Ölkəmizin iqtisadi azadlığının olması onun milli dəyərlərinin qorunması üçün ilkin və ən təməl şərtdir

Ölkəmizin iqtisadi azadlığının olması onun milli dəyərlərinin qorunması  üçün ilkin və ən təməl şərtdir

Hər bir dövlətin mövcudluğunu səciyyələndirən xüsusiyyətlərdən biri iqtisadiyyatının güclü olmasıdır. İqtisadi nəzəriyyənin predmeti olan iqtisadi münasibət bütün dövrlərə xas olub, bunlarsız nəinki insanın həyatı, heç cəmiyyətin özü də mümkün ola bilməz. Buna görə də insanlar əməklərini təbiətə, təbiət cisimlərinə tətbiq etməklə istehsal fəaliyyətlərində olurlar. İqtisadiyyatını formalaşdırıb onu inkişaf etdirən dövlətlər dünyada söz sahibliyinə də malik olurlar.
Bu gün dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycan iqtisadiyyatı dünya təsərrüfat sisteminin tərkib hissəsidir. Müasir zamanda dünyada baş verən iqtisadi proseslərdən kənarda qalmaq qeyri-mümkündür və dünyada yaradılan mütərəqqi texnika və texnologiyalardan, istehsal təcrübəsindən istifadə etmədən milli iqtisadiyyatı inkişaf etdirmək də mümkün deyil. İqtisadi sistemin qurulması, iqtisadiyyatın inkişaf etdirilməsi dövlətçiliyin qorunub saxlanması və inkişaf etdirilməsi üçün əsas amildir. Bu mənada dövlətimizin siyasəti hər zaman güclü iqtisadiyyata malik olaraq azad milli siyasət yürütməkdir. 44 günlük müharibə dövrü də bir daha sübut etdi ki, dövlətin iqtisadi azadlığının olması onun milli dəyərlərinin qorunması üçün ilkin və ən təməl şərtdir.
Beləliklə, iqtisadi sistemin qurulmasında, iqtisadiyyatın inkişaf bazasının yaradılmasında azad və müstəqil iqtisadi siyasətin yürüdülməsi vacibdir. Azad iqtisadi fəaliyyət kənar qüvvələrin təsiri ilə məhdudlaşdırılmayan, bazar qanunları ilə tənzimlənən, bazarın tələbinə uyğun fəaliyyət göstərən iqtisadiyyatdır. İqtisadi müstəqillik ilk növbədə xalqın tarix boyu malik olduğu təbii sərvətlərindən öz mənafeyinə uyğun istifadə etməsi və özünün iqtisadi cəhətdən yaşamaq gücünə malik olmasıdır. Bu gün Azərbaycan tam azad beynəlxalq siyasət yürüdən nadir ölkələrdəndir. Buna görə də ölkəmizin daxili işinə heç bir kənar dövlət və ya təşkilat müdaxilə edə bilmir.
Qeyd edək ki, hər bir dövlətin əsas iqtisadi atributlarından biri onun milli valyutasıdır. İlk dəfə 1919-cu ildə tədavülə buraxılan Azərbaycan milli valyutası olan manat dünyada hökm sürən iqtisadi böhran illərində də öz dəyərini qoruyub saxlamağı bacarmışdır. Dünyanı cənginə alan koronavirus pandemiyası və müharibə zamanı da Azərbaycanın milli valyutası iki cəbhədə savaş verməsinə baxmayaraq öz dəyərini qoruyub saxlaya bilmişdir. Ayrı-ayrılıqda hər iki hadisə bir çox dünya dövlətlərinin valyutalarına ciddi zərbələr vurarkən, Azərbaycan manatı dayanıqlılıq göstərmişdir.
Onu da qeyd etmək istərdim ki, ölkəmizdə xalqın hər bir fərdinin məmnunluğu əsas prioritetdir. Bu mənada son dövrdə yeni pul əsginaslarının tədavülə buraxılması fonunda xalqın heç bir problemlə qarşılaşılmaması üçün dövlət maksimum səylər göstərir. Məlumdur ki, dövlətlərin yeni əsginaslara adaptasiya prosesi hər zaman müəyyən çətinliklərlə müşayiət olunur. Ancaq ölkəmizdə belə bir hal əsla baş vemir. Hazırda yeni pul əsginasları ilə birgə köhnə pul əsginaslarının da isifadəsi davam etdirilir və banklarda, ödəniş terminallarında bu mənada heç bir problem yaradılmır. Dövlət bununla bağlı bütün qabaqlayıcı tədbirləri həyata keçirərək müştəri məmnuniyyətinin təmini üçün əsaslı tədbirlər görür. Qısacası, ölkədə hər bir sahədə dövlətin xalqa dəstəyi və insan amilinin prioritet olaraq qəbul edildiyi müşahidə olunur.

Vəfa Məmmədova,
MİHİ Salyan Rayon Komitəsinin sədri
Mədəniyyət