26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür

26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür


Prezident İlham Əliyev: Biz fəxr edirik ki, bizim güclü ordumuz var


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı fərmanla bu günü tarixləşdirmişdir. Xalqımız 26 iyun - Silahlı Qüvvələr gününü ümumxalq bayramı kimi qeyd edir. 1998-ci il iyunun 25-də Azərbaycan Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Ulu Öndər belə demişdir: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdu. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik".

26 iyun Azərbaycan Silahlı Qüvvələri günüdür


Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili olmuşdur. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunun yaratmasına hüquqi əsas verdi. Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, ulu öndər Heydər Əliyevin 1969 - cu ildə birinci dəfə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da Heydər Əliyevin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir.

Xalqımız ötən əsrin sonlarında öz müstəqilliyini bərpa etdikdən sonra qəbul olunan qərarlardan biri də Azərbaycan Ordusunun yaradılması ilə bağlı idi. Lakin o dövrki iqtidarın səriştəsizliyi üzündən ordu quruculuğu işlərində ciddi qüsurlara yol verilmiş, ordunun yaranması sadəcə kağız üzərində qalmışdı.

Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahiş və tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra ölkədə tamamilə yeni mərhələ başlanmış, ordumuzun elmi əsasda qurulması, peşəkar kadr potensialının hazırlanması, nizam-intizamın gücləndirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması baxımından bir sıra vacib işlər həyata keçirilmişdir. Ulu Öndər tez-tez səngərlərdə olur, əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrətini və hərbi potensialını artırmaq üçün ciddi addımlar atırdı. Yeni ordu quruculuğunun ilk dövründəcə yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr nəinki Ermənistanın güclənən hücumlarının qarşısını aldılar, hətta 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində və Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək, bir sıra əraziləri düşməndən azad etməyi də bacardılar. 1993-cü il dekabr ayının 10-da Beyləqan istiqamətində hücuma keçən düşmən ilk dəfə olaraq Silahlı Qüvvələrimizin güclü müqavimətinə rast gələrək məğlubiyyətə uğradı. Analoji hal digər cəbhə bölgələrində də təkrarlandı.

Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Hələ ilk dəfə prezident seçilərkən andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev belə demişdir: "Ölkəmizdə güclü ordu yaradılıb və bu proses davam edəcək. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaq. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcək". 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaratmışdır.

Yeni və müasir texnologiyaların tətbiqi ilə orduda yüksək səviyyəli idarəçilik mexanizmi yaradılmışdır. Birlik, birləşmə və hərbi hissələrin operativ idarə olunması məqsədilə avtomatlaşdırılmış Komanda İdarəetmə məntəqələri qurulmuşdur. Ordunun yeni növ silah və döyüş texnikası ilə təmin edilməsi qoşunların manevr və zərbə qabiliyyətini artırmışdır. Bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Döyüş qabiliyyətini təmin edən hərbi vəzifələr tank və döyüş maşınlarının ekipajları, artilleriya və raket qurğularının heyətləri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilmişdir.

Qoşunların döyüşə və səfərbərliyə hazırlığı, kadrların və idarəetmə orqanlarının hazırlanması və yetişdirilməsi, maddi-texniki təminat hazırlıq planı və digər sənədlər əsasında gerçəkləşdirilir. Ümumiyyətlə, Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı planı üzrə bütün təlimləri NATO-nun döyüş hazırlığı sənədlərinə uyğun keçirilir. Hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığı, idman və fiziki hazırlıq işi və s. NATO standartlarına uyğunlaşdırılmışdır. Mühüm komandir-qərargah vəzifələrinə ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsinə malik peşəkar zabitlərin təyin olunması daim diqqət mərkəzində saxlanılır.

Son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.

Nəticə etibarilə, sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. Bu gün erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət büdcəsinə bərabər olması faktı da bu mənada ən yaxşı nümunə hesab edilə bilər. Prezident İlham Əliyevin "iqtisadi, hərbi üstünlüyümüz və hərbi potensialımızın ən yüksək səviyyədə olması bizə imkan verir ki, istənilən anda torpaqlarımızı işğaldan azad edək" deməsi əslində Azərbaycan Silahlı Qüvvələrinin gücünə və qüdrətinə olan inamı ifadə edir.

2016-cı ilin aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını alaraq, uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri azad etdi. Dördgünlük şiddətli döyüşlərdə düşmən canlı qüvvədə və hərbi texnikada çoxlu sayda itkilər verərək geri çəkildi. Cəbhə və döyüş bölgəsində əməliyyat şəraiti tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçdi. Aprel döyüşləri Azərbaycan dövlətinin və ordusunun qüdrətini, xalqımızın birliyinin, Vətən sevgisinin, milli mənəvi dəyərlərimizə bağlılığının, eləcə də Silahlı Qüvvələrimizə inamının sarsılmazlığını nəinki işğalçı Ermənistana, bütün dünyaya göstərmişdir. İşğal altındakı minlərlə hektar Azərbaycan torpağı uğurlu əks-hücum əməliyyatı nəticəsində azad olunmuşdur. Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir.

"Biz ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcəyik",-deyən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu məsələ - ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Ordu quruculuğunun ölkəmizin müstəqillik illərində belə sürətlə inkişafı, əlbəttə ki, hər bir Azərbaycan vətəndaşını sevindirir. Biz fəxr edirik ki, bizim güclü ordumuz var.


Sevinc Həbib qızı Fətəliyeva,
Azərbaycan Milli Məclisinin deputatı
Mədəniyyət