Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir

  • 10.05.2024, 09:01,
  • Gündəm
  • Baxılıb: 297
Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qeyd etmək lazımdır ki, Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdır. Ötən bu illər ərzində ölkələrimiz arasında əlaqələr sürətlə və uğurla inkişaf edib.
Mayın 8-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə olacaqdır. Bolqarıstan Prezidentinin ölkəmizə səfəri ilə əlaqədar Prezident cənab İlham Əliyevin mətbuata verdiyi bəyanatda qeyd olunur ki, hazırda Azərbaycan ilə Bolqarıstan arasında fəal siyasi dialoq var və bu dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələr genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin. Səfər çərçivəsində imzalanmış mühüm sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” müəyyən edilmiş hədəflərə daha tez çatmağın yollarının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan-Bolqarıstan əlaqələrində əsas istiqamətlərdən biri məhz energetika sahəsini əhatə edir. Keçən il Bolqarıstan bazarına 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı nəql edilmişdir. Halbuki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Aparılmış hesablamalar onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğuladı ki, hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə də ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Bu isə Bolqarıstanın təbii qaz nəqlində vacib tranzit ölkəyə çevrildiyinin göstəricisidir. Azərbaycan bu gün Bolqarıstanla “yaşıl enerji kabeli” layihəsi istiqamətində də çox fəal iş aparır. Ölkəmiz bu istiqamətdə də böyük potensiala malikdir və bu potensial Azərbaycanın digər strateji tərəfdaşları kimi, Bolqarıstanın da enerji təhlükəsizliyinin təminatına önəmli töhfələr verəcək.
Məlumdur ki, Bolqarıstan uzun illər davam etmiş Qarabağ münaqişəsi dönəmində obyektiv mövqe tutub. Bu ölkə ardıcıl olaraq ədalətli yanaşma sərgilədi, münaqişənin ərazi bütövlüyü çərçivəsində həll olunması prinsipindən çıxış etdi. Bu, təbii ki, həmin dövr üçün Azərbaycanın haqq işinə böyük dəstək idi. Eləcə də Şərqi Zəngəzur və Qarabağ işğaldan azad edildikdən sonra Bolqarıstanın Ayrı-seçkiliyə Qarşı Müdafiə Komissiyasının sədri Ana Cumalıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Ağdam şəhərində oldu və orada törədilən vandalizm aktlarını birbaşa öz gözləri ilə gördülər. Ümumiyyətlə, iki ölkənin dostluğuna böyük təkan verən amil dövlət başçıları səviyyəsində təşkil olunan səfərlərdir. Səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan səmimi dialoq münasibətlərimizni indiki səviyyəyə çatmasına geniş zəmin yaradıb. Xüsusilə 2015-ci ilin mart ayında Prezident İlham Əliyevin Bolqarıstana baş tutan rəsmi səfəri və imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Eləcə də dost ölkənin Prezidenti Rumen Radevin 2017-ci ildə Azərbaycana səfəri əlaqələrimizin inkişafında əhəmiyyətli rola malik olub.. İnanırıq ki, Bolqarıstan Prezidenti cənab Rumen Radevin ölkəmizə budəfəki səfərinin də nəticələri uğurlu olacaq, ikitərəfli əməkdaşlığı yeni sahələr üzrə daha da genişləndirəcək. Strateji tərəfdaşlığın gücləndirilməsi, texnoloji innovasiya və digər sahələrə aid sənədlərin imzalanması bu qənaətə gəlməyə əsas verir.
Cənab Prezident İlham Əliyev mətbuata Bəyanatında həmçinin iki ölkə arasında əməkdaşlığın gələcək inkişafına dair fikirlərini bildirərək qeyd edib ki, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşil enerji sahəsində çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışılacaqdır.
Beləliklə, Azərbaycan və Bolqarıstan arasında tərəfdaşlığın əlaməti olaraq bir sıra sahələrdə mühüm sənədlər imzalandı. Bəyanat zamanı imzalanan sənədlər, müzakirə edilən mövzular, prezidentlərin çıxışları iki ölkə arasında strateji əməkdaşlığın güclənməsi və iki ölkənin bir-birinə olan etimadın, güvənin göstəricisidir.

Gülşən Əzizova,
Salyan şəhər 5 saylı uşaq bağçasının müdiri


Mədəniyyət