Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır

Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır

Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaradan Azərbaycanın dünya diplomatiyasında rolu və mövqeyi getdikcə daha da möhkəmlənir. Bu gün Azərbaycan dünyanın lider ölkələri ilə əməkdaşlıq etməklə, dünya arenasında etibarlı və güclü müttəfiq kimi qəbul olunur. Eyni zamanda deyə bilərik ki, rəsmi Bakı həm də qlobal məsələlərin həllinə öz töhfələrini verməklə, dünyanı narahat edən problemlərin həllində yaxından iştirak edir, böyük güclər arasında sülh missiyasını yetirinə yetirir.
Torpaqlarımızın işğal altında qaldığı 30 ilə yaxın dövrdə rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bəyanat “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz” idi. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanın ətrafında sıx birliyi, həmrəyliyi sayəsində 30 illik işğala 44 gündə son qoyub, ərazi bütövlüyümüzü təmin etməklə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin əsas amil olduğunu sübut etdik. 44 günlük müharibədə məğlub olmasına baxmayaraq, Ermənistandakı revanşist qüvvələrin hər vəchlə sülh prosesinə mane olmağa çalışması, Ermənistan hakimiyyətinin zaman-zaman müxtəlif mövqelər sərgiləməsi belə bu prosesin qarşısını ala bilmədi. Artıq yeni reallığı erməni cəmiyyəti də qəbul etmək məcburiyyətindədir. Azərbaycanın haqq səsini dünyaya çatdıran, milli maraqları hər şeydən üstün tutan liderimiz müxtəlif maraqlı gücləri öz qətiyyətli və ardıcıl siyasəti ilə inandıra billdi, Ermənistanın prosesi ləngitmək cəhdi iflasa uğradı.
Brüssel görüşünün nəticələri Azərbaycanın diplomatik qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu görüşdə 44 günlük müharibədə qazanılmış nəticələri diplomatik masada bir daha möhkəmlətmiş oldu. Bunu Avropa İttifaqının Prezidenti Şarl Mişelin görüşün sonundakı bəyanatı təsdiq etdi. Yekun bəyənnamənin müddəalari onu deməyə əsas verir ki, sülh gündəliyi Azərbaycanın şərtləri əsasında formalaşır. Brüssel görüşündə əldə olunan diplomatik naliyyətin ən mühüm göstəricilərindən biri yekun bəyannamədə "Dağlıq Qarabağ" ifadəsinin və "ATƏT Minsk qrupu" adlı təsisatın yer almamasıdır.
İlk dəfə olaraq Avropa İttifaqı kimi beynəlxalq təşkilat sülh danışıqlarının reallığına çalışmasını ortaya qoydu. Bu da onu göstərir ki Avropa İttifaqı bölgədə təminatlı sülhün olmasında maraqlıdır və qəbul edilir ki, bu marağın reallaşması yalnız Azərbaycan rəhbərinin irəli sürdüyü şərtlər daxilində mümkün olacaqdır.
Sərhədlərin demilitasiya və demarkasiyası barədə razılığın əldə olunması, ilk növbədə, regionda gərginliyin azalmasına, komunikasiyaların açılmasına, səmərəli və konstruktiv əməkdaşlığın əsasının qoyulmasına xidmət edəcəkdir. Bu razılaşmalar bir daha göstərdi ki, Avropa İttifaqı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regional liderliyini qəbul edir, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində səylərini qiymətləndirir. Diplomatik müstəvidə qazanılan qələbə gələcək inkişafa və əmin-amanlığa töhfə olmaqla bərabər, münaqişə tərəflərinin vasitəçilərsiz anlaşa bilməsi yönündə irəliyə doğru atılmış addım oldu.

Gülər Quliyeva,
Salyan şəhər 4 saylı tam orta məktəbin direktoru
Mədəniyyət