Qazanılan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düzgün siyasətin nəticəsidir.

  • 21.04.2023, 10:10,
  • Gündəm
  • Baxılıb: 144
Qazanılan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  düzgün siyasətin nəticəsidir.

Prezident İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində bir çox məsələlərə toxundu, müəyyən dairələrə mühüm mesajlar verdi. Dövlət başçısı ötən dövrdə baş verən prosesləri təhlil etməklə yanaşı qarşıda dayanan hədəfləri də göstərdi.
Hazırda dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Bu gün Avropanın enerji ilə təminatında əsas rollardan birini məhz Azərbaycan oynayır. Bütün bu uğurlara isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş, düzgün siyasətin nəticəsidir.
Bu gün doğma Qarabağda yaşayış məskənlərimizi bir-birinə qovuşduran yeni yollar çəkilir, aeroportlar tikilir, “ağıllı kənd” və “ağıllı şəhər” layihələri reallaşdırılır. Həmin bölgələrimizdə elektrik yarımstansiyaları quraşdırılır, hər yer yenidən nura, işığa bürünür. İşğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir infrastrukturun yaradılması, bütün sahələrdə bərpa-quruculuq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsi əsas məqsədlərdəndir.
Qeyd edək ki, son 30 il ərzində regionda əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistan 44 günlük müharibədən sonra da öz təcəvüzkarlıq siyasətindən əl çəkməyib. Müharibədə uğradığı acınacaqlı məğlubiyyəti həzm edə bilməyən bu ölkədə həm hakimiyyətdəki, həm də müxalifətdəki müəyyən qüvvələr revanşist mövqedən çıxış edərək müharibə ritorikası səsləndirirlər. “Bəlkə də, qaytardılar” xülyası ilə yaşayan bu qüvvələr müəyyən manipulyasiyalara əl atır, iki ölkə arasındakı şərti sərhədlər boyunca təxribatlara rəvac verir və yalan ruporunu işə salmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar. Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir.
Məğlub Ermənistanın belə davranışları bizi qane etmir. Dövlətimiz o mövqedən çıxış edir ki, regionda davamlı sabitliyə və təhlükəsizliyə nail olmaq, imkanları əməkdaşlığa, iqtisadi inkişafa yönəltmək üçün Ermənistanla sülhə nail olunmalı, sərhədlər delimitasiya və demarkasiya edilməlidir. Azərbaycanın özünün ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyini müdafiə etməsi, məqsədlərinə çatması üçün gücü və qətiyyətli siyasi iradəsi var. Respublikamız Ermənistanın təxribatlarına dərhal əks-həmlələrlə cavab verməklə qarşı tərəfə “Dəmir yumruq”un yerində olduğunu xatırladır. Eyni zamanda, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır. Hazırda yaranan şərait və bütün şərtlər Qarabağda yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya dövrünün gəlib çatdığını diqtə edir. Əslində, bəhs olunan toplumun-
20 minədək erməni əhalisinin böyük əksəriyyətinin buna hazır olduğu barədə siqnallar da gəlməkdədir. Onlar başa düşürlər ki, Dağlıq Qarabağın heç üfüqdə də görünməyən müstəqilliyi siyasi oyunbazlıqdan başqa bir şey deyil. Otuz illik işğal sadə insanların həyatına hansısa bir üstünlüklər gətirməyib, əksinə insanların həyatı ağırlaşıb, onlar daim təzyiq və təhdid altında yaşayıblar.
Azərbaycan dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərir. Ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların taleyini, onların gələcək həyatını biz hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyilik, o cümlədən Ermənistanla. Bu, bizim daxili işimizdir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır”.

Nigar Səfxanova,
YAP Göygöl rayon təşkilatı üzrə Üçbulaq kənd ərazi partiya təşkilatının sədri

Mədəniyyət