Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir

Azərbaycan xalqı və dövləti öz müstəqilliyinin etibarlı qoruyucusu olan qüdrətli və güclü ordusu ilə haqlı olaraq fəxr edir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 102 ili tamam olur. Ümummilli lider Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı fərmanla bu günü tarixləşdirmişdir. Xalqımız 26 iyun - Silahlı Qüvvələr gününü ümumxalq bayramı kimi qeyd edir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri bu gün Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir


1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılmışdır. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Təəssüf ki, 1920-ci ilin aprel işğalından sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edildi.

1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdi. Həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti milli ordunun yaradılması haqqında qərar qəbul etsə də ilk vaxtlar bu qərarın icrasını təmin etmək mümkün olmadı. Ölkədə hərbi-siyasi, iqtisadi, sosial vəziyyət çox ağır idi. Ordu quruculuğu sahəsində də digər sahələrdə olduğu kimi, anarxiya hökm sürürdü. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və şəxsi mənafelərə qulluq edən ayrı-ayrı başıpozuq silahlı qruplaşmaların ümidinə qalmışdı və vahid idarəetmə sistemi yox idi.

1993-cü ilin iyununda ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra vəziyyət sürətlə dəyişməyə başladı. Ümummilli Lider yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu yaratdı. Ulu Öndərin dəfələrlə ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı uğurlu hərbi əməliyyat həyata keçirildi. 1994-cü ilin mayında elan olunan atəşkəsdən sonra Azərbaycanda nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi, ölkədə nizami ordu quruculuğu formalaşmağa başladı.

Dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların silahlı qüvvələrin formalaşmasında iştirakı təmin olundu, döyüş ruhunun yüksəldilməsi və hərbi vətənpərvərlik hisslərinin aşılanması işi gücləndirildi, maddi-texniki təminat xeyli yaxşılaşdırıldı.

Azərbaycan Silahlı Qüvvələrinin formalaşma prosesinin daha mükəmməl şəkildə həyata keçirilməsi üçün qanunvericilik bazasının yaradılması da zəruri idi. 1993-cü il noyabrın 18-də Milli Məclisin tarixi iclasında müdafiə və təhlükəsizlik məsələləri ətraflı müzakirə edildi. Ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək "Silahlı Qüvvələr haqqında", "Müdafiə haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu" haqqında qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynadı. Bu baxımdan Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Hərbi doktrinası" xüsusi qeyd olunmalıdır. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.

Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması Silahlı Qüvvələrimizin bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir.

Azərbaycan Ordusu bu gün Azərbaycan dövlətinin qüdrətinin nümunəsi olmaqla dövlətimizin ərazi bütövlüyünü təmin etmək iqtidarındadır. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin verdiyi qiymətə görə, Azərbaycan ordusu regionun ən hazırlıqlı və ən müasir strukturu sayılır. Prezident İlham Əliyev də dəfələrlə bir faktı xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın dövlət imkanları artdıqca, onun hərbi sistemi də paralel surətdə güclənir və bu məqam Dağlıq Qarabağ münaqişəsinin həllini şərtləndirir: "Mən hərbi hissələrdə tez-tez oluram. Cəbhə xəttində də tez-tez oluram. Döyüşçülərlə səngərlərdə görüşürəm, söhbət aparıram. Görürəm ki, həqiqətən, Azərbaycan əsgərinin Vətənə çox böyük bağlılığı vardır. Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaqdır".

Həmzəyev Naqif Ələşrəf oğlu,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Mədəniyyət