"MİLANA HOSPİTAL"da həkim özbaşınalığı - FOTO

  • 28.04.2020, 09:35,
  • Səhiyyə
  • Baxılıb: 364
"MİLANA HOSPİTAL"da həkim özbaşınalığı - FOTO


Həkim Ləyaqət Misirovanın vəzifəsindən sui-istifadə hərəkətləri ilə bağlı Bakı şəhər Prokurorluğuna rəsmi sorğu göndəriləcək…

"Həkim Ləyaqət Misirova qəsdən vəziyyətimin ağır olduğunu, buket halında olan xəstəliklərimdən qaranquşların artıq xəbər gətirdiyini, əgər müalicə almasam, daha ciddi fəsadlar olacağını, yaxın zamanda insult keçirəcəyimi, hətta əlil arabasına möhtac qalacağımı söylədi"

Bu gün bütün dünya koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunub. Azərbaycanda da bu qlobal problemlə ciddi şəkildə mübarizə aparılır, koronavirusun fəsadlarının azaldılması, ən əsası, əhalinin sağlamlığının qorunması üçün kifayət qədər səmərəli tədbirlər həyata keçirilir.

Məlumdur ki, bu məsələ Prezident İlham Əliyevin ciddi nəzarəti altındadır. Cənab Prezident ölkə əhalisinin sağlamlığının qorunması, iqtisadi sabitliyin pozulmaması üçün lazımi addımlar atır. Ancaq təəssüf ki, pandemiyanın dünyada tüğyan etdiyi, birlik və həmrəyliyin çox vacib olduğu indiki vaxtda bəzi özəl tibb müəssisələri nəinki ölkə əhalisinin sağlamlığının qorunmasını, yalnız öz şəxsi mənafelərini düşünürlər. Karantin günlərində ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan profilaktik tədbirlərin gücləndirildiyi, sosial həmrəyliyi nümayiş etdirmək istiqamətində xeyriyyə kampaniyalarının təşkil olunduğu bir şəraitdə karantin rejiminin tətbiq olunmasından yararlanmağa çalışan bir çox özəl tibb müəssisələrinin onlara müraciət edən vətəndaşlarla davranışı heç bir məntiqə sığmır. Görünən odur ki, bu müəssisələrdə çalışan tibb işçiləri öz düşüncələrində tamaha yoluxublar. Çünki qeyd etdiyimiz kimi, bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizəyə səfərbər olunduğu bir vaxtda ölkəmizdə bəzi tibb işçilərinin məlum mövqeyini başqa cür dəyərləndirmək mümkün deyil.

Son illər paytaxt Bakıda özəl tibb klinikalarının sayının artmasına baxmayaraq, İrana, Rusiyaya, Avropaya xəstəliklərinin çarəsi üçün üz tutan vətəndaşlarımız da az deyildi, ta o vaxta qədər ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkə sərhədləri bağlandı. Hər il minlərlə insanımız xaricə üz tutmasının səbəblərindən biri Azərbaycan səhiyyəsinə etibar etməmələri idisə, digər səbəb özəl klinikalarda qiymətlərin çox baha olması idi. Zaman-zaman ölkə mediasının toxunduğu bu problemin həlli, görünür, hələ çox vaxt aparacaq.

Redaksiyamıza müraciət edən məcburi köçkün, orta məktəb müəllimi R.M. (Adını xəstəliyinə görə hələ ki tam yazmırıq) bildirdiyinə görə, qiymətləri "od tutub yanan" özəl tibb müəssisələrindən biri də Xuraman Muradovanın rəhbərliyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 1/21 ünvanında fəaliyyət göstərən "MİLANA HOSPİTAL"dır.

Şikayətçi yazır: "Xeyli müddətdir ki, baş və boyun ağrısından əziyyət çəkirəm. Dünyanı ağuşuna alan koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən geniş miqyaslı tədbirlər sırasında karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində qoyulan məhdudiyyətlərə görə bir neçə tibb müəssisəsi ilə əlaqə saxlasam da, hazırda işləmədiklərini bildirdilər. Bir gün təsadüfən ARB televiziyasında "MİLANA HOSPİTAL"ın həkimi nevroloq, nevrofizioloq Ləyaqət Misirovanın baş ağrısından və müalicəsindən bəhs edən söhbətini dinlədim. Verilişin reklam arasında əlavə məlumat üçün titrdə göstərilən "MİLANA HOSPİTAL"ın əlaqə telefonuna zəng etdim. Nevroloq Ləyaqət Misirovanın qəbuluna nə vaxt və necə düşə biləcəyimi soruşdum. Hospitaldan dedilər ki, Ləyaqət Misirova xəstələri sabah səhər saat 08:00-dan 11:00-dək qəbul edəcək, sonra isə "Dünya" telekanalına gedəcək.

Aprelin 15-də həyat yoldaşımla yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərdik. İcazə cavabı gəldikdən sonra Bakıətrafı qəsəbədə yaşadığımızdan getməli olduğumuz ünvan arasındakı məsafəni və müayinə müddətini nəzərə alıb *8555 taksi xidmətindən istifadə edərək (gediş haqqı 10 manat) "MİLANA HOSPİTAL"ına yollandıq.

"MİLANA HOSPİTAL"ın binasına daxil olub qəbul şöbəsinə yaxınlaşaraq nevroloq Ləyaqət Misirovanın qəbuluna gəldiyimizi söylədik. Bildirdilər ki, həkim qəbulu üçün 50 manat ödənilməlidir. Biz həmin məbləği ödəyib qəbul üçün növbə gözləməli olduq. Növbəmiz çatanda nevroloq Ləyaqət Misirovanın qəbul şöbəsinin bir addımlığındakı otağına daxil olduq. Gəlişimizin səbəbini – baş və boyun ağrısından əziyyət çəkdiyimi söylədim. L.Misirova narahatlığımla bağlı bir neçə dəqiqəlik açıqlamamdan sonra məni müayinə etdi. Belə ki, dizlərimə bir-iki çəkic vurub, sonra isə gözlərimi barmağı istiqamətində sağa-sola istiqamətləndirdi. Ardınca da həkim Ləyaqət Misirova vəziyyətimin ağır olduğunu, buket halında olan xəstəliklərimdən qaranquşların artıq xəbər gətirdiyini, əgər müalicə almasam, daha ciddi fəsadlar olacağını, yaxın zamanda insult keçirəcəyimi, hətta əlil arabasına möhtac qalacağımı söylədi.

Olduqca həyəcanlanmışdım… Daha sonra L.Misirova mənə bir siyahı uzadıb "Müalicənizlə bağlı resept yazmaq üçün bu müayinələrdən keçib gəlin. Əvvəlcə isə qəbul şöbəsinə yaxınlaşıb keçəcəyiniz müayinələrin haqqını ödəyin" dedi. Qəbul şöbəsinə yaxınlaşıb müayinələrin siyahısı yazılan vərəqi xanıma təqdim etdik. O, siyahını gözdən keçirərək, 598 manat ödəyəcəyimizi bildirdi. Məbləği eşidəndə həyat yoldaşımla şoka düşmüş kimi olduq və təəccüblə əvvəl bir-birimizə, sonra da mayinə siyahısına baxdıq. Nə edəcəyimizi bilmədik. Sonra qəbulda növbə gözləyən xanımdan xahiş edib içəridə xəstəsi və onun yaxınları ilə selfi çəkdirən L.Misirovanın otağına girdik (otağın qapısı şüşə olduğundan içəri görünürdü). L.Misirovaya bildirdik ki, üstümüzdə müayinələrə ödəniləcək qədər pulumuz yoxdur. L.Misirova bizimlə birlikdə qəbul şöbəsinə yaxınlaşıb, məcburi köçkün və müəllim olduğum üçün müayinə qiymətlərində nə qədər güzəşt edilə biləcəyini soruşdu. Qəbul şöbəsindəki xanım müayinə siyahısını nəzərdən keçirdiyi sırada L.Misirova biz tərəfə dönüb dünən ARB televiziyasında söylədiyi şeirinin xoşumuza gəlib-gəlmədiyini soruşarkən, şeiri dinləmədiyimizə təəssüfümüzü bildirdik. O isə "Siz müayinələrdən keçib otağıma qayıdanda mən həmin şeirimi söyləyərəm» dedi. Bu zaman müayinə qiymətlərini gözdən keçirən xanım bildirdi ki, müəllim olduğuma görə 15 faiz (500 manat), məcburi köçkün kimi isə 20 faiz (478 manat) güzəş edilə bilər. Dedim ki, həyat yoldaşım və oğlum işləmir, ailəyə tək pul gətirən mənəm, müayinəyə verəcək bu qədər pulumuz yoxdur. L.Misirova isə sanki bazarda alver edirmiş kimi qayıtdı ki, üstünüzdə nə qədər pul var? Həyat yoldaşım dedi ki, cəmi 140 manat pulumuz var. L.Misirova narazı halda başını buladı və otağına keçdi. Biz də onun arxasınca içəri daxil olub xahiş etdik ki, heç olmasa ağrılarımın müvəqqəti keçməsi üçün və imkanımız olanda gəlib müayinələrdən keçməyimə qədər bir resept yazsın, müalicə alım. L.Misirova isə mayinələrdən keçməyənə qədər heç bir resept yazmayacağını, sonra da «Vaxtım yoxdur, sizə yaxşı yol, "Dünya" telekanalında çəkilişim var, tələsirəm» deyib bizim otağından çıxmağımızı istədi. Biz isə, necə deyərlər, suyu süzülə-süzülə L.Misirovanın otağını tərk etdik".

Şikayətçi təəssüf içində yazır: "…Evə qayıdarkən yol boyu düşündüm ki, görəsən, bu gün əksər həkimlərimizin öz həyatlarını, öz sağlamlıqlarını risk altına ataraq "COVID-19" xəstəliyinə düçar olmuş xəstələrin yanında olduğu, gecə-gündüz, fasiləsiz xəstələrə qulluq etdikləri, onların bu fəaliyyətinin "Biz birlikdə güclüyük!", "Azərbaycan həkimlərinə eşq olsun!" kimi şüarlarla cəmiyyətdə təqdir edildiyi bir zamanda niyə "MİLANA HOSPİTAL"ın və onun həkimlərinin əsas məqsədi, ancaq öz şəxsi mənafelərini güdmək, çoxlu pul qazanmaqdır? Yaxud, dövlətin, xeyriyyəçilərin, iş adamlarının işsizlərə və xüsusi karantin rejiminə görə işini itirən şəxslərə, aztəminatlı ailələrə vəsait ayırdığı, yardım etdiyi bir vaxtda həkimin pasiyentinə göstərdiyi tibbi yardımın keyfiyyətinə cavabdehlik daşıdığı halda, lazımi tibbi xidmət göstərməyən, əksinə, məni əsassız riskə məruz qoyaraq, xüsusilə də "Həkimlərin etik davranış qaydaları"na zidd olaraq bilik və bacarığını qeyri-humanist məqsədlər üçün istifadə etmək məqsədilə vəziyyətimin yaxşılaşdırılmasına yönəlik tədbirlər görmək əvəzinə, həyat yoldaşıma "bu müayinələdən keçməsəniz, sabah onu əlil arabasında siz gəzdirəcəksiniz" deyərək bizi bahalı müayinələrdən keçməyə məcburən yönləndirməyə çalışan, tez-tez telekanallarda reklam olunan Ləyaqət Misirovanın qəbulu üçün və sosial media üzərindən fəaliyyəti geniş təbliğ olunan "MİLANA HOSPİTAL"ına ödədiyim 50 manat niyə və kimin cibinə getdi? Hörmətli redaksiya, xahiş edirəm, bu suallara cavab tapmaqda mənə yardımçı olasınız?"

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdimiz uğursuz alındı. Həkimin özbaşınalığı və vəzifəsindən sui-istifadə hərəkəti ilə bağlı isə Bakı şəhər Prokurorluğuna rəsmi sorğu göndərilməsi üçün şikayətçinin hüquqi nümayəndəsini redaksiyaya dəvət etdik.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin və "MİLANA HOSPİTAL"ın rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

AZAD

http://www.tezadlar.az/
Mədəniyyət