Füzuli rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir

Füzuli rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir

Füzuli rayonu inzibati ərazi vahidi kimi 1827-ci il sentyabrın 10-da yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Rayonun ərazisi 1386 km², əhalisi isə təxminən 135 min nəfərdir. Rayonda hazırda 46 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 17 qəsəbə, 81 kənd vardır. Ən iri yaşayış məntəqələri Fuzuli şəhəri, Horadiz şəhəri, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləridir.
Füzuli rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Füzuli şəhərindən 17 km qərbdə yerləşən məşhur Azıx mağarası və Tağlar mağarası dünyanın ən qədim insan məskəni kimi YUNESKO-nun maddi-mədəni irs siyahısına salınıb. Füzuli rayonunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri vardır. Aşağı Veysəlli kəndində Mirəli türbəsi (XV əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), "Məşədi Həbib" hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhəmiyyət daşıyan abidələr erməni işğaqlçıları tərəfindən yandırılmış dağıdılmış və məhv edilmişdir.
Sovetlər zamanı Füzuli rayonunun əhalisi pambıqçılıqda, taxılçılıqla, heyvandarlıqla, ipəkçiliklə, bostan-tərəvəz məhsulları ilə məşğul olmuşdur. Rayonda iqtisadiyyatın inkişafı 60-cı illərin sonu, 70-ci və 80-ci illərin əvvəllərinə təsadüf edir. Rayon ən güclü inkişafa, əhalinin həyat səviyyəsinin yüksəlişinə 70-ci və 80-ci illərdə Ulu öndər Heydər Əliyevin Azərbaycan SSRİ-yə rəhbərlik etdiyi dövrdə nail olmuşdur. Ümumiyyətlə pambıqçılıq, taxılçılıq və ipəkçilik sahəsində qazandığı nailiyyətə görə rayonunun 28 nəfər əməkçisinə müxtəlif dövrlərdə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü il avqustun 23-də işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuş, 181 nəfər əsir və itkin düşmüş, əhali öz doğma torpaqlarından məcburi köçkün düşərək respublikanın 50-dən çox rayon və şəhərində məskunlaşmışlar. Rayonun işğalı nəticəsində təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə və tarix mədəniyyət abidələrinə dəyən zərərin məbləği 22 milyard manatdan çox olmuşdur.
1994-cü ilin yanvarında Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Erməni silahlı qüvvələri ilə mübarizədə füzulilər də qəhrəmanlıqla döyüşmüş, xeyli şəhid və itki vermişdir. Təhrik olunduğumuz bu silahlı münaqişələrdə göstərdiyi qəhrəmanlığa görə 8 nəfər füzulili Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazi bütövlüyümüzün bərpası uğrunda başlanan Vətən müharibəsi Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, sərkərdəlik bacarığını, tarix yazan şanlı Azərbaycan Ordusunun mütəşəkkilliyini, hərbi hazırlığını və döyüş əzmini bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsinin ilk günündən bir-birinin ardınca yaşayış məntəqələrinin, kənd və şəhərlərin azad olunması ilə nəticələnən döyüş əməliyyatları arasında Füzuli əməliyyatı öz mühüm əhəmiyyəti ilə seçildi. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edildi.
Ümumilikdə, Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biridir.

Elvin Dadaşlı,
Salyan rayon Arxarası kənd ümumi orta məktəbin direktor əvəzi, YAP fəalı

Mədəniyyət