İkinci Qarabağ müharibəsi tarixə Azərbaycanın şanlı Qələbəsi kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Silahlı Qüvvələrimizin müəllifi olduğu bu Zəfərimizin qazanılmasında xüsusi rolu olan xalq-ordu birliyi daha bir imtahandan uğurla çıxdı. İllərdən bəri göstərilən siyasi qətiyyətin, möhkəm iradənin məntiqi nəticəsi olan bu Zəfər yolunda atılan addımlar bəhrəsini verdi. Bir neçə il bundan əvvəl “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq” söyləyən, «Biz birlikdə güclüyük!» çağırışı ilə birlik və həmrəyliyimizin sarsılmazlığını, «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır» sözlərinin müqəddəsliyini qətiyyəti ilə bildirən Prezident İlham Əliyevin müdafiə qüdrətimizin möhkəmlənməsi istiqamətində davam etdirdiyi siyasət özünü doğrultdu. Xalqla ordunun birliyi Qələbə əzmini artırdı, ordunu daha güclü etdi.
Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” sözlərinin hikmətini sülh danışıqlarına sadiq qalmaqla, müdafiə qüdrətimizi möhkəmləndirməklə ordumuzun ən müasir silah, sursat, hərbi avadanlıqlarla təminatını Qələbə üçün başlıca amil kimi diqqətdə saxlayan Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, siyasi müstəvidə qazanılan qələbə döyüş meydanındakı Zəfərimizi təmin etdi.
“Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir” sözləri ilə xalqımızın vətənpərvərlik ruhunun Qələbənin qazanılmasında böyük rolu olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan xalqı bu tarixi anı yaşadığı üçün xoşbəxtdir.
Prezident İlham Əliyevlə Türkiyəli həmkarı Prezident Rəcəb Tayyib Ərdoğanın hərbi paradı qoşa izləməsi onu göstərdi ki, hər iki dövlət, xalq arasındakı qardaşlıq əbədi, sarsılmazdır. Azərbaycanın Qələbəsi həm də Türkiyənin qələbəsidir. Prezident İlham Əliyevin «Türkiyənin siyasi və mənəvi dəstəyi bu Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin, Qardaşımın ilk saatlardan dediyi «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır» sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi… Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» ifadəsini Şuşada keçirilən «Xarıbülbül» festivalı, şənliklərdə hiss olunan eyni qürur da göstərdi.
2016-cı ildə Aprel döyüşlərində düşmənə zərbə vuran, 2018-ci ildə Günnüt əməliyyatı ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən magistral yola nəzarəti ələ keçirən Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 illik işğala tarixdə görünməmiş döyüş təcrübəsi ilə son qoydu. Demək olar ki, yalın əllə, yalnız yüngül silahlarla dərədən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv edən Azərbaycan əsgəri Qarabağın tacı olan Şuşanı azad etdi. Tarixdə əbədi qalacaq Şuşanın işğaldan azad edilməsi əməliyyatı Azərbaycan əsgərini bütün dünyaya tanıtdı.
Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq, Araz nəğməsini daha güclü oxuyacaq, Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır. Bu dastanın müəllifi Prezident İlham Əliyev, Ali Baş Komandan kimi rəhbərlik etdiyi Milli Ordumuz, qəhrəman əsgərlərimizdir
Amid Babayev,
Salyan rayon Həsənli kənd inzibati
ərazi dairəsi üzrə nümayəndənin müavini