Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın diplomatik uğurudur

  • 09.06.2023, 15:58,
  • Gündəm
  • Baxılıb: 95
 Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın diplomatik uğurudur

Dünyada soyuq müharibələrin getdiyi və beynəlxalq hüququn ayaqlar altına atıldığı bir zamanda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın diplomatik qələbəsidir. Yerləşdiyimiz regionun coğrafi mövqeyini, təbii sərvətlərinin zənginliyini, şərqdən Xəzər, qərbdən Qara dənizlə əhatələndiyini nəzərə alaraq deyə bilərik ki, Cənubi Qafqaz hər bir imperialist dövlətin sahib olmaq istədiyi bölgələrdəndir. Xüsusilə regionda Ermənistan və İran kimi ölkələrin yerləşdiyini nəzərə alsaq görərik ki, Şuşa Bəyannaməsi Azərbaycanın suverenliyini təhdid edənlərin qarşısında qalxan rolunu oynayır. Bunu söyləməyə isə əsas var. Belə haqlı olduğumuz təqdirdə, torpaqlarımızı işğaldan azad edərkən demək olar ki, bütün dünya qarşımızda "Çin səddi" çəkdi. BMT-nin qəbul etdiyi qətnamələrə başda Fransa olmaqla bir çox ölkə tərəfindən hörmət qoyulmadı. Türkiyə daxil olmaqla barmaqla sayılacaq ölkələr ədalətli mövqedən çıxış edərək İkinci Qarabağ müharibəsində Azərbaycanın haqlı mübarizəsini dəstəklədi. Qazanılmış çətin Zəfərin memarı olan Ali Baş Komandan İlham Əliyev, postmüharibə dövründə Ermənistanda revanşist qüvvələrin baş qaldırmasını, gələcəkdə üçüncü ölkələrin Azərbaycana müdaxiləsi ehtimalını nəzərə alaraq regionda sülhü və təhlükəsizliyi təmin etmək üçün xalqımızın maraqlarına cavab verən Şuşa Bəyannaməsinin imzalanmasına nail oldu. Düşmən döyüş meydanında vurduğumuz fiziki zərbənin şokundan ayılmamış, qədim torpağımız Qarabağın Şuşa şəhərində, Türk dünyasının iki liderinin bir araya gələrək 2021-ci il iyunun 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, ona təkrar zərbə oldu və mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş Günü - 15 İyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Bununla da Türkiyə və Azərbaycan iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlər də daxil olmaqla, 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Şuşa Bəyannaməsi iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasına, xalqların maraq və mənafelərinə xidmət edir. Həmçinin beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayır. Bəyannamədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirilib. Bütün sahələri özündə ehtiva edən sənəddə Azərbaycan üçün ən önəmli sahələrdən biri də hərbi əməkdaşlıq haqqında müttəfiqlikdir. Türkiyə Silahlı Qüvvələri dünyanın ən qabaqcıl ordularından biridir. Xüsusilə qeyd etmək lazımdır ki, NATO kimi nüfuzlu hərbi alyansın ən qüdrətli ikinci ordusu ilə hərbi müttəfiqlik müstəqilliyimizin təminatçısı yolunda böyük uğurdur. Və bu, ölkəmizi daim təhdid edən Ermənistan və İran kimi ölkələrə sözün əsl mənasında göz dağıdır.
Digər bir tarixi məqam isə Bəyannamədə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan bənddir. Sənəddə həmin dəhlizin davamı kimi, Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi də qeyd olunur.

Eldəniz Səttarov,
YAP Göygöl rayon təşkilatı üzrə Köşkü kənd tam orta məktəb ərazi partiya təşkilatının sədri
Mədəniyyət