“Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”

  • 12.04.2023, 15:43,
  • Gündəm
  • Baxılıb: 96
“Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır”

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur. 100 ildən artıq tarixi bir yol qət etmiş Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm addımlar atılıb, bu sahədə əsl inkişaf gedib və getməkdə davam edir. Bu gün tam əminliklə deyə bilərik ki, Prezidentin fəaliyyətində ordu quruculuğu birinci yerdədir.
Dövlət başçısının özünün də söylədiyi kimi, bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb. Prezidentin göstərişi ilə bütün hərbi hissələr, şəhərciklər, hərbi bazalar faktiki olaraq yenidən qurulur. Hərbi hissələrin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri tamamlanıb. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bütün bunlar isə ordumuzun son illər ərzində uğurlu inkişafı naminə həyata keçirilən işlərdir. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar təsdiq edirlər ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.
Son illər ordu quruculuğu sahəsində əldə edilən uğur və nailiyyətlər onu söyləməyə əsas verir ki, bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir. Hər kəsə o da yaxşı məlumdur ki, dünyada, beynəlxalq müstəvidə güc amili ön plana çıxır. Beynəlxalq münasibətlərdə "kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Azərbaycan dövləti olaraq hər şeyi öz hesabımıza əldə etmişik. Cənab Prezidentin də dediyi kimi, əgər biz güclü iqtisadiyyat qurmasaydıq, nəhəng neft-qaz layihələri icra etməsəydik, ordumuzu müasirləşdirmək üçün vəsaitimiz olmazdı.
Bu gün ölkəmizdə strateji obyektlər ən yüksək səviyyədə qorunur. Hava hücumuna qarşı müasir qurğularımız imkan verir ki, ölkəmiz, o cümlədən strateji obyektlər qorunsun. Ən əsası da cəbhə bölgəsində yaranmış vəziyyət bir daha onu göstərir ki, Azərbaycan strateji üstünlüyə malikdir. Bunun kökündə isə ordumuzun müasir silah-sursat, texnika ilə təchizatı dayanır. Eyni zamanda, bizim döyüş təyyarələrimiz modernləşdirilib, yüzdən çox hərbi və hərbi-nəqliyyat vertolyotumuz var. Təbii ki, bu da bizim böyük potensialımızdır.
Azərbaycan xalqı öz ordusunun hansı potensiala qadir olmasının bariz nümunəsini 2016-cı ilin aprelində bir daha gördü və şahidi oldu. 2016-cı ilin Aprel döyüşlərində əldə olunmuş Lələtəpə zəfəri, eləcə də Cocuq Mərcanlının azad edilməsi ordumuzun gücünü, qüdrətini bir daha nümayiş etdirdi. 2018-ci ilin mayında Naxçıvanda qazanılmış Günnüt qələbəsi isə yüksək potensiala sahib olan Azərbaycan ordusunun əldə etdikləri zəfərlərin davamlı olacağını göstərdi. Ölkə başçısının da söylədiyi kimi, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazini işğalçılardan azad etdik və strateji yüksəkliklərə çıxdıq.
Heç şübhəsiz ki, bu qələbələrin qazanılmasında ordumuzun hərbi tələbatının təminatının yüksək səviyyədə olması təşkil edir. Odur ki, bu gün Müdafiə Sənayesi Nazirliyi hərbi təlabatın mühüm hissəsini istehsal edir. Ölkə Prezidentin sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə 1300-dən çox adda hərbi təyinatlı məhsulun istehsal olunması bunun bariz nümunəsidir.
Böyük qələbələrin qazanılması üçün hərbi hissələrdə əsgərlərin ruh yüksəkliyinin olması da mütləq şərtdir. Ölkə başçısının da vurğuladığı kimi, hərbi hissələrdə ideoloji vəziyyətə də xüsusi əhəmiyyət verilməlidir və verilir.
Bu gün real bir həqiqət də var ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlət quruculuğu yeni mərhələyə başladı. Əgər ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur, Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi. Odur ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdirsə, bunda Ulu Öndərin misilsiz xidmətləri dayanır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi. Ulu Öndərin bu sahəyə qayğısı sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu.
Qələbənin qazanılmasında ordunun döyüş qabiliyyətinin artırılması da başlıca şərtdir. Ulu Öndərin bu sahədə gördüyü işlər bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu istiqamətdə lazımi addımlar atılır. Cənab Prezidentin də qeyd etdiyi kimi, istər 2016-cı ilin, istər 2018-ci ilin hərbi əməliyyatları, istərsə də 44 günlük Vətən müharibəsində böyük qələbəmiz göstərdi ki, ordumuz qarşıya qoyulan istənilən vəzifəni yerinə yetirmək əzmindədir.

Mirvaleh Muradov,
Salyan rayonu, ehtiyatda olan polkovnik-leytenant
Mədəniyyət