Uzun illər ərzində Ermənistanın işğalı altında qalan Füzulinin 2020-ci il oktyabrın 17-də qəhrəman Azərbaycan Ordusu tərəfindən azad edilməsi həm hərbi, həm də tarixi baxımdan böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, silahlı qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları məhz Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. İşğalçı Ermənistan ərazinin necə böyük əhəmiyyət daşıdığını dərk edərək burada çox güclü istehkamlar qurmuş, mərhələli müdafiə xətti yaratmışdı. Eyni zamanda, otuz ilə yaxın müddətdə burada möhkəmlənmişdi. Buna baxmayaraq, bu istehkamları, müdafiə xətlərini yarıb keçmək ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün oldu. Bu istehkamları canı-qanı bahasına dağıdaraq irəliləyən qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi.
Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiə edilməsi zamanı Füzulinin 1100-dən çox şəhidi olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib. 6 nəfər Milli Qəhrəman adına layiq görülüb. Vətən müharibəsində Füzulidən 74 nəfər şəhid olub, onlarla insan qazidir. Burada tarixi bir məqama nəzər salaq. Belə ki, 1993-cü il dekabr ayının əvvəllərində xalqımızın ümummilli lideri Heydər Əliyevin Füzuli bölgəsinə səfəri, döyüşçülərlə və əhali ilə görüşləri heç də təsadüfi xarakter daşımırdı. Bu səfərdən heç bir ay keçməmiş, 1994-cü ilin yanvar ayında milli ordu hissələri əks-hücuma keçərək düşmənə ağır və sarsıdıcı zərbələr vurdu, Horadiz qəsəbəsi də daxil olmaqla, 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Vaxtilə ermənilər tərəfindən dağıdılan və yandırılan Horadiz indi Avropanın inkişaf edən şəhərlərindən fərqlənmir, bu torpaqlar əsl gülüstanı xatırladır.
2016-cı ilin aprel ayında Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatı zamanı min hektarlarla torpaq işğalçılardan azad edildi və çox böyük strateji əhəmiyyət daşıyan Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımız sancıldı. Xalqımız uzun illərdən sonra az da olsa qələbə sevincini yaşadı, hər birimizdə torpaqlarımızın işğalçılardan tam azad edilməsinə güclü inam yarandı. 2020-ci ilin oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi düşmən üzərində ən şanlı qələbə sayılır. Füzulililərin sevincinin həddi-hüdudu yoxdur. Son iki il onların həyatında qələbə və zəfər ili kimi yaddaşlara yazılıb.
Füzulinin azad edilməsi 2020-ci ilin 27 sentyabrından başlamış 17 oktyabr tarixinə kimi davam edən İkinci Qarabağ müharibəsində olan döyüşlərinn ən vacib mərhələsindən biri idi. Füzuli döyüşləri nəticəsində Füzulinin təmas xəttində yerləşən düşmənin bir neçə müdafiə xətti yarılmış, eləcədə Füzuli rayonunun 18 kəndi, üstəlik Cəbrayıl və Xocavənd rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilmişdir.
Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, “Strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması bizə növbəti strateji üstünlüklər verir. Çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi təbii ki, bu sirr deyil. Biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük hərbi peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik, ondan əvvəl Cəbrayıl şəhəri işğalçılardan azad edildi, ondan əvvəl Hadrut işğalçılardan azad edildi. Xocavənd və Cəbrayıl, o cümlədən Füzuli rayonlarının bir çox kəndləri işğaldan azad edildi və məhz ondan sonra Füzuli şəhərini biz işğalçılardan azad edə bilmişik”.
17 oktyabr nəinki füzulililərin xatirəsində, Azərbaycan dövlətinin tarixində əbədi qalacaq və bundan sonra da xatırlanacaq. İnsanlar öz doğma torpaqlarına qayıdacaqlar. İşğaldan azad olunmuş torpaqlarımızın inkişafını görən həyatdan getmiş on minlərlə qaçqın və köçkünlərimizin ruhu da şad və rahat olacaq. Doğrudan da Azərbaycan Ordusu mümkünsüzü mümkün etdi.
Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bu əməliyyat nəticəsində bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olublar. İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.
Məlumat üçün qeyd edim ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçımızın bölgəyə ilk səfərlərindən biri də məhz Füzuli şəhərinə olmuşdur və bu günə qədər cənab Prezident ümumilikdə doqquz dəfə bölgəyə səfər etmişdir. Təbii olaraq hər səfər bir çox layihələrin təməlinin qoyulması və açılışlarla xarakterik olmuşdur. Bundan sonra da, şübhə yoxdur ki, dövlət başçımızın bölgəyə xüsusi diqqət və qayğısı nəticəsində ən qısa müddətdə şəhər tamamilə bərpa olunacaq və Füzulinin az qala otuz ildir Vətən həsrəti çəkən əhalisi öz doğma torpaqlarına qovuşacaqdır.
Vəfa Əbilova,
MİHİ Salyan Rayon Komitəsinin sədri