Ayğün Həsənova: Ulu Öndər bəşəri ideyaları ilə xalqımızın qəlbində yaşayır
- 27.10.2023, 12:43,
- Gündəm
- Baxılıb: 200
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonu Mehdiabad qəsəbəsi 18 saylı uşaq bağçasının müdiri Həsənova Ayğün- Bəşəriyyə mənsub olan ən böyük nemətlər sırasında tarixi şəxsiyyətlər önəmli yer tutur. Tarixi şəxsiyyətlər xalqların talelərinə təsir göstərmək qüdrətinə malik olduğundan onların ideyaları, enerjiləri, fəaliyyətləri ayrı-ayrı dövrlərin inkişaf meyllərini müəyyən edir, tarixin təkanverici qüvvəsi missiyasını yerinə yetirir. Azərbaycan xalqının taleyinə müxtəlif dövrlərdə müstəsna təsir göstərmiş dahi şəxsiyyətlər sırasında Heydər Əliyevin misilsiz yeri olduğu danilmaz həqiqətdir. Azərbaycan xalqının Ümumilli Lideri müasir tariximizə dahi xilaskar, böyük qurucu kimi daxil olub. Azərbaycanın müasir tarixi Ulu Öndər Heydər Əliyevin adı, Onun xilaskar və quruculuq missiyası ilə bilavasitə əlaqədardır.Azərbaycanın çoxəsrlik tarixində bu dövrün xüsusi yeri və rolu ayrıca qeyd olunmalıdır. Öz tarixinin qızıl əsrini keçmişdə axtarmağa adət etmiş bir çox xalqlardan fərqli olaraq Azərbaycanın həqiqi intibahı müasirləri olduğumuz dövrə təsadüf edir. Ötən əsrin 70-ci illərindən başlayan unikal inkişaf və yüksəlişdən tutmuş müstəqil Azərbaycan dövlətinin yaranmasınadək mahiyyət etibarılə əzəmətli epoxa məhz Dahi Öndər Heydər Əliyevin qurtuluş və quruculuq missiyasının məhsulu sayıla bilər.
1969-cu ildə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişi ilə iqtisadi inkişaf əldə edildi, elmi və ədəbi-mədəni intibahın əsası qoyuldu. Bu mənada həmin dövrdən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. Beləliklə, respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradan ulu öndər məhz bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin etdi.
Ulu Öndər Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün olmuşdur. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək.