Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının ötən il martın 5-də keçirilmiş VII qurultayından bir il ötür. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər.
2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı Zəfər yeni reallıqların yaranmasını şərtləndirib. Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın, həm də dövlətimizin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edib. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən edib. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın "iqtidar-xalq" modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirib. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm amillərdəndir. Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə neçə-neçə geniş proqram və layihələri müvəffəqiyyətlə reallaşdıran Mehriban xanım Əliyevanın YAP sədrinin birinci müavini təyin olunması partiyanın yeni dövrün çağırışlarına daha səmərəli və çevik şəkildə cavab verməsinə zəmin yaradıb.

Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqində iqtidar partiyasının ayrı-ayrı dövrlərin reallıqları konkret faktlarla əsaslandırılıb, onun perspektiv xarakterli strateji hədəfləri zərgər dəqiqliyi ilə göstərilib. Müstəqil dövlətimizin keçdiyi bütün tarixi mərhələlərdə Yeni Azərbaycan Partiyası daim cəmiyyətin ön cərgələrində olub, bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir-birindən əhəmiyyətli uğurlara imza atıb. Dövlətimizin başçısı qurultayda qeyd edib ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.

Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyasının fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edib. Olduqca mənalı ömür salnaməsini bütünlüklə ümummilli mənafelərimizin etibarlı müdafiəsinə həsr edən Heydər Əliyev dühası ötən əsrin sonlarında ölkəmizi total böhran və ciddi tənəzzüldən qurtara biləcək nüfuzlu və qüdrətli bir siyasi qurumun - Yeni Azərbaycan Partiyasının ərsəyə gəlməsini təmin etməklə özünün dahi xilaskarlıq missiyasının əsasını qoymuş olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaranmasıyla ölkəmizdə müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyətin əsası qoyulub. Ulu Öndərin siyasi iradəsi və peşəkarlığı müstəqilliyin qorunması və dönməzliyini təmin edib. Partiyanın yarandığı ilk illərdə Ulu Öndərin diqqət yetirdiyi əsas məsələlərdən biri yeni milli ideologiyanın formalaşması idi. Heydər Əliyev bu məsələnin əsas istiqamətlərini müəyyənləşdirib və bu siyasətin özəyinin azərbaycançılıq fəlsəfəsindən ibarət olduğunu elan edib. Gənc müstəqil Azərbaycanın siyasi, iqtisadi, humanitar və digər sahələrdə əldə etdiyi uğurlar bu fəlsəfənin dəqiqliyinin və doğruluğunun sübutudur. Ümummilli Liderin zəngin təcrübəsi Yeni Azərbaycan Partiyasının inkişafı tarixində əsaslı rol oynayıb, müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bugünkü və gələcək taleyini müəyyən edib. Ulu Öndərin rəhbərliyi altında müstəqilliyimizin etibarlı təminatçısına çevrilən Yeni Azərbaycan Partiyası respublikamızı hüquqi-demokratik dövlət və sivil vətəndaş cəmiyyəti quruculuğu yoluna çıxarmaqla müasir Azərbaycanın möhkəm təməllərini yaradıb.

Əbədiyaşar liderin tarixi varislik ənənələrinə sədaqət nümunəsi olaraq, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi altında milli maraqların ifadəçisi kimi yüksəliş mərhələsini yaşayan, dünənin, bu günün və gələcəyin partiyası hazırda təkcə ölkə çərçivəsində deyil, bütövlükdə region üzrə aparıcı siyasi qüvvəyə çevrilib, respublikamızın sürətli tərəqqisi ilə yanaşı, onun beynəlxalq nüfuzunun artırılmasında önəmli rol oynamaqdadır. Reallaşdırılan çoxşaxəli islahatlar, uğurlu daxili və xarici siyasət sayəsində artıq sabitlik diyarı və stabil inkişaf məkanı kimi tanınmaqla son illər qlobal miqyaslı tədbirlərə uğurlu ev sahibliyi edən ölkəmizin bu gün nəhəng transmilli enerji və nəqliyyat-kommunikasiya layihələrinin müəllifi olaraq çıxış etməsi dünya birliyindəki öncül mövqeyimizi əhəmiyyətli dərəcədə möhkəmləndirib. Ötən müddət ərzində partiyanın da yaxından iştirakı ilə həyata keçirilən bütün tədbirlər, görülən işlər Azərbaycanın milli maraqlarına tam cavab verir, ölkəmizin müstəqilliyinə, milli təhlükəsizliyinə, Azərbaycan vətəndaşlarının maddi rifah halının gündən-günə daha da yaxşılaşmasına, respublikamızın tərəqqisinə xidmət edir. Partiya bu gün öz ətrafında ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrini birləşdirir. Qürur hissilə bildiririk ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusi, sıralarında Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsil vətənpərvərlik və fədakarlıq göstərərək torpaqlarımızı işğalçılardan azad ediblər.

Ölkədə həmrəylik və demokratiya mühitinin qorunması siyasətinin reallaşmasında iqtidar partiyasının aparıcı rolu danılmazdır. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Qurultay zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması, eyni zamanda, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu addımlardandır.

Diqqəti çəkən əsas məqamlardan biri partiyanın VII qurultayında YAP-ın yeni Nizamnaməsinin təsdiq edilməsi, yeni Proqramının hazırlanması və qəbulu barədə qərarın qəbul olunmasıdır. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən yeni Proqramı təsdiq edilib. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı. Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik - YAP-da aparılan yeni kadr siyasətinin əsas meyarlarıdır.

Prezident İlham Əliyevin dialoq siyasətini YAP-ın fəaliyyətində aydın görmək olur. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.

Şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş yeni hədəflərə doğru inamla irəliləyən ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası öz şərəfli missiyasının öhdəsindən layiqincə gələcək, Azərbaycan xalqının və dövlətinin tərəqqisi naminə var qüvvəsini əsirgəməyəcək.

Babayev Nəriman Qəzənfər oğlu
Xaçmaz rayon Uşaq-Gənclər İdman Məktəbi Direktoru
Mədəniyyət