Mehriban xanım Əliyevanın timsalında dünyaya müstəqil Azərbaycanın humanist qadını obrazı təqdim olundu. Ölkənin ictimai-siyasi, mədəni həyatında aparıcı qüvvəyə malik olan Azərbaycan qadını bir varlıq olaraq cəmiyyətdə nüfuz sahibinə çevrilib. Onun qadın gözəlliyi, qadın iradəsi, saflığı və sədaqəti xalqımızın milli-mənəvi dəyərləri sistemində formalaşıb. Bütün sahələrdə əməyi olan Azərbaycan xanımı dövlətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmlənməsində müstəsna rola malikdir.
Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da məhz Azərbaycanın ictimai-siyasi və mədəni həyatında müstəsna rola malikdir. Azərbaycanda baş verən sıçrayışlarda, onun simasının gündən-günə dəyişməsində, dünyanın nüfuzlu dövlətləri sırasında layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın fəaliyyəti genişmiqyaslı layihələri nəticəsini verib. Onun həyata keçirdiyi layihələr yerli əhəmiyyətli sosial problemlərin həllinə, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək məqsədi daşıyır. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım edir. Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlər, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində önəmlidir. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, uşaq müəssisələrinin infrastrukturlarını, səhiyyə və tibbi təsisatları inkişaf etdirmək istiqamətində böyük mahiyyət daşıyan addımlar Mehriban xanım Əliyevanın humanizm prinsiplərinə söykənir.
Öz varlığı ilə məmləkətinə şərəf gətirən Azərbaycanın birinci xanımının fəaliyyəti Azərbaycan haqqında olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi ilə nəticələnib. Azərbaycan haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür onun layihələri əsasında tamam fərqli bir şəkildə meydana çıxdı. Bütün dünyaya müstəqil dövlətdə yaşayan qadın obrazının lazımi şəkildə təqdiminə nail oldu. Öz peşəkarlığı, dünya arenasında baş verən hadisələrə yanaşması ilə humanist insan obrazını canlandırdı.
Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinin tərkib hissəsinə daxil olmasında atdığı addımlar çox əhəmiyyətli hadisədir. YUNESKO-nun elə bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi dəyərlərindən, mədəniyyətindən söz açılmasın. O, tarixi həqiqətləri, tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının iştirakı olan tədbirlərdə qonaqlara çatdıraraq, maraqlı faktlar əsasında çıxışı ilə ölkə həyatında baş verən hadisələrin təbliğinə nail olub. Onun humanizminin nəticəsi olaraq Azərbaycan əhalisinin sağlamlığı, xoşbəxtliyi geniş bir sferanı əhatə edib. Belə ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə yanaşmaq məsuliyyəti Mehriban xanımın fəaliyyətində özünü təsdiqlədi. Mövcud humanizm bu gün ölkəmizdə örnəkdir.
Bütövlükdə, potensialını ortaya qoyan Mehriban xanımın fəaliyyəti Azərbaycan iqtisadiyyatına, mədəniyyətinə, siyasətinə yenilikləri ilə töhfələrini verir. Onun fəaliyyət dairəsi olduqca əhatəli və çoxşaxəlidir. Qeyd edək ki, hələ Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri olduğu zamanda nəinki Azərbaycanda, eləcə də dünya miqyasında böyük layihələrin gerçəkləşməsinə nail olub. Milli-mənəvi dəyərlərin təbliğatı istiqamətində gördüyü işlər ölkənin gələcək həyatının uğurlu nailiyyətləri ilə nəticələnib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Mehriban Əliyeva tərəfindən yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə əks-səda doğurub. Fond görkəmli siyasi xadim Heydər Əliyevin ideyalarını dəstəkləyərək, ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə fəaliyyətini davam etdirir. Bu yol Heydər Əliyevin müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə doğru yönəlib.
Müasir dövrümüzdə ziyalılığın ali zirvəsində olan ölkənin birinci xanımının Azərbaycan üçün gördüyü işlər bir əsrin tarixi qədər möhtəşəm və alidir. Onun vətənpərvərlik, milli heysiyyat kimi mənəvi dəyərləri məhz dünya arenasında Mehriban xanım Əliyevaya böyük bir məhəbbət yaradıb. Yaşadığımız qloballaşma dövründə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda milli-mənəvi dəyərlərin üzə çıxarılması, Azərbaycanın bir dövlət olaraq məxsusiliyinin dünyəviləşməsi istiqamətində Mehriban Əliyevanın gördüyü işlər tarixin bu gün üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq hadisələrə bağlıdır.
Könül Nurullayeva, Milli Məclisin deputatı