İlham Əzimov: Bəxtimizin günəşi

  • 18.09.2023, 12:33,
  • Gündəm
  • Baxılıb: 93
İlham Əzimov: Bəxtimizin günəşi

Sağlığında dünyanın ən məşhur siyasətçiləri, ictimai və dövlət xadimləri tərəfindən “canlı əfsanə”, “dahi prezident”, “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” adlandırılan ulu öndər Heydər Əliyev çoxəsrlik dövlətçiliyimiz tarixində, xalqımızın taleyində silinməz izlərini qoyub, zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutub.
Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkəmizdə sürətli inkişafa nail olunub, iqtisadiyyatın, elmin, mədəniyyətin bütün sahələrində coşğun tərəqqi dövrü yaşanıb.

Böyük təşkilatçılıq qabiliyyəti, tükənməz enerji və yüksək nüfuzu ilə Azərbaycanı keçmiş sovetlər məkanında ön sıralara çıxarıb bütün dünyaya tanıdan, Azərbaycan xalqının yüksək mənəvi və intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradan Heydər Əliyevin fəaliyyətinin başlıca məramı Azərbaycanın yüksəlişi, tərəqqisi, xalqın rifah halının daha da yaxşılaşması ilə səciyyələnib.O illərə ekskurs edəndə qətiyyətlə demək olur ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti vardır. Bu da ondan ibarətdir ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli-azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Digər tərəfdən, o illərdə Azərbaycanın əldə etdiyi ən muhum tarixi nailiyyətlərindən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Ümummilli lider o illəri xatırlayarkən deyirdi: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”.
Yeri gəlmişkən bir məqama diqqət yetirək. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə – 1969 – cu ildə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. 1993 – cü ildə yenidən hakimiyyətə gələndə isə Heydər Əliyevə ordusu mənəvi cəhətdən aşınmış, torpaqlarının xeyli hissəsi zəbt olunmuş, əhalisi mənəvi-psixoloji sarsıntı keçirən, yox olmaq təhlükəsi qarşısında qalan Azərbaycan miras qalmışdı. Birinci rəhbərliyi dövründə məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandısa, ikinci dəfə hakimiyyətə gələndə yenə də özünün siyasi uzaqgörənliyi, qətiyyəti, bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi, cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib və onun qəlbində sabaha inam hissi yaratmağı bacardı. Ulu Öndərin qayıdışı ilə Azərbaycan dövlətçiliyinin mövcudluğuna, müstəqilliyinə böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinə son qoyuldu, cəbhədə atəşkəsə nail olundu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Heydər Əiyev ölkəmizin sivil formada dövlətlərarası əlaqələr sisteminə qoşulması istiqamətində uğurlu addımlar atdı. Müstəqilliyin və suverenliyin göz bəbəyi kimi qorunmasını öz siyasətinin ana xətti olduğunu bəyan edən və onu praktik fəaliyyətində reallaşdıran Heydər Əliyev Azərbaycanın müstəqilliyinin qüdrətli təminatı missiyasını uğurla həyata keçirdi. Ölkəmizdə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı.
Məlum olduğu kimi, hər bir müstəqil dövlətin dünya arenasına inteqrasiya etməsində, bu sahədə özünəlayiq yer tutmasında, söz sahibinə çevrilməsində, iqtisadi-sosial-mədəni baxımdan inkişaf etməsində bir sıra faktorlar əhəmiyyətli rol oynayır. Dünya praktikasında qəbul edilmiş nəzəriyyələrə görə, hər bir ölkənin hərtərəfli inkişafında əsas yeri onun iqtisadi potensialı tutur. Lakin bu yalnız nəzəriyyədə belə qəbul edilə bilər. Çünki bir çox ölkələrin geniş iqtisadi imkanları ola bilər. Lakin bu imkanlardan lazımınca yararlanaraq inkişafa nail olmaq hər dövlətə nəsib olmur. Azərbaycan isə müdrik rəhbərimiz Heydər Əliyevin uzaqgörən siyasəti, həyata keçirdiyi ardıcıl, səmərəli iqtisadi-sosial islahatları nəticəsində beynəlxalq aləmdə qeyd etdiyimiz inkişaf səviyyəsinə çatmaq istiqamətində inamla addımlamağa başladı.
1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması, imzalanan digər müqavilələr,onların gerçəkləşdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycanın müasir tarixi Heydər Əliyev dühasından ayrı təsəvvür edilə bilməz. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla yanaşı, həm də yeni dövlətçilik məktəbinin banisinə çevrilib, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoyub.

İlham Əzimov
Bərdədə 28 saylı Yol İstismar İdarəsinin müdiri
Mədəniyyət