Bildiyimiz kimi, cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda ölkə prezidenti cənab İlham Əliyev müharibələrin gətirdiyi fəlakətlərdən, onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini qeyd edərək bildirmişdir ki, Azərbaycan xalqı qarşılıqlı ədavət və düşmənçiliyə son qoyulmasını, bölgədə sülhün bərqərar olmasını istəyir.
Azərbaycanın Ermənistandan tək tələbi rəsmi Bakının haqlı şərtlərini qəbul edərək sülh sazişini imzalamasıdır. Bununla bağlı ən yüksək səviyyədə müxtəlif platformalarda fikirlər səsləndirilib. 44 günlük müharibədən sonra imzalanan üçrətəfli razılaşmada qarant tərəf Rusiya idi və bir müddət də görüşlərə vasitəçilik etdi. Daha sonra Avropa Birliyi tərəflər arasında vasitəçilik missiyasına başladı.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə əlaqədar olaraq Azərbaycan tərəfindən təklif edilən platformalardan danışan cənab Prezident qeyd edib ki, bizim bir neçə platformamız vardır və onlardan biri Brüssel formatıdır. Bu formatın üçtərəfli olduğu, yəni Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında olduğu barədə ümumi bir anlaşma vardır.
Münxendə Azərbaycan və Ermənistan liderlərinin görüşündə moderator rolunda ABŞ çıxış edib. Belə ki, fevralın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüşü olub. Yəni hazırda ümumi olaraq Azərbaycan Ermənistan danışıqlarında Moskva, Brüssel və ABŞ formatı görünür.
Hazırda danışıqlarda vahid moderator və istiqamət yoxdur. Hər gün daha çox aydın olur ki, danışıqlar vahid moderatorlarla bir istiqamətdə getmir. Çünki istər Avropa Birliyi və Fransa cütlüyü, istər Rusiya, istərsə də ABŞ-ın proses haqqında öz yanaşması, marağı var. Amma bunların heç biri tam olaraq bir formatda özünü əks etdirmir.
Ümumiyyətlə, son 3 ildə bir işlək format var idi ki, o da üçtərəfli razılaşma idi. Amma son iki ildə razılaşmanın əsas bəndləri, ötən ilin sentyabr ayından bu tərəfə bu üçtərəfli razılaşmanın hər hansı bir bəndləri ümümiyyətlə, Ermənistan tərəfindən icra olunmayıb.
Ancaq kommunikasiya ilə bağlı və bir də hər iki ölkə öz ərazisindən delimitasiya və demarkasiya ilə bağlı texniki işlər aparır. Kommunikasiya məsələsində Ermənistan da məcburən də olsa, bu prosesdə aktivlik edir, çünki onlar buna görə həm də Avropa Birliyindən maliyyə alır. Bunu Avropa Birliyi həm də Cənubi Qafqazda mövqelərini möhləmləndirmək yolunda bir imkan kimi dəyərləndirir. Fransa isə həm də Cənubi Qafqaza Avropa Birliyi və Ermənistan vasitəsilə proseslərə girir. Əslində əsas ssenari və ən optimal variant üzbəüz görüşlərin keçirilməsi idi. Amma sonradan İran məsələsi və Rusiyanın üçtərəfli razılaşmada qarant ölkə olması bu ssenarinin reallaşmasına mane oldu. Ötən il Blinken də tet-a-tet görüşlərin keçirilməsini təklif etmişdi. Bildirirdi ki, bu formatda görüşlər daha faydalı olar. Buna qədər də Ermənistanın keçmiş hakimiyyətinin danışıqlar prosesində yol verdiyi səhvlər mediaya sızdırıldı və bununla da rəsmi İrəvana göstərildi ki, yeganə yol sülh sazişidir və bunu da hər kəs yaxın zamanda görmək istəyir. Çünki istər Cənub, istərsə də Şimal koridoru bu və gələcək illər üçün kifayət qədər təhlükəlidir. Bu iki dəhlizin təhlükəsiz formada reallaşması üçün heç bir ümid görünmür. Cənub dəhlizinin aktuallığı İran faktoruna görə bəzən isə hətta sual altına düşür. Şimal dəhlizində isə Rusiya faktoru var. Cənub və Şimal dəhlizi ilə bağlı problemlərin olduğu üçün yeganə yol Orta dəhlizi qalır ki, onun da hər qarışı üçün mübarizə gedir. ABŞ-ın təklifi vasitəçisiz görüşlərin keçirilməsidir ki, bu da baş tutdu. Nəticədə bu gün üçün Ermənistandan real addımların atılması gözlənilir. Əslində Ermənistanın Avropa Birliyi, ABŞ və Rusiya arasında var-gəl etməsi tərəfləri qıcıqlandırır. Ermənistanın ABŞ və Rusiya arasındakı get-gəlindən isə daha çox Avropa Birliyi qazanır. Görünən odur ki, bu mərhələdə prosesi ABŞ əlinə alıb. Bu mərhələdə Ermənistana real təsiri də ABŞ göstərə bilər.
Məhəmməd Ağayev,
Salyan rayon Kürqaraqaşlı kənd tam orta məktəbin direktor əvəzi