Xalqı və dövləti qarşısında misilsiz xidmətləri nəzərə alınaraq, Mehriban xanım Əliyeva 2017-ci il fevralın 21-də Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Cənab Prezident İlham Əliyev tərəfindən Mehriban xanımın Birinci vitse-prezident təyin edilməsi cəmiyyətdə qadın iştirakçılığına, bütövlükdə qadına verdiyi önəmin bariz göstəricisidir. Mehriban xanım qeyd edir ki, “Mənim ölkənin Birinci vitse-prezidenti təyin olunmağım barədə qərar Azərbaycan Prezidentinin şəxsi təşəbbüsü idi. Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam”.
Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşdü. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırdı. Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib. Dara düşən, həlli müşkül problemlərlə qarşılaşan yüz minlərlə insan, ilk növbədə, onun adını tutur, məktub göndərir, qəbuluna düşür və heç biri ümidsiz qalmır.
Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir. ABŞ-ın nüfuzlu “Washington Times” qəzeti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO, İSESCO və İKT-nin xoşməramlı səfiri Mehriban Əliyeva haqqında dərc etdiyi məqalədə yazır: “Azərbaycanın birinci xanımı müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Mehriban xanım Əliyevanın istər Azərbaycanda, istərsə də dünya miqyasında həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın birinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, bir sıra ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Salyan rayonunda 6 yeni məktəb tikilmiş, 3 məktəb əsaslı təmir edilmişdir.
Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı onun dünya birliyinə inteqrasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir".
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır.
Gülşən Piriyeva,
Salyan şəhər 7 saylı məktəb-liseyin müəllimi,
Əməkdar müəllim