Elə insanlar var ki, onların həyatını başqaları özünə ideal həyat seçir, belə insanlara oxşamağa çalışır, onları özləri üçün nümunə sayırlar. Dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva bu qəbildən olan insanlar sırasında yer alır. Biz onun timsalında Azərbaycan qadınlarının ümumiləşmiş obrazını görürük. Zərifə xanım Əliyevanın portret cizgiləri, mənalı həyatı və fəaliyyəti qadınlarımızın zərifliyini və fədakarlığını təcəssüm etdirir.
Akademik Zərifə Əliyeva Azərbaycanda peşə oftalmologiyasının əsasını qoyub.
Həyatını çətin, ancaq hər kəsə gərək olan tibb sahəsi ilə bağlamış Zərifə xanım Əliyeva sonradan bu sahədə çoxillik səmərəli fəaliyyəti, fundamental axtarışları ilə Azərbaycan tibb elminə çox mühüm yeniliklər gətirdi. Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, hətta bütünlükdə respublika üçün mühüm məsələyə çevrilmişdi. Göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini məhz traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etdi. Zərifə Əliyevanın traxoma xəstəliyi ilə bağlı apardığı elmi axtarışlar və səmərəli praktiki fəaliyyəti bütün respublika miqyasında böyük maraqla izlənilirdi. Gənc alim tezliklə Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi seçildi. O, paralel şəkildə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri apardı. 1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.
Zərifə xanım peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərini dünyada ilk araşdıran alimlərdən olmuş, əslində, elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoymuşdur. Dünyada bu sahədə ilk elmi tədqiqat laboratoriyasını da məhz o yaratmışdır. Zərifə xanım, həmçinin apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalə və monoqrafiya çap etdirib. Zərifə xanım Əliyevanın tədqiqatlarının mühüm bir istiqaməti yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərlə bağlı idi. Elmi tədqiqatların nəticəsi olaraq Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirməyə nail oldu. “Xroniki yod intoksikasiyasında oftalmologiya” mövzusunda yazdığı növbəti monoqrafiya 1981-ci ildə işıq üzü gördü. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir və bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.
Zərifə xanım Əliyevanın həyatında pedaqoji fəaliyyət də mühüm yer tutur. O, heç bir halda özünü sırf elmi axtarışlara qapanan bir alim kimi təsəvvür etmirdi. Zərifə xanım özü gecə-gündüz öyrəndiyi kimi, həm də bildiklərini başqalarına öyrətmək istəyirdi.
1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsi alan alim bir qədər sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Zərifə xanım Əliyeva elmi axtarışları ilə yanaşı, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə geniş pedaqoji iş aparırdı. Ümumiyyətlə, Zərifə xanım davamçılarının çox olmasını arzulayırdı. Gözəl müəllim olan Zərifə xanım illərlə əldə etdiyi bilikləri həvəslə həkimlərə çatdırmağa böyük səy göstərirdi. Onun rəhbərliyi ilə bir çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir.
Peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə Zərifə xanım Əliyeva SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatına - SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü. Professor Z.Əliyeva həm də həmin mükafatla təltif edilən ilk qadın alim idi. Bütün bunlar onun elmi araşdırmalarının beynəlxalq səviyyədə də yüksək qiymətləndirilməsinə bariz sübutdur.
Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə Əliyevanın əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır.
Fikrət Məlikov,
Salyan rayon sakini, həkim-terapevt