Azərbaycanın ictimai, sosial, mədəni həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu qurum olaraq humanitar layihələrinin miqyasını genişləndirir. Fond səhiyyə, mədəniyyət, təhsil, sosial sahəsində bir sıra layihələri reallaşdırır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini həyata keçirən fond nəinki Azərbaycanda, onun hüdudlarından belə kənarda humanist ideyaların gerçəkləşdirir.
Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə - Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞda nümayəndəliklər yaratmaqla Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə nail oldu. Bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əməli fəaliyyətində özünü təsdiqləyir. Onun bu genişmiqyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miqyasında yüksək qiymətləndirilir.
Mehriban xanım Əliyeva dünya miqyasında maraq doğura biləcək, beynəlxalq mahiyyət daşıyan layihələrinə imza atır. Onun təşəbbüsü ilə dünya ölkələrində silsilə humanitar tədbirlər həyata keçirilib. Əbəs yerə deyil ki, sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə İSESKO-nun Xoşməramlı səfiri adını daşıyır. Azərbaycanın Birinci Xanımının genişmiqyaslı proqram və layihələri uğurla icra olunur. Təhsil sistemini təkmilləşdirmək və onun dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək məqsədi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı təhsil sahəsində saysız nailiyyətlərə səbəb oldu. Onun "Təhsilə dəstək" layihəsi tək Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həyata keçirilir. Fondun layihələri çərçivəsində yüzlərlə məktəb, onlarla uşaq bağçası və ixtisaslaşdırılmış uşaq məktəbləri tikilib, təmir olunub, yüksək standartlarla təchiz edilib. Belə müasir məktəblərin sayı günü-gündən artır. Elmə, təhsilə göstərdiyi diqqətin nəticəsidir ki, fondun təşəbbüsü ilə Pakistanın Müzəffərabad şəhərində qızlar üçün yeni məktəb tikdirib. Hollandiyada, Gürcüstanda, Misirdə, Rusiyada və Rumıniyada məktəblər tikilib və ya təmir edilib. O cümlədən Leql şəhərindəki musiqi məktəbinin zalı, Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası əsaslı təmir olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda görmə qabiliyyəti məhdud olan uşaqlar və gənclər üçün mərkəz istifadəyə verilib. Bu görülən işləri sadalamaqla bitmir. Həmin müəssisələr Avropa standartlarına uyğun bir şəkildə təşkil olunub. Gördüyümüz kimi, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunması, mədəniyyətimizin geniş təbliği ilə yanaşı, elm və təhsilin inkişafını təmin edən layihələrini də reallaşdıraraq, bəşəri ideyalara söykəndiyini beynəlxalq aləmə əməlləri ilə bəyan edir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasına yönələn tədbirləri həyata keçirməklə böyük layihələrin müəllifinə çevrilib. Mehriban xanım Əliyeva öz fəaliyyətində bu strateji istiqamətlərdə möhtəşəm layihələri uğurla davam etdirir.
Əziz və hörmətli Mehriban xanım,
Sizi ad gününüz münasibətilə təbrik edirik!
Bu gün Azərbaycanda və onun hüdudlarından kənarda minlərlə insan Sizin ünvanınıza ən xoş arzularını və təşəkkürlərini çatdırır.
Həyatın ən müxtəlif sahələrində xeyli sayda əsl mənada mühüm, eyni zamanda nəcib əməllərinizə görə Sizə təşəkkür edirik!Səbuhi Məhəmməd oğlu Abdullayev Qəbələ rayon İcra hakimiyyətinin başçısı