Tarixə və müasir dövrün reallıqlarına nəzər yetirdikdə lider amilinin xalqların intibahı və dövlətlərin inkişafında müstəsna rola malik olduğunu görürük. Hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan da bu baxımdan istisna deyil. İnkaredilməz həqiqətdir ki, müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı - dahi şəxsiyyətin məqsədyönlü və uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır. Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəlində - tariximizin olduqca mürəkkəb dönəmində, yəni iqtisadi tənəzzülün, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın hökm sürdüyü, Ermənistanın mövcud geosiyasi şəraitdən və ölkəmizin böhran vəziyyətində olmasından istifadə edərək torpaqlarımızı işğal etdiyi bir vaxtda liderlik missiyası yerinə yetirməklə Azərbaycanı məhv olmaq - dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək sabitlik və tərəqqi yoluna çıxardı. Respublikanın inkişafına, milli həmrəyliyin təmin olunmasına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər gördü, böyük tarixi nailiyyətlərə imza atdı və ölkəmizin qarşısında aydın perspektivləri müəyyən etdi.
Ümummilli Liderin xalqımız və dövlətimiz, müasir dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Heç şübhəsiz, ən yeni tariximizin önəmli səhifələrindən və həlledici məqamlarından biri 2003-cü il 1 oktyabr tarixində Heydər Əliyevin xalqa müraciətidir. Ümummilli Liderimiz üzünü həmvətənlərinə tutaraq mühüm bir çağırış etmiş - İlham Əliyevə özü qədər inandığını əminliklə bildirərək xalqı siyasi varisini dəstəkləməyə çağırmışdı. Təbii ki, xalqımız o zamana qədər 34 il ərzində ölkəmizə şərəflə, qürurla rəhbərlik edərək böyük uğurlara imza atmış, Azərbaycanı layiq olduğu inkişaf yoluna çıxarmış Ümummilli Liderin çağırışına səs verərək - Heydər Əliyev siyasətini növbəti dəfə birmənalı şəkildə dəstəkləyərək cənab İlham Əliyevə böyük etimad göstərdi.
Cənab İlham Əliyev 2003-cü il oktyabrın 31-də keçirilən andiçmə mərasimindəki nitqində "Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcək, müasir dövlətə çevriləcəkdir. Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm", - söyləmişdi. Dövlət başçısının ifadə etdiyi kimi, Heydər Əliyev siyasəti uğurla davam etdirildi. İstər daxili, istərsə də xarici siyasətdə çox mühüm nailiyyətlər qazanıldı, qarşıda duran hədəflərin reallaşdırılması Azərbaycanın qüdrətinin artmasını təmin etdi. "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar", - deyən dövlət başçısı Azərbaycanın iqtisadi potensialının, siyasi nüfuzunun artmasını, ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini, milli birliyin güclənməsini təmin etməklə sözünə sadiq və sözü imzası qədər dəyərli lider olduğunu sübuta yetirdi.
Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə dayanıqlı iqtisadiyyatın yaradılması, praqmatik xarici siyasətin və müasir ordu quruculuğunun həyata keçirilməsi, milli həmrəyliyin gücləndirilməsi Azərbaycanın haqq işinin qələbə ilə yekunlaşmasında - tarixi ədalətin və ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynadı. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatına Azərbaycan Ordusunun əks-hücum əməliyyatı ilə layiqli cavab verməsi, "Dəmir yumruq" əməliyyatının uğurla həyata keçirilməsi çoxəsrlik, zəngin və şərəfli dövlətçilik tariximizin parlaq səhifəsidir.
Bu il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.
Daha bir tarixi an isə oktyabrın 15-də - dövlətimizin başçısı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi. Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrinə əbədi həkk olundu. Xankəndi şəhərində keçirilən paradda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışında səslənən fikirlər isə hər birimizdə qürur hissi yaradır: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”
Bir sözlə, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 ildə qazanılan uğurlar və hazırkı reallıqlar Ulu Öndər Heydər Əliyev yolunun alternativsizliyini, Azərbaycanın möhtəşəm nailiyyətlərinin əsasını təşkil etdiyini bir daha təsdiqləyir. Sözü imzası qədər dəyərli olan cənab İlham Əliyev dünyada yeganə dövlət başçısıdır ki, xalqına verdiyi bütün vədləri yerinə yetirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti daha yüksək zirvələr fəth edəcək və böyük uğurlara imza atacaq.
Səidə Əliyeva,
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, YAP fəalı