Məlum olduğu kimi, 1997-ci il fevralın 25-də ulu öndər Heydər Əliyev "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclas keçirilmiş və hər il fevralın 26-nın "Xocalı soyqırımı günü" kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Ulu öndər 1997-ci il fevralın 25-də "Hər il fevralın 26-da saat 17.00-da bütün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi haqqında", 26 mart 1998-ci ildə isə "Azərbaycanlıların soyqırımı haqqında" fərmanlar imzalamışdır.
Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın tarixinə qan yaddaşı kimi yazılmış bu faciəni xalqımız heç zaman unutmayacaq. Xocalı soyqırımından 31 il ötsə də, onun acısı, ağrısı qəlbimizdə yaşayır və yaşayacaq. Ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdiyi qətliamın dəhşətləri heç vaxt yaddaşlardan silinməyəcək. Bir gecədə dağıdılan Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa ilə bərabər çəkilir. Son iki əsrdə erməni millətçiləri mifik "böyük Ermənistan" ideyasını Azərbaycan torpaqları hesabına reallaşdırmaq üçün xalqımıza qarşı dəfələrlə terror aktları, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmə kimi antibəşəri cinayətlər törətmişlər. Xocalı faciəsi 200 ilə yaxın müddətdə erməni millətçiləri və faşistləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi oldu. Bu dəhşətli soyqırımı bütün dünyanın gözü qarşısında baş vermiş, özünəməxsus qəddarlığı və amansızlığı ilə seçilir. Bu ağır cinayətə görə siyasi və hüquqi məsuliyyət birbaşa Ermənistanın ovaxtkı və indiki rəhbərliyinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə əldə olunmuş tarixi Zəfərdən sonra artıq tarixin zibilliyinə atılmış qondarma Dağlıq Qarabağın separatçı rejiminin üzərinə düşür.
Erməni silahlı qüvvələrinin Xocalıya hücumu şəhərin coğrafi mövqeyi ilə əlaqədar idi. Xocalı Qarabağın dağlıq hissəsində Şuşadan sonra azərbaycanlıların yaşadığı ikinci ən böyük yaşayış məntəqəsi idi. 1990-cı ildə Xocalıya şəhər statusu verilmişdir. 1991-ci ilin statistikasına görə, şəhərdə 7 min nəfər yaşayırdı. Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağ silsiləsində, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Xocalı azərbaycanlıların tarixən yaşadıqları, qədim tarixi abidələrin indi də qaldığı ərazidir. Şəhərdən bir qədər aralıda eramızdan əvvəl XIV-VII əsrlərə aid Xocalı-Gədəbəy mədəniyyəti abidələri var. Burada, həmçinin dəfn abidələri - son tunc və erkən dəmir dövrlərinə aid daş qəbirlər, kurqanlar və nekropollar aşkar edilmişdir. Həmin ərazidə memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və məqbərələr (XIV əsr) də az deyil. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daşlardan, tuncdan, sümüklərdən, gildən hazırlanmış məmulatlar, gil məişət qabları və s. tapılmışdır.
Şəhərdə tikiş fabriki, 2 orta və 2 natamam orta məktəb fəaliyyət göstərirdi. Ötən əsrin sonlarında baş vermiş hadisələrlə əlaqədar şəhərdə 54 qaçqın ailəsi - Fərqanədən (Özbəkistan) olan Ahıska türkləri, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bir qismi məskunlaşmışdı. Erməni tərəfinin əsas məqsədi Xocalı körpüsünü dağıtmaq, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunu ələ keçirmək, bununla da azərbaycanlıların nəzarətində olan aeroporta yiyələnmək olub.
BMT-nin "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyasının, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Müqavilənin, Fövqəladə hallarda və Silahlı Münaqişələrdə Qadın və Uşaqların Müdafiəsi haqqında Bəyannamənin müddəaları, keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının əsasnaməsi, Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının əsasnaməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı bu faciənin azərbaycanlılara qarşı törədilmiş soyqırımı olduğunu təsdiqləyir. Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor strukturları Xocalı faciəsi ilə bağlı həqiqətlərin daha geniş coğrafi məkanda dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atır. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi tanınmasında 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası mühüm rol oynamışdır. Bu kampaniya çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri "bəşəriyyətə qarşı kütləvi cinayət" kimi tanıyıb və İƏT-ə üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı Xocalı qətliamını soyqırımı aktı kimi tanıyıb. "Human Rights Watch" təşkilatı bu qanlı faciəni müharibə zonasında mülki şəxslərlə rəftar haqqında konvensiyanın pozulması ilə bağlı cinayət kimi qiymətləndirib.
Azərbaycan Prezidenti İlham Əliyevin işirakı ilə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsinə həsr olunan ümumxalq yürüşlərin keçirilməsi, burada yüz minlərlə insanın öz Lideri ətrafında monolit qüvvə kimi birləşməsi göstərdi ki, ermənilərin törətdikləri dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, soyqırımını törədən cinayətkarlar gec-tez beynəlxalq qanunlar qarşısında cavab verəcək, layiqli cəzalarını alacaqlar. Bunu demək üçün kifayət qədər əsaslar var. Erməni faşistlərin qanlı cinayətləri və onların havadarlarının dəstəyi nəticəsində Azərbaycan torpaqları 30 ilə yaxın müddət ərzində işğal altında qalmışdır, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanısa da, torpaqlarımızın azad edilməsi, beynəlxalq norma və prinsiplərin bərqərar olması istiqamətində heç bir əməli addım atılmamışdır.
Nəticədə, Azərbaycan ədaləti və öz ərazi bütövlüyünü bərpa etdi. Bu, düşünülmüş və uzaqgörən siyasətin uğurla həyata keçirilməsi, ordu quruculuğunda əldə olunmuş tarixi uğurlara nail olunması, həm də Azərbaycanın regionda qüdrətli dövlətə çevrilməsi, böyük iqtisadi gücə malik olması, yeni vətənpərvər nəslin yetişməsi sayəsində mümkün olmuşdur.
Ən əsası, xalqımızın vətənpərvərliyi, mübarizliyi, doğma torpağa məhəbbəti, eləcə də dövlətimizin başçısının siyasi iradəsi və qətiyyətli mövqeyi tarixi 8 Noyabr Zəfərimizi labüd etmişdir. Təsadüfi deyil ki, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan xocalılılar doğma şəhərlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir və bu günün uzaqda olmadığını bilirlər.
Nuranə Quliyeva,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon A.Şəmşir adına 7 illik uşaq musiqi məktəbi ərazi ilk partiya təşkilatının sədri