""Space"də oğlumu şəhid kimi təqdim etdilər, sonra dedilər ki, intihar edib" — FOTOREPORTAJ

  • 11.05.2019, 10:58,
  • Hadisə
  • Baxılıb: 175



Təxminən iki ayın söhbətidir. Qonaq olduğum verilişin reklam fasiləsində "Facebook"dakı səhifəmdən canlı yayım açmışdım. Ard-arda şərhlər yazılırdı, irad bildirənlər də vardı. Qəfil bir profil diqqətimi çəkdi - şəhid Anar Əsgərli. Kim üçünsə bu söz pafoslu səslənə bilər. Amma toy mağarına bağlanmış qırmızı lentlərin parıltısı getməmiş itkin düşən (Şəhid olan) dayım və ondan sonra yaşadığı 14 il ərzində babamın çəkdikləri hələ də gözlərimin qarşısında olduğu üçün şəhid sözünün nə qədər uca və dəyərli olduğunun fərqindəyəm.
Qısası, efirdən çıxıb birbaşa Qala qəsəbəsinə getdim. Anarın anası Tərlan xanımın çağırışına. Uzun axtarışlardan sonra evi tapıram. Amma bir yandan yorğunluq, bir tərəfdən də yarası qaysaq bağlamamış valideynlərə veriləcək sualların ağırlığı...

Söhbətə Anarın atası Dağıstan kişiylə başlamaq istəyirəm. Deyir ki, dövlətdən heç nə istəmir, tək istəyi oğluna şəhid statusunun verilməsidir:

"Biz onsuz da beş ildir ki, çəkdiyimizi çəkirik. Dövlətimizdən, dövlət rəhbərliyindən heç bir istəyimiz, xahişimiz yoxdur. Yeganə istəyimiz odur ki, oğlumuza şəhid statusu verilsin. Anar şəhid olanda bir il üç ay idi ki, xidmət edirdi, manqa komandiriydi. İdman kollecini bitirmişdi, idmançı olub.
Sentyabrın 13-də səhər saat 9-10 radələrində xəbər gəldi ki, Anar vurulub. Bizə dedilər ki, yaralıdır, Gəncəyə hospitala gətirilib. Tovuzdakı N saylı hərbi hissədə xidmət edirdi. Amma yolda dedilər ki, keçinib".

Hiss edirəm ki, Dağıstan kişinin Anardan danışmasına Tərlan xanım bulud kimi dolub. Sual vermədən gözlərimlə "buyurun" deyirəm:

"Anar 1994-cü ilin iyununda, Ağdam ərazisindəki "Dördyol" deyilən yerdəki çadırda anadan olub. Anarı 13 il çadırda saxlamışam. Sonra yoldaşımın işi ilə əlaqədar Bakıya gəldik. Doqquzuncu sinifdən idman kollecinə getdi. Tez tez- burnundan qan açılırdı. Dedim ki, Anar bəlkə... Dedi ki, ana, istəmirəm qapıma çağırış vərəqəsi gətirsinlər. Ağdamın hərbi komissarlığı Binəqədidə yerləşir. Yayın istisində üç dəfə Binəqədiyə getdi. Dedi ki, çağırış vərəqəsi qapıma gələ bilməz, özüm gedib götürəcəyəm. 2012-ci ildə əsgərliyə getdi. Nümunəvi əsgər kimi komandiri çox razı idi. Üç saatdan bir Anar postda olurdu. Bu gün beş il, yeddi ay, doqquz gündür ki, Anarsızam. Getmədiyim qapılar, olmadığımız qəbullar qalmayıb. Hər dəfə deyirlər ki, baxarıq. Dövlətimdən, Prezidentimdən heç nə istəmirəm. Mehriban xanım da əsgər anasıdır, yəqin ki, məni başa düşər. Uşağımın layiq olduğu çəhid adını istəyirəm. Anarın diplomunu özündən sonra almışam. O qədər arzuları var idi ki... Təhsilini davam etdirmək, işə düzəlmək istəyirdi. Şəhid statusu üçün ayrılan vəsaiti də istəmirik, bir kasıb ailənin uşağına verilsin. Həmin pulla özünə dəftər, kitab alsın, Anarın adını yaşatsın. Onsuz da özüm ölən günə qədər Anarın adını yaşadacağam. Mən Anarı çadırda böyütdüm. Yeri gəlsə, evimi dəsatıb Anarımın yoluna qoyardım, yenə çadırda yaşayardım. Dövlətimdən istədiyim övladımın özünə layiq adıdır.

- Rəsmi sənədlərdə Anarın özünə qəsd etdiyi yazılır. Son telefon danışığınız barədə soruşmaq istərdim. Axırıncı dəfə nədən danışdınız, nə barədə söhbətləşdiniz? Ümumiyyətlə, nədənsə narazılığı var idimi?

- İyunun 3-də ad günü idi, yanına getmişdik. Orada Anar mənə çox dirəndi ki, ana, atamı razı sal, müddətdən artıq hərbidə qalmaq istəyirəm. Dedim ki, Anar, siz iki qardaşsınız, sən orda, qardaşın burda alınmır. Biz yola düşəndə dedi ki, ana, səndən cavab gözləyirəm, atamı yola gətir, hərbidə qalım. Sentyabrın 12-də axşam saat 10-da Anarla sonuncu telefon danışığımız olmuşdu.

- Yəni, bir neçə saat öncə...

- Bəli, bir neçə saat öncə danışdıq. Yenə soruşdu ki, atam nə dedi, razılaşdı? Dedim ki, Anar, qayıt, gəl evimizə, sonra gedib yazılarsan. Dedi ki, ana, qayıdıb gəlsəm, o bir az çətin başa gələcək, amma hərbidə ola-ola yazılsam, daha asandır. Dedi ki, ana, mənim paltarımın arxasına Azərbaycanın bayrağını tikərsən, ön tərəfinə də Mübariz İbrahimovun şəklini vurarsan. Paltarı aldım, bayrağı tikdim, amma neçə yerdə axtardım Mübarizin fotosunu tapmadım. Bayrağı paltarına tikib göndərdim. Şəkil çəkdirib göndərmişdi ki, evə bu paltarda gələcəyəm. Amma Anar Azərbaycanın bayrağına bükülü gəldi.

- Qapıdan içəri girəndə diqqətimi bir məqam çəkdi. Xatirə bulağı...

- Anara aid nə varsa hamısıyla təsəlli alıram. O bulaq da mənə təsəllidir.

- Bildiyimə görə, əvvəlcə xəbərlərdə Anarın şəhid olması barədə xəbər verilib...

- Sentyabrın 13-ü günü "Space"də şəhid kimi təqdim etdilər. Sonra icra nümayəndəmiz zəng vurdu ki, Anar Gəncədədir.

- Anar böyük övladınızdır?

- Böyük oğlum Şəhriyardır, o da Murovda qulluq edib. Şəhriyar gələn gün Anar əsgər getdi. Hərbi prokuror Xanlar Vəliyev məni qəbul etdi. Dedi ki, ana, o hərbi hissə iyirmi beş ildir yaradılıb, iyirmi beş ildə beş nəfər ürəkli əsgər olubsa, biri sizin oğlunuz olub. Dedi, fəxr edin ki, belə oğul böyütmüsünüz. Müstəntiq Müşfiq Abbasova tapşırdı ki, işin doxsan doqquz faizini araşdırmısan, bir faizi qalıb, bu işi elə araşdır ki, ana narazı qalmasın, hər şey obyektiv olsun. Tapşırdı ki, ananı hərbi hissəyə aparırsan, son dəfə Anarın yanında olan uşaqlarla görüşdürürsən. Amma Müşfiq Abbasov bunun heç birini etmədi. Amma mənim canımda nə qədər can varsa, bu işin arxasınca gedəcəyəm.Söhbətə Dağıstan kişi müdaxilə edir:

- Komandirləri həmişə razılıq edirdi. Ağdaşdan Elvin Süleymanov adlı gizirləri var idi. Dedi ki, oğlunuz məsuliyyətli uşaqdır, tapşırıqları yerinə yetirir. Gizir də bizə dedi ki, Anar hərbiyə yararlıdır, manqa komandirliyini də məsuliyyətlə icra edir, əsgər yoldaşları sözünü eşidir (qəhərlənir və Tərlan xanım toparlanıb danışır).

- Şəhriyar Murovda olanda bütün gün narahat olurdum, bir stəkan çay içəndə də gözümün yaşı kəsilmirdi. Amma Anardan çox arxayın idim. Elə bil ki, böyüyüb sonra balacalaşmışdı, hamıyla ünsiyyətə girməyi bacarırdı.
Mart ayının 8-də telefonuma zəng gəldi, dedi ki, bayramını təbrik edirəm. Dedi çölə çıx, qapını aç. Elə bildim ki, özü gəlib. Qapını açdım ki, qrup yoldaşıdır, əlində bir qızılgül. Tapşırıb ki, anamı mənim əvəzimdən təbrik et (ağlayır) . O qədər dərin düşüncəli oğul idi. Aciz uşaq olsaydı...Gecə saat 4-də dostuyla yazışıb, deyib ki, Anar niyə yatmirsan? Deyir ki. yuxum yoxdur. Səhər saat 9-a işləmiş bu xəbər gəlib. Əgər intihar ediblərsə, bəs üç ay əvvəl yoxlamadan necə keçdi? Bir Allaha agahdır ki, o qapıları ümidlə döymüşəm. Sizin bu qapıya gəlməyiniz də mənim üçün dünyadır.

Söhbətin sonunda Dağıstan kişi oğlunu şəhid statusu verilməməsinin səbəbkarı barədə danışır:

- Dəfnində Müdafiə Nazirliyin əməkdaşları da iştirak ediblər. Anarın qırxı günü Səfər Əbiyev vəzifədən azad edildi. Həmin ərəfədə isə əsgər ölümü həddən artıq çox idi. Əksəriyyətinə də intihar adı qoyurdular. Statistikanı araşdırsanız görərsiniz ki, 2013-cü il ən çox əsgər intihar edən ildir. Çünki Səfər Əbiyevin hobbisi idi bu, şəhidlərə intihar adı verirdi. Əgər uşağım intihar etmişdisə, niyə bayrağa büküb qapıma gətirirdilər?
Mədəniyyət