İnsanları qaranlıqdan işığa daşıyan alim

  • 14.04.2023, 17:44,
  • Gündəm
  • Baxılıb: 166
İnsanları qaranlıqdan işığa daşıyan alim

Bu il aprelin 28-də mərhəmətli insan, qayğıkeş ana, gözəl həkim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Dünya şöhrətli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın taleyi, tərcümeyi-halı çox sadə, başqalarından fərqlənməsə də, neçə-neçə insanın dünyaya nurlu baxışında yaşayan əməllərinin dəyəri ölçüyəgəlməz dərəcədə qiymətlidir. Zərifə xanım Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, onlarla elmi monoqrafiyanın müəllifi, bir zamanlar kütləvi yayılan qlaukomanın etimologiyası, tibbi deontologiya, iridodiadiaqnostika məsələləri üzrə həkim kimi özünü təsdiqləmişdir.
Bir ömür boyu gözlərə nur verən, xal¬qın, millətin sağlamlıq qayğıları ilə yaşamış Zərifə xanım Əliyevanın tibb sahəsində və xüsusilə oftalmologiya sahəsində elmə verdiyi sanballı töhfələrdən və yaratdığı dəyərlərdən bu gün və gələcəkdə də daim insanların sağlamlığı üçün istifadə olunacaqdır.
Akademik Zərifə xanım Əliyeva tibb sahəsində yüksək nailiyyətlər qazanmış, yüksək titullara layiq görülmüş, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitabın müəllifi olmuşdur. Zərifə xanım 1954-cü ildə unudulmaz dahi şəxsiyyət Heydər Əliyevlə xoşbəxt bir ailənin təməlini qoyaraq, birlikdə əsl ailə etalonu yaratmışdır və bu gün zərif, həssas qadın, meh¬riban ömür-gün yoldaşı, qayğı¬keş ana kimi hamı tərəfindən qürurla anılır.
Azərbaycanın tibb tarixində özünəməxsus yeri olan təcrübəli həkim Əziz Əliyevin ailəsində dünyaya gələn Zərifə xanım Tanrının Azərbaycan xalqına bəxş etdiyi nurlu əllər sahibi olmasını qısa, şərəfli ömür yolu ilə təsdiqləmişdir. Elm aləminə dəyərli yeniliklər gətirməklə intellektual səviyyəsi, biliyi, fitri istedadı, cəmiyyətdəki mövqeyi, çalışdığı kollektivdəki səmimiyyəti ilə də fərqlənən Zərifə xanım barədə ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevin demişdir: “Azərbaycann xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.
Zərifə xanımın həyat yolu, elmi axtarışları, səhiyyənin oftalmologiya sahəsinə gətirdiyi yeniliklər bu gün də nümunə göstərilə biləcək qədər dəyərli, zəngin olub. Seçdiyi peşəsini humanizm ilə təcrübənin vəhdətində təkmilləşdirən, xəstələrinə ana, bacı kimi qayğı göstərən, ən başlıcası isə qadın şəfqəti, ana nəvazişi ilə yanaşan Zərifə xanım Böyük Vətən müharibəsinə təsadüf edən tələbəlik illərində belə Bakııdakı hərbi hospitallarda müalicə olunan xəstələrə, yaralılara yardım göstərmişdir. Onu tanıyanlar deyirdilər ki, Zərifə xanım təkcə savadı ilə deyil, mərhəməti, nəvazişi ilə də xəstələrə həyat, yaşamaq uğrunda mübarizədə yardımçı olurdu.
Ana kimi övladlarını Vətənə məhəbbət ruhunda böyütmüş, Azərbaycan xalqını dünyada tanıdan, adı məşhur liderlərlə qoşa çəkilən Prezident İlham Əliyev kimi lideri xalqımıza bəxş edən Zərifə xanım ən səmimi sözlərə, hörmətə layiq Azərbaycan qadını kimi ölkəmizdən kənarlarda belə ad–san qazanıb. Məsul vəzifələrdə çalışan Ulu Öndər Heydər Əliyevə layiq həyat yoldaşı olmaq, onunla çiyin-çiyinə addımlamaq üçün ən azı onun yüksəldiyi zirvənin yarısını qət etmək bacarığına malik olmaq lazım idi. Zərifə xanım davranışı, səmimiyyəti, qayğıkeşliyi ilə bu zirvəni də fəth etmiş, dəyanəti ilə Şərq qadınlarına məxsus keyfiyyətləri şəxsində birləşdirən ömür-gün yoldaşı olduğunu sədaqəti ilə bildirmişdir.
Zərifə xanım fəaliyyəti dövründə həyatını daim insanların sağlamlığına həsr etmiş, dünya işığından məhrum olmuş gözlərə nur vermiş, öz fitri istedadı, yüksək zəkası və şəfalı əlləri ilə insanları daim qaranlıqdan işığa daşımışdır.
Zərifə xanım Əliyeva birmənalı olaraq qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq və yüksək hörmət və ehtiramla daim anılacaqdır.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Mədəniyyət