Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar  Azərbaycanın dayanaqlı inkişafının əsasıdır

Son 19 ili ölkəmizin həyatında təkmil islahatlar dövrü kimi xarakterizə edə bilərik. Sürətlə dəyişən reallıqlar islahatların davamlı aparılmasını vacib vəzifə kimi müəyyən edir. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafının əsasıdır. Təkcə son illərin islahatlar kursu ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər yerdə islahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur. Ölkəmizin kosmik klubun üzvü olması, o cümlədən beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da deyilənlərin təsdiqidir.
Müasir Azərbaycan dövlətinin müstəqillik tarixinin yarıdan çoxu Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin siyasi idarəçilik məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev 2003-cü ilin oktyabrında keçirilən ilk inauqurasiya mərasimində "Mən hər bir azərbaycanlının prezidenti olacağam" ifadəsini əmələ çevirdi və dövlət idarəçiliyində bir meyar səviyyəsinə yüksəltdi. Prezident İlham Əliyev 2018-ci il prezident seçkilərində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdir ki, bu gün onların nəticələrini görürük.
Qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirən Azərbaycan son 19 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. Azərbaycanın demokratiya təcrübəsi digər ölkələrə nümunə göstərilir. Qlobal təşəbbüslərin müəllifi olan Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri inkişaf edir, yeni prioritetlər müəyyənləşdirilir. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun, sürətli iqtisadi inkişafının və ədalətə əsaslanan mövqeyinin göstəricisidir. Həmçinin Azərbaycan 120 üzvü sıralarında birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvüdür və quruma iki illik sədrlik ölkəmizə həvalə edilmişdir. Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Bu, Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymət kimi dəyərləndirildi.
Xalqımız bu illər ərzində ona da əmin oldu ki, ümummilli maraqlarımızın keşiyində dayanan Heydər Əliyev siyasi irsi əmin əllərdədir. Prezident İlham Əliyev bu irsə təkcə genetik kodlarla deyil, həm də ruhən bağlı olduğunu fəaliyyəti ilə təsdiq etdir. Çünki Prezidentin genetik kod bağlılığının, ən ali statusda fəaliyyətinin təməlində Vətən sevgisi, Azərbaycanın maraqlarına pafosdan uzaq olan əməli xidməti dayanır. Dövlətimizin başçısı İlham Əliyev prezident seçildikdən cəmi üç il sonra - 2006-cı ilin iyulunda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılışına imza atdı. Bu, bütün maneələrə və təzyiqlərə baxmayaraq, Ulu Öndərin 1994-cü ilin sentyabrında təməlini qoyduğu böyük neft strategiyasının qətiyyətlə davam etdiriləcəyinin əyani təsdiqi demək idi. 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Xəzərdən Avropa ölkələrinə birbaşa qaz nəql edən marşrutların yaradılması təşəbbüsünü dəstəkləyən birgə Bəyanat imzalandı. Bununla da TANAP və TAP layihələri həyata vəsiqə qazandı. 2014-cü ildə, məhz sentyabr ayının 20-də Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında Bakıda, iyun ayında isə Əskişəhərdə Cənub Qaz Dəhlizinin mühüm hissəsi olan Trans-Anadolu qaz boru kəmərinin açılışı keçirildi. Nəhayət, 2019-cu il noyabrın 30-da TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi də istifadəyə verildi və 2020-ci il dekabrın 31-də Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə başlanıldı. Beləliklə, ümumi investisiya qoyuluşu 40 milyard ABŞ dolları həcmində olan, hər ötən gün Avropanın enerji təhlükəsizliyində daha çox strateji əhəmiyyət daşıyan bu nəhəng layihə artıq gerçəklikdir.
Nə qədər təzadlı olsa da, xaricdəki bəzi dairələrin siyasi riyakarlığı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən də yan ötmədi. Bu layihə də ciddi maneələrlə üzləşdi, hətta əsas maliyyə institutları iqtisadi rentabelliyinə baxmayaraq, təzyiq səbəbindən ona maliyyə vəsaiti ayırmaqdan çəkindilər. Heydər Əliyev siyasi irsinin qayəsində dayanan prinsipial məqamlardan biri qətiyyətdir. Prezident İlham Əliyevin məhz bu prinsipə sadiqliyi, qətiyyətli mövqeyi nəticəsində Azərbaycan bu nəhəng layihənin maliyyə yükünün əsas hissəsini öz üzərinə götürdü. Geoiqtisadi və geosiyasi əhəmiyyətli həmin layihə də artıq reallığa çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi isə ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində strateji əhəmiyyətini təsbit etdi.
Şübhəsiz ki, bütün bu iqtisadi təşəbbüslər imkan verdi ki, Milli Ordu quruculuğu indiki, ən yüksək səviyyəyə qaldırılsın və ordumuz ən müasir silahlarla təchiz olunsun. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bu layihələrin hər biri sonda yalnız bir hədəfə-ölkəmizin güclənməsinə və torpaqlarımızın işğaldan azad olunmasına xidmət edirdi. Böyük dövlət adamı Uinston Çörçillin müdrik bir kəlamı var: “Dövlət xadiminin siyasi xadimdən fərqi odur ki, siyasətçi gələcək seçkiləri, dövlət xadimi isə gələcək nəsilləri düşünərək fəaliyyət göstərir”. Prezident İlham Əliyev tarixi Zəfərə Müzəffər Ali Baş Komandan imzasını atmaqla həm də böyük dövlət xadimi kimi adını Azərbaycan tarixinə həkk etdirib. Bu cür taleyüklü Qələbə və xidmətlər tarixdə və xalqın yaddaşında əbədi yaşayır, onlara imza atan şəxsiyyətlər isə gələcək nəsillərin də qürur mənbəyinə, istinad zirvəsinə çevrilir. Bundan şərəfli, bundan qürurverici ömür yolu ola bilməz!

Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı
Mədəniyyət