanın iqtisadi-ticari əlaqələri olub. 1970-ci illərin sonunda bu ölkənin kommunist lideri Todor Jivkov Azərbaycana səfərə də gəlib. Müasir dövrü götürsək, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində iki ölkə arasında əlaqələr sürətlə və uğurla inkişaf edib. Son illərdə iki dövlət arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. İki ölkənin enerji sektorundakı əməkdaşlığının bugünkü səviyyəsi qənaətbəxşdir və müsbət perspektiv vəd edir.
Bolqarıstan Azərbaycanın təbii qaz satdığı 8 ölkədən biridir və qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının bu ölkəyə ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilib. 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr olub. Rəsmi məlumatlara görə, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir;
Bundan başqa, Bolqarıstan Azərbaycanın qazının nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq və Bolqarıstan Azərbaycan qazından fayda götürəcək.
Səfər çərçivəsində Bolqarıstan Prezidenti Rumen Radevlə Azərbaycan Prezidenti cənab İlham Əliyev arasında bir sıra sənədlər də imzalanıb. Bu sənədlər “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”; “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”; “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”ndan ibarətdir.
Qeyd etdiyimiz kimi, Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. O zaman Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsinin 6 ayı yenicə tamam olmuşdu. 1999-cu ildə isə Bolqarıstanın Bakıda səfirliyi, 2005-ci ildə isə Azərbaycanın Sofiyada səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. İndiyədək iki ölkə arasında 60-dan çox sənəd imzalanıb.
Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.
İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Həm Slovakiya, həm də Bolqarıstanla imzalanan birgə bəyannamələr, əməkdaşlıq sazişləri bir də o baxımdan əhəmiyyətlidir ki, hər iki ölkə Avropa İttifaqının və NATO-nun üzvüdür. Azərbaycanın belə ölkələrlə əməkdaşlığı, dostluq münasibəti saxlaması dövlətimizin strateji planına daxildir. Bir də işin ortasında tərəflərə qarşılıqlı mənfəət vəd edən ticarət anlaşmaları varsa, bu, Azərbaycanın Avropa ölkələri ilə daha da yaxınlaşmasını təmin edən amil deməkdir.

Nurtən Qədirli,
Salyan rayon Qarabağlı-2 tam orta məktəbin müəllimi
Mədəniyyət