Biz zaman-zaman qadına təkcə qadın kimi yox, eyni zamanda ana kimi yanaşmışıq. Məhz bu səbəbdəndir ki, məktəbdə də bizə belə aşılanır. Ana Vətən, Ana Torpaq, Ana Yurd. Ana bizim üçün həm də Vətən anlayışıdır. Vətən anlayışı da Ana. Ana qadındır. Qadın isə genetik olaraq isti varlıqdır. Ana qucaqdır. “İsti ana qucağı” şeiri yəqin hamının yaddaşındadır. Ana fenomenini biz bu gün həm də onun timsalında görürük: Mehriban xanım Əliyeva.
Ölkə başçısı Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi var. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmışdır ki, bu da idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Mehriban xanım Əliyeva 2017-ci ildən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilən siyasi rəhbərlik funksiyasını vitse-prezident kimi icra etməyə başladı. O, ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir.
Qəhrəman şəhidlərimizin övladları, valideynləri və doğmalarına dövlətin diqqətindən başqa Mehriban xanım Əliyevanın da xüsusi diqqəti və qayğısı olub və bu gün də var. Bu istiqamətdə fəaliyyət Heydər Əliyev Fondu vasitəsilə heç bir ictimai məlumatlandırma olmadan həyata keçirilir.
Bizim milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması da məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün oldu. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirərək, Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələri dünya irs siyahılarına daxil etdi və qorunma altına aldı. Məhz bunun nəticəsində dünya əhalisi Azərbaycanı müasir və dinamik inkişaf edən ölkə, eyni zamanda, Azərbaycan xalqını öz tarixi köklərinə bağlı olan multikultural və tolerant xalq kimi tanımağa başladı.
Mehriban xanım Əliyeva xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Qadın və Anadır. Onun rəhbərliyi ilə hazırlanan və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artdı. Bu həm də bir Ana kimi onun ölkəsini qucağına sıxması demək idi. Mehriban xanımın gördüyü işlər, xeyirxah əməlləri ölkə rəhbərliyi və xarici dövlətlər tərəfindən yüksək dəyərləndirilib. Belə ki, o, Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Burada xarici ölkələrin ali dövlət mükafatları sırasında xüsusi olaraq bunları da qeyd etmək lazımdır: Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordenləri, UNESCO-nun “Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı, Krans Montana Forumunun Qızıl medalı və “Prix de la Fondation” mükafatı, Avropa Olimpiya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı və s. Əlbəttə, bütün bunlar əbəs deyil. Çoxşahəli fəaliyyətinə görə layıq görülən təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəriyyətə sevgi dayanır. O sevgi qadın sevgisidir. O sevgi Ana sevgisidir. Mehriban xanım Əliyeva həm də bu gün milli dəyərlərə sadiqlik göstərən bir şəxsiyyətdir.
Kürçaylı Məmmədov
Salyan rayon Mədəniyyət Mərkəzinin direktor əvəzi