Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır

Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır

2020-ci ildə Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq, öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın böyük əzmini bütün dünyaya nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan dövlətinin gücü yürüdülən uğurlu siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi və hərbi qüdrətindən qaynaqlanır. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi.
Ermənistanın hərbi təcavüzü nəticəsində Vətən müharibəsi dövründə dinc əhaliyə qarşı törədilmiş beynəlxalq cinayətlər onu təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıqdır ki, bütün dünyanın gözü qarşısında davam etmişdir. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından xeyli kənarda yerləşən yaşayış məntəqələrini, mülki obyektləri raket atəşinə tutması nəticəsində xeyli sayda dinc sakin həlak olmuş və yaralanmışdır. Ermənistanın mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumları beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarının və İnsan hüquqlarının müdafiəsi, eləcə də fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
44 günlük Vətən müharibəsi zamanı Ermənistanın hərbi qüvvələri qeyri-qanuni şəkildə Azərbaycana qarşı hərbçilər və mülki əhali arasında fərq qoymadan kasetli silahlardan istifadə edib. 2020-ci ilin noyabr ayında hadisə yerlərini xüsusi araşdıran “Human Rights Watch” adlı beynəlxalq qeyri-hökumət təşkilatının məruzəsində də bu haqda qeyd edilib. Bildirilib ki, erməni silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyi 11 insident sənədləşdirilib. Ən azı dörd ayrı hadisə zamanı hərbi hədəflərin müşahidə edilmədiyi ərazilərdə mülki şəxslər və ya mülki obyektlər raket hücumuna məruz qalıb. Ermənistan hərbi qüvvələrinin zərbələri mülki itkilərə səbəb olmaqla yanaşı, həmçinin evlərə, müəssisə və məktəblərə, habelə xəstəxanaya ziyan vurub, əhalinin kütləvi köçürülməsinə səbəb olub. Buna baxmayaraq Ermənistanın beynəlxalq humanitar hüquqa və ya müharibə qanunlarına zidd olan əməllərinə beynəlxalq təşkilatlar tərəfindən hələ də ciddi münasibət bildirilməyib.
Ermənistanın qadağan olunan kasetli bombalardan istifadə etməsi beynəlxalq səviyyəli cinayətdir. Ermənistan dövlətinin təcavüzkar siyasəti məhz mülki əhaliyə qarşı yönəlib və hərbi cinayətlər çoxlu sayda insanın öldürülməsi məqsədilə sistematik olaraq törədilib. Eyni kriminal əməllər Gəncə, Tərtər, Mingəçevir və Azərbaycanın digər şəhər və kəndlərində həyata keçirilib. Ermənilər tərəfindən törədilən cinayətlər hərbi əməliyyatlar gedən zonadan kənarda baş verdiyi, habelə hədəf olaraq mülki şəxslər və obyektlər seçildiyi üçün bütün bunlar birbaşa 1949-cu il Cenevrə Konvensiyalarının ən ağır pozuntularıdır və müharibə cinayəti hesab edilir. Bütün bu insanlıq əleyhinə və müharibə cinayətləri ilə əlaqədar Ermənistan tərəfi beynəlxalq müstəvidə məsuliyyətə cəlb olunaraq cavab verməli, beynəlxalq qurumlar isə bu məsələdə ədalət naminə prinsipiallıq göstərməlidir.
İşğaldan azad edilən Qarabağda erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər ürək ağrıdır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin faşist xislətindən xəbər verir, onun nə qədər barbar, vəhşi olduğunu göstərir. Erməni işğalçıları tərəfindən bütün bu dağıntılar talan məqsədli şəkildə həyata keçirilib. Amansız düşmən Qarabağda azərbaycanlılara aid maddi-mədəni irsi viran qoymaqla, yerlə bir etməklə soydaşlarımızın bu ərazilərdəki tarixiliyinin, mədəni kimliyinin itirilməsi, silinməsi məqsədi güdüb. Amma, təəssüf ki, beynəlxalq təşkilatlar, dünya birliyi tərəfindən bu cür vəhşiliyə susqunluqla yanaşılır.
Dövlətimiz erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərini sistemli şəkildə davam etdirir. Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur, burada yüz mindən çox mina basdırılıb. Rəsmi İrəvan bütün razılaşmalara baxmayaraq, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Ermənistanın cəzasını Azərbaycan dövləti özü verir. Sonunda təcavüzkar ölkə mina xəritələrinin hamısını verəcək və ərazilərimiz təmizlənəcək. Zaman gələcək ki, o minaları basdıranlar, cinayətlər törədənlər, onun təşkilatçıları, iştirakçıları Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər. Necə ki, Şuşa həbsxanasında azərbaycanlı əsirlərə işgəncə verən ermənilər bu gün məhkəməmiz qarşısında dayanıblar. Xocalıda soyqırımı törədənlərin də məhkəmə qarşısında cavab verəcəkləri gün o qədər də uzaqda deyil.

Rəşad Vəliyev,
Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Mədəniyyət