Gün var, gətirdiyi sevinc sonrakı günlərin uğurunun başlanğıcı olur, həmin günün saatlarının, dəqiqələrinin xoş ovqatı zaman-zaman yaddaşlarda yaşadılır, yaşayır. Dövlətçiliklə, dövlətlə bağlı olan belə günlərin ovqatı bu gün üçün deyil, sabahlar üçündü. 2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paraddan hazırlanmış reportaj tarixi günün qürurunu 100 il sonra o qədər həssaslıqla yaşadırdı ki! Ordunun yaranması günü də dövlətçilik tarixidi. Belə günlər dövlətçilik tarixi kimi ululuq mərtəbəsində yaşadılır, zamanında tarixin axarını dəyişən, tarixin sonrakı dövrlərinə təsir göstərən tarixi gün kimi yaşadılır. Zəfər paradı həmin tarixi günə sədaqətin paradıydı. Zəfər paradında bir bayraq ovqatı görürdük: Dövlət bayrağımız da ucalıqlardan enməyəcək, bu ovqat da. Zəfər paradı bayraq ovqatın, ovqat bayrağın paradıydı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr olunmuş paradda çıxışında demişdi: "2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardı. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq".
O tarixi gün 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə gerçəkləşdi. Bunu Ali Baş Komandanın döyüş əmrini 44 gündə yerinə yetirən Azərbaycan Ordusu gerçəkləşdirdi. Zəfər paradı həmin tarixi günün paradıydı, Böyük Qələbənin paradıydı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qələbə paradının mahiyyətindən - Vətən müharibəsindən danışdıqlarını dinləyə-dinləyə 44 günün fəlsəfəsini dolğunluğuyla yenidən yaşadıq.
2018-ci ilin yayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə dedikləri gerçəkləşib; Döyüş bayraqları qrupu Vətən müharibəsində döyüşlərdə iştirak etmiş hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirdi. Azadlıq meydanı qalibiyyət bayraqlarına darlıq edirdi elə bil. Göy üzümü bayraqları salamlayırdı, bayraqlarmı göy üzünü? - möcüzəvi təmas idi. Bəşər hələ belə bəşəri təmas görməyib. Belə bir təmasın nümunəsini Vətən müharibəsinin qalibi Azərbaycan əsgəri yaratdı. Zəfər paradı həmin nümunənin paradıydı; beynəlxalq təşkilatların da qeyri-rəsmi havadarlığıyla "düyünə salındığı" güman edilən bu münaqişə hərbi yolla həll edildi...
Zəfər paradı Azərbaycan əsgərinin döyüşə sevgisinin, döyüş əzminin, qələbə ruhunun paradıydı; döyüşə sevgi döyüş əzmi oldu, döyüş əzmi qələbə ruhu, qələbə ruhu isə Qələbə! Parad Qələbənin paradıydı!..
Zəfər paradı ruhumuzun paradıydı...
Zəfər paradı "Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun, Azərbaycan xalqına! Yaşasın Azərbaycan!" qürurunun paradıydı!
Paradı izləyənlərin sırasında Vətən müharibəsində yaralanmış döyüşçülər də vardı. Onlar həm də vəfa borcunu yerinə yetirmək üçün meydandaydılar; Zəfər paradında şəhidlərin ruhunun əvəzindən iştirak etmək əhdi olub döyüşlərarası nəfəsdərmələrdə. "Biz paradı izləyirik, onların ruhu tribuna önündən keçənlərin sırasındadı...", - yaralı qazilərdən biri belə dedi...
Zəfər paradı "... işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək" əminliyinin paradıydı. İşğaldan azad edilən torpaqlarda qalibiyyət bayraqları dalğalandırılırdı, həmin bayraqlar böyük sevgilərlə göy üzünə sərilmişdi; parad gerçəkləşən niyyətin paradıydı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında Türkiyə Prezidentinə Vətən müharibəsində Azərbaycana dəstəyinə görə bir daha təşəkkürünü bildirdi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradını məfkurəvi parad kimi dəyərləndirdi, Əhməd Cavadı xatırlatdı. Bu xatırlatma türkçülüyə, azərbaycançılığa bələd olanlara bir misranı bu günün ecazkarlığında bir daha yaşatdı: Yol ver türkün bayrağına!
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın duyğusal çıxışı türklüyün bu müharibədə qazanılan qələbəyə münasibətinin ifadəsi kimi səsləndi: Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.
Zəfər paradı mənəvi birliyin sarsılmazlığının paradıydı, dünyanın qoşa dalğalanan iki bayrağa qoşa salamının paradıydı...
Ruhunuz şad olsun, birinci Qarabağ müharibəsinin şəhidləri, ruhunuz şad olsun, Vətən müharibəsinin şəhidləri. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəhidlərin sərdarı adlandırdığı Mübariz İbrahimov, ruhun şad olsun. Zəfər paradı sizin murazınızın paradıydı, sizin ruhunuza gözaydınlığı paradıydı. Zəfər paradını ürəyinin gözüylə izləyənlər aydınlığıyla görürdü ki, sizin ruhunuz da nizami yerişlə keçənlərin sırasındadı. Ona görə möhtəşəm paradıydı. Siz həmin günün nurunda döyüşürdünüz, siz həmin günün tezləşməsi üçün döyüşürdünüz, siz torpaqlarımızın işğaldan azad edilməsi, bayraqlarımızın orada da dalğalanması üçün döyüşürdünüz. Şuşa işğaldan azad ediləndə şəhid olan döyüşçü son damla qanıyla qayanın sinəsinə "Qarabağ Azərbaycandır" yazıb; o kəlmələri əsəcək yellər, yağacaq yağışlar poza bilməyəcək. Rus mediası Şuşanın işğaldan necə azad edildiyinə heyrətini gizlədə bilməyib: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Xarici jurnalistin bu döyüş təəssüratı, döyüş təsviri dünya müharibələr tarixinin bəlkə də ən heyrətləndirici təsviridi. Heç zaman heç bir xalqın döyüşçüsünə ünvanlanmayan, ünvanlanmayacaq qüdrətdi bu təsvir. Zəfər paradı bu qüdrətin paradıydı.
Şuşanın işğaldan azad edildiyi günə əsrə bərabər gün demişdim; Zəfər paradı əsrə bərabər günün paradıydı...
44 gün davam edən Vətən müharibəsində düşmənlə təkcə Azərbaycan Ordusu dö-yüşmürdü, düşmənlə xalqın ruhu da döyüşürdü, azərbaycançılıq da döyüşürdü, azərbaycanlı anaların xeyir-duası da döyüşürdü, döyüşlərə can atan məktəblilərin Vətən sevgisi də döyüşürdü, qazilərin də, Qarabağ müharibəsi əlillərinin də ruhu döyüşənlərin sırasındaydı...
Zəfər paradı döyüşlər getdiyi vaxtlarda eşitdiyimiz və qürurla yaşadığımız "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik" qətiyyətinin gerçəkləşən paradıydı; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğalçı dövlətə də, onun açıq havadarlarına da ünvanladığı bu qətiyyət Böyük Qələbəyə böyük inam idi; Zəfər paradı həmin inamın paradıydı...
Vətən müharibəsində ordumuzun qələbələrini xalqa sərkərdə bildirirdi; Zəfər paradı o dövrdə yaşanılan qələbə ovqatlarını ümumiləşdirən böyük ovqatın paradıydı...
Vətən müharibəsində xalq üçün bir obraz vardı: Azərbaycan Ordusu; tribuna önündən ayrı-ayrı qoşun qismləri keçirdi. Döyüşlərin gedişində hamısını əzizimiz bildiyimiz qəhrəmanların mətin yerişi ürəyimizi telləndirirdi. Ad-soyadını eşitdiyimiz-eşitmədiyimiz qəhrəmanlardı, qaliblərdi, qalib ordunun şəxsi heyətini təmsil edirdilər. Azadlıq meydanını duyğulandıran bu yeriş illərlə xəyallarda yaşadılacaq.
Paradı izləyən yaralı qazilərin baxışlarında çırpınan təəssüfün rəngini seçmək çətin deyildi. Bu təəssüf şəhidlərimizin Zəfər paradını görə bilmədiyinə görəydi. Döyüşdə yaralandığını gizlədən, döyüşü neçə saat da davam etdirən əsgərin təəssüfünü görənlər, duyanlar üçün yaşanılmış bir gerçəklik var: Qələbəyə kimi döyüşə bilmədim təəssüfü... Zəfər paradı o incə təəssüfü bir sevgi qədərincə yumşaltmağa qadir idi...
Vətən müharibəsində qazanılan ilkin qələbələr, bu qələbələrin ictimaiyyətdə yaratdığı yüksək coşqu əsgərlərin də, zabitlərin də yüksək döyüş əzmini, qələbə ruhunu daha da yüksəldirdi. Bu ruh döyüşləri qələbə ilə başa çatdırmaq istəyi idi. Döyüşlərdə yüngül yaralananlar qısamüddətli müalicəyə də getməkdən imtina edirdi. "Qələbəyəcən, son nəfəsimə kimi döyüşəcəm", - deyirdi. Zəfər paradı qələbə ruhunun paradıydı...
Şöyüb Səfərov
“ Yeni Abituriyent” universitetləri hazırlıq kursunun direktoru
Hazırladı: Rəcəb Astanov şöbə müdiri