Artıq Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən sayca 8-ci olan, sonuncu prezident seçkilərindən 5 il ötür. Seçicilərin 74.3 %-nin iştirakı ilə keçirilmiş, xalqın iradəsini əks etdirən və nəticələrinin beynəlxalq legitimliyi ilə fərqlənən 2018-ci ilin aprel seçkiləri zamanı Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara səs vermiş oldu. Bu seçkilər Azərbaycan xalqının öz ali rəhbərinə, İlham Əliyev siyasətinə inamının ən yüksək həddə çatdığının təsdiqi oldu. Əvvəlki seçkilərdən daha çox səs toplamış İlham Əliyev artıq ölkə qarşısında duran ən böyük problemin həllinə – torpaqların işğaldan azad olunmasına ümumxalq dəstəyi ilə gedəcəkdi. Yeri gəlmişkən, 2020-ci ilin 44 günlük Vətən müharibəsində məhz belə bir yekdil dəstəyin şahidi olduq. Bu inamı və dəstəyi İlham Əliyev xalq qarşısındakı misilsiz xidmətləri ilə qazanmışdı.
2003-cü ildən bu yana keçirilmiş prezident seçkiləri ərəfəsində Prezidentliyə namizəd İlham Əliyevin seçki platformasını bəyan edən çıxışları ildən-ilə, seçkidən seçkiyə artan inam və etimadın yüksəliş xronologiyasını aydın göstərir. 2003-cü ildə İlham Əliyev ilk dəfə namizədliyini irəli sürərkən onun prezidentliyi dövründə ölkədə qaçqın düşərgəsinin qalmayacağını, öz doğma evlərindən məhrum olmuş soydaşlarımızın layiqli həyat şəraiti ilə təmin olunacağını vəd etmişdi. İşsizlik və yoxsulluq içində çarpışan vətəndaşlar üçün ölkədə 600 min yeni iş yeri yaradacağını bəyan etmiş və iqtisadi tənəzzülün iqtisadi yüksəlişlə əvəz olunacağına söz vermiş Prezidentliyə namizəd İlham Əliyev verdiyi vədə əməl etdi və İlham Əliyev isə özünün dediyi kimi, yalnız öz seçicilərinin yox, hər bir Azərbaycan vətəndaşının prezidenti oldu. İlk 5 il ərzinə xalq İlham Əliyevin bəyan etdiyindən daha çox işlər görməyə qadir olduğunu və prezidentlik müddətinin hər gününü və hər saatını xalqın ən ümdə problemlərinin həllinə həsr etdiyinin şahidi oldu. Nəticədə bütün qaçqın düşərgələri ləğv olundu, 600 min əvəzinə isə 900 min yeni iş yeri yaradıldı. Xalq növbəti 2008-ci il seçkilərinə böyük məmnunluq və minnətdarlıq hissləri ilə getdi.
Bütün dünyada qlobal iqtisadi böhranın başlaması ilə eyni zamana təsadüf edən 2008-ci il seçkiləri ərəfəsində Prezident İlham Əliyev növbəti 5 il ərzində ölkədə dayanıqlı inkişafı təmin edərək əlverişli biznes mühitinin yaradılacağını, iqtisadiyyatın şaxələndirilməsi üzrə həyati vacib islahatların aparılcağını elan etdi. Dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş ölkələrində qlobal böhran səbəbindən inkişaf templərinin nəzərəçarpacaq dərəcədə azaldığı bir dönəmdə Azərbaycan növbəti 5 il ərzində ən yüksək iqtisadi inkişaf artımı ilə lider dövlətə çevrildi. Qeyri-neft sektorunun inkişafı istiqamətində gələcəyə hesablanmış çox mühüm addımlar atıldı. Demək olar ki, bütün ölkələrdə həyat səviyyəsi enməkdə olarkən ölkəmizdə əhalinin illik gəlirləri artmağa başladı. Digər ölkələrdə büdcə defisitinin artdığı bir zamanda Azərbaycan höküməti hər bir maliyyə ilini profisitlə başa vurdu. Növbəti dəfə İlham Əliyev ən çətin vəziyyətlərdə hansı yüksək nəticələrə nail olmağa qadir olduğunu nümayiş etdirdi.
Həm daxildən, həm də xaricdən Azərbaycanın uğurları əleyhinə çalışan “Demokratiya” və “insan haqları” şüarları ilə pərdələnmiş qüvvələrin səfərbərliyi şəraitində keçirilən 2013-cü il seçkiləri də Azərbaycan xalqının İlham Əliyevə olan sonsuz etimadı və inamı əsasında keçirildi. İlham Əliyevin inamlı qələbəsi ilə başa çatan seçkilərdən dərhal sonra ölkə hərtərəfli islahat və inkişaf dövrünə qədəm qoydu. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi inkişafın müxtəlif istiqamətləri üzrə Yol Xəritələri təqdim olundu. Bu yol xəritələrinin həyata keçirilməsi ilə Azərbaycan bir çox inkişaf göstəriciləri üzrə dünyada ən qabaqcıl yerlərə çıxdı.
Xüsusilə qeyd etməliyik ki, 5 il öncə keçirilmiş prezident seçkilərində İlham Əliyevə göstərilən dəstək özünün pik həddinə çatdı. Xalq artıq öz gələcəyini yeganə lideri hesab etdiyi İlham Əliyevin adı ilə bağlamışdı. Bütün sahələrdə davamlı və sürətli inkişafın şahidi olmuş vətəndaşlar artıq ölkə qarşısında duran ən böyük problemin – Qarabağın azadlığa qovuşmasının nicatını məhz İlham Əliyev siyasətində görürdü. Bütün əvvəlki seçkilərdə Prezident İlham Əliyevin xalqa bəyan etdiyi inkişaf proqramlarında dövlət və ordu quruculuğu qırmızı xətlə keçirdi. Xalq ona inanırdı və uzun zaman gözlənilən həqiqət anının məhz İlham Əliyevin rəhbərliyi altında gələcəyinə əmin idi. Prezident İlham Əliyev ölkədə həyat səviyyəsinin artımı ilə yanaşı onun müdafiə qüdrətinin davamlı olaraq artırılmasını prioritet vəzifə kimi qarşıya qoymuşdu və bu vəzifənin öhdəsindən necə gəlindiyi 2020-ci ilin payızında vətən torpaqları uğrunda müqəddəs savaşda özünü bütün parlaqlığı ilə göstərdi. Bütün bu illər ərzində prezident İlham Əliyevin şəxsi rəhbərliyi ilə hazırlanmış ordumuz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı sanki bir göz qırpımında düşmən caynağından qopardı. Güc mərkəzləri hesab olunan bir sıra dövlətlərin bütün ciddi-cəhdlərinə baxmayaraq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında son anadək – hər bir Azərbaycanlı üçün şərəf və ləyaqət rəmzi olan Şuşanın azad olunmasınadək müharibəni davam etdirdi. Azərbaycan əsgəri Vətənin hər qarış torpağı üçün canını əsirgəmədi, həyatını torpaqlarımızın azadlığı uğrunda qurban verdi. Bu gün müstəqil, azad Azərbaycan sözün əsil mənasında öz gələcəyinin sahibidir. Bütün bunlar Azərbaycan xalqının heç zaman yaddaşlardan silinməyəcək tarixi qələbələridir. Amma bu qələbələri mümkün edən ən böyük qələbə - xalqın müdrik seçimi idi. Xalq müdrik bir seçim etmişdi – İlham Əliyev seçimi. Məhz, Prezident İlham Əliyev ən böyük tarixi qələbələrə Azərbaycan xalqının imzasını atdı, ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, xalqın qürur və ləyaqətini özünə qaytardı.
Bu gün Azərbaycan xalqı öz müdrik seçimi ilə sevinir və qüdrətli lideri Prezident İlham Əliyevlə fəxr edir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri