Azərbaycan və Türkiyə arasında iqtisadı münasibətlər tükənməz potensiala malikdir

Azərbaycan və Türkiyə arasında iqtisadı münasibətlər  tükənməz potensiala malikdir

Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.
Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993-cü il tarixindən isə qüvvəyə minmişdir. Azərbaycan və Türkiyə arasında müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiya, Kənd Təsərrüfatı İcra Komitəsi, Quru Nəqliyyatı Birgə Komissiya, Gömrük Məsələləri üzrə Birgə Komitə kimi mexanizmləri vurğulamaq olar. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir. Azərbaycan və Türkiyə vətəndaşları arasında vizasız və xarici pasportsuz səyahətlər ölkələr arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşlarının, turist axınının artmasına müsbət təsir edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaqdır.
Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna Azərbaycan isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir.
Qarabağın reinteqrasiyası və reabilitasiyasında, habelə bütün bölgədəki konyunktura dəyişikliyinin bərabərində gətirdiyi perspektivlərdən yararlanılmasında türk iş adamlarının fəal iştirak sahələri də müzakirədədir. İnfrastruktur layihələrində, Füzuli-Şuşa arasındakı Zəfər yolu, Toğana-Kəlbəcər yolu, habelə Füzulidə tikiləcək hava limanının tikintisində türk şirkətlərinin fəal iştirakı məsələləri nəzərdədir. Azərbaycanda həyata keçirilən quruculuq işləri, habelə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edilməsi türk investorlar üçün geniş imkanlar və perspektivlər vəd edir.
Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən əsas ölkədir. Ermənistan üzərində şanlı Qələbədən sonra isə Azərbaycan bölgədə sülh və sabitliyi təmin etmək üçün təkcə Türkiyə deyil, bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlayıb. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Bu bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və müdrik sərkərdəliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi Azərbaycanın beynəlxalq arenadakı nüfuzunu qat-qat yüksəldib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasətində yalnız bir əsas amil - Azərbaycan xalqının və dövlətinin milli maraqları durur. Vətən müharibəsinin gedişi və yekunları Cənab İlham Əliyevin necə vətənpərvər, qətiyyətli Prezident olduğunu bir daha təsdiqlədi. Dövlət başçısı heç bir beynəlxalq gücə boyun əymədən, xarici təzyiqləri dəf edərək xalqımızı milli hədəflərə doğru apardı və tarixi Zəfəri təmin etdi.
Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Əliqulu Babayev,
Salyan şəhər sakini, müəllim
Mədəniyyət