Heç kim Azərbaycanla ultimatum dili ilə danışa bilməz

  • 05.04.2023, 20:30,
  • Gündəm
  • Baxılıb: 74
Heç kim Azərbaycanla ultimatum dili ilə danışa bilməz

Bəli, Azərbaycanla ultimatumla danışmağın mümkünsüzlüyü 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Ölkəmiz Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin qətiyyətli qərarı ilə işğal altında olan torpaqlarını düşməndən təmizlədi, Qarabağın qədim Azərbaycan torpaqları olduğunu sübut etdi və Dəmir Yumruqla düşmənə öz yerini göstərdi. Daim sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmiz bu gün də yeni reallıqlar fonunda bölgədə sülh, təhlükəsizlik, sabitlik, inteqrasiya və əməkdaşlıq mühitini gücləndirmək üçün strateji təşəbbüslərlə çıxış edir. Eyni zamanda Azərbaycan regionda çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı olaraq bu məsələdə prinsipial geosiyasi iradə nümayiş etdirir. Prezident İlham Əliyevin müəllifi olduğu yeni regional geosiyasi mənzərə təkcə respublikamız üçün deyil, bütövlükdə region dövlətləri və dünya siyasətinin güc mərkəzləri üçün də mühüm dividentlər vəd edir. Lakin bunu həzm edə bilməyən bəzi məkrli qüvvələr ölkəmizə hər vəchlə mane olmağa, öz qərəzli mövqelərini nümayiş etdirməklə, Azərbaycan əleyhinə ədalətsiz qərarlar qəbul edirlər.
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamə də bu qəbildən olmaqla, yenə də ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın məhsuludur və burada aparıcı rolu Fransa deputatları oynayır. Mövcud reallıqlar onu deməyə əsas verir ki, işğalçı Ermənistan sərsəm iddialar irəli sürməklə hər vəchlə sülh prosesindən yayınmağa çalışsa da, sülhə gəlməkdən başqa çarəsi yoxdur. Bu gün Azərbaycan reallıqlarını dünya görür və qəbul edir. Ölkəmizin yaratdığı yeni reallıqlarla Ermənistan və digər ölkələr də hesablaşmalıdır.
44 günlük savaşdan sonra da bütün dünya Azərbaycanın gücünə şahidlik etməkdədir. Belə ki, Ermənistanın üçtərəfli bəyannamələrlə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün Bakının yürütdüyü qətiyyətli siyasətlə yanaşı, beynəlxalq aləm Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə əzəmətli və nəhəng layihələri həyata keçirdiyini görür.
Əvvəlcə onu qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin bərpası milli prioritet kimi xüsusi diqqətdədir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələni xüsusi nəzarətində saxlayır. İlham Əliyevin işğaldan azad olunmuş bölgələrə hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Artıq qısa zaman ərzində bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası, "ağıllı kənd" layihəsinin icrası, avtomobil yollarının və tunellərin inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr dövlətimizin yetərli maliyyə imkanlarından xəbər verir. Görülən işlər bir daha göstərir ki, azad olunmuş ərazilərin bütün sakinləri tezliklə doğma yurdlarına qayıdacaqlar. Ən əsası, Azərbaycan dövləti onlar üçün ən yüksək standartlara cavab verən yaşayış şəraiti yaradır. Qeyd etməliyik ki, qarşıdakı dövrdə azad olunmuş ərazilərin bərpası daha da sürətlənəcək, bu istiqamətdə həyata keçirilən layihələrin əhatə dairəsi genişlənəcək.
Yeri gəlmişkən, işğaldan azad olunmuş digər rayonlarla müqayisədə Kəlbəcər və Laçın daha mürəkkəb coğrafi və təbii relyefi olan dağlıq əraziləri əhatə edir. Lakin bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti həmin rayonları kompleks şəkildə yenidən qurur. Düzdür, hazırda prioritet istiqamət yeni yolların salınması, kommunikasiyaların yaradılması olsa da, digər istiqamətlərdə də bərpa və yenidənqurma işləri həyata keçirilir. Xüsusi vurğulamaq yerinə düşər ki, Kəlbəcər və Laçında yeni yolların salınması digər rayonlarla müqayisədə olduqca çətin və mürəkkəb coğrafi şəraitdə həyata keçirilir. Toğanalı-Kəlbəcər-İstisu yolu sərt dağlıq və qayalıq ərazilərdən keçsə də, işlər qrafikə uyğun davam edir. Yolun Murovdağ silsiləsində, dağların zirvəsində dünyada ən uzun avtomobil tunellərindən olan Murovdağ tunelinin inşası isə dövlətimizin apardığı yenidənqurma işlərinin əzəmətini göstərir. Murovdağ tunelindən əlavə, yolda daha üç tunelin inşası nəzərdə tutulur. Tikintisi 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, Kəlbəcər şəhərinə və məşhur İstisu ərazisinə, eyni zamanda Laçına və Zəngəzura rahat gediş-gəlişi təmin edəcək.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Laçın rayonuna təyin etdiyi xüsusi nümayəndəsini qəbul edərkən bir sıra vacib və konkret tapşırıqlar verməsi, görülən işlərin yüksək keyfiyyətinin, ətraf mühitin qorunmasının, qayda-qanuna əməl edilməsinin vacibliyinə diqqət çəkməsi xüsusi diqqətə layiq məsələdir. Prezident həmçinin laçınlılara xoş müjdə də verərək, minlərlə insanın bu ilin sonuna qədər Laçın şəhərində yaşayacağını vurğulaması onu göstərir ki, laçınlıların öz yurdlarında xoşbəxt həyatı o qədər də uzaqda deyil. Məlumdur ki, Böyük Qayıdış proqramı uğurla icra edilir. Bu gün Tərtər rayonunun Talış kəndinə də ilkin mərhələdə 20 məcburi köçkün ailəsi köçürülüb. Sakinlər fərdi evlərə köçürülür, onlar doğma kəndlərində hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Həyata keçirilən yenidənqurma və bərpa işlərini Azərbaycan özü təkbaşına yerinə yetirir. Heç bir maliyyə yardımı almadan, daxili imkanları hesabına, öz gücü ilə hər şeyi edir.
Laçın rayonu 28 il işğal altında olduğu dövrdə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuş, ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar. İkinci Qarabağ müharibəsi başa çatanda rayon bizim nəzarətimizə keçsə də, Laçın şəhəri nəzarətimizdən kənarda idi. Müharibə başa çatan kimi ölkə rəhbəri tərəfindən yeni yolun marşrutu və bütün texniki parametrlərinin dərhal müəyyən edilməsi göstərişi verilmişdir ki, bu gün Laçın rayonunda beynəlxalq hava limanı inşa edilir. Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscidin inşa edilməsi nəzərdə tutulub, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Bundan sonra Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılması bizim üçün əsas vəzifələrdən biridir. Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar. Bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın keçmiş köçkün yerləşdiriləcək, Laçın, dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək.
Ən əsası odur ki, bu gün heç kim Azərbaycanla ultimatum dili ilə danışa bilmir və işğaldan azad edilmiş torpaqlarımızda bütün işlər böyük vüsətlə davam etdirilir.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Mədəniyyət