Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib. Görkəmli oftalmoloq-alim səmərəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə yüksək səviyyədə qiymətləndirilib. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb. Zərifə Əliyeva respublikada yüksək ixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır. Zərifə xanım Əliyevanın adı hər zaman böyük fəxrlə, qürur hissi ilə çəkilir. Əməlləri ilə insanlığın zirvəsində dayanan Zərifə xanım Əliyeva yalnız peşə borcunu yerinə yetirməklə kifayətlənməmiş, torpağını, xalqını, Vətənini sevən bir vətəndaş kimi üzərinə düşən vəzifələrə layiqincə əməl etməyə, yaşadığı illəri silinməz izləri ilə ictimaiyyətə təqdim etməyə, ən əsası, sağlığında əfsanəyə çevrilərək yaratdığı məktəbdən neçə-neçə nəslin bəhrələnməsinə çalışıb. Gözlərə nur paylayaraq insanları yenidən həyata bağlayan Zərifə xanım seçdiyi peşəsinin dərinliklərini öyrənməklə, yeni müalicə metodlarını araşdırmaqla bu prinsipi fəaliyyətinin əsasına çevirib: “Gözlər qəlbin aynasıdır” deyirlər. Bu aynanın daha da şəffaflaşması üçün Zərifə xanım əldə etdiyi biliklə, təcrübə ilə kifayətlənməyərək daim yeniliklər axtarışında olub. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Bu səbəbdən Zərifə Əliyeva təhsilini Moskva şəhərində Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirmiş və ixtisasartırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıtmışdır. Zərifə xanım Əliyeva oftalmologiya tarixinə zəngin səhifələr yazıb. Onun səhiyyənin inkişafına verdiyi töhfələr, bu sahədə böyük xidmətləri daim yüksək dəyərləndirilib. Görkəmli alimin qazandığı hər bir titul böyük səylərin, yorulmaz və fədakar zəhmətin, insanlara sonsuz sevginin nəticəsi idi. Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın alimdir. Zərifə xanım Əliyevaya insanların sevgisini şərtləndirən əsas amil mərhəmət, xeyirxahlıq, vətənpərvərlik kimi ali dəyələrin vəhdətini fəaliyyətində birləşdirməsi idi.
Zərifə xanım elmi fəaliyyəti ilə yanaşı, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı kimi də bir nümunə yaradıb. O, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olaraq daim dahi liderə dəstəyini göstərib. Nəticədə bu xoşbəxt ailənin hər bir üzvü dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipinə çevirərək böyük məktəb yaradıb. Dahi şəxsiyyət Heydər Əliyev ömür-gün yoldaşı ilə bağlı xatirələrində bildirib ki, Zərifə xanım kimi həyat yoldaşım olduğuna və məhz onun ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə həmişə özümü xoşbəxt hiss etmişəm. Ümummilli Lider eyni zamanda qeyd edib ki, Zərifə xanım çox böyük alim olub. O, çox istedadlı, xeyirxah, sadə insan idi. “Zərifə xanım Əliyeva Azərbaycana qalibiyyət sevincini yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən bəhrələnən Prezident İlham Əliyev hər bir uğurunun təməlində milli ruhun, vətənpərvərlik ruhunun əsas amil kimi dayandığını məqsədyönlü və titanik fəaliyyəti ilə bir daha təsdiqləyir.
Bu gün Zərifə xanım Əliyevanın yüksək humanizm və insanpərvərlik ənənələrini Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva davam etdirir. Mehriban xanım Əliyeva Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun prezidenti kimi dahi şəxsiyyətin xidmətlərinin gənc nəslə çatdırılmasında biri-birindən önəmli layihələrin müəllifidir.
Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq bildirir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışdı, bir qadın və ana kimi ideal obraz yaradaraq xalqın qəlbində daim yaşayır, ehtiramla yad edilir.
Tünzalə Əsədova,
“Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin poliklinika şöbəsinin müdiri