Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib

  • 03.05.2019, 11:02,
  • Gündəm
  • Baxılıb: 367
Uşaqlara siqaret təklif edənləri cərimələyəcək orqan müəyyənləşib



Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara yeni səlahiyyət verilir.

BEŞ.AZ istinadən xəbər verir ki, bu, mayın 3-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Əsasnaməyə təklif edilən dəyişikliyə əsasən, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsinə dair inzibati xətalar haqqında işlərə baxacaq və inzibati xəta törətmiş şəxslər barəsində inzibati tənbeh tətbiq edəcək.

İnzibati Xətalar Məcəlləsinə əsasən, həmin inzibati xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar sisteminə rayon (şəhər) komissiyaları (yerli komissiyalar), müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya və Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiya daxildir. Komissiyalar müvafiq icra hakimiyyəti orqanları yanında həmin orqanlar tərəfindən sədr, məsul katib (katib) və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq da daxil olmaqla 9-11 üzvdən ibarət tərkibdə yaradılır.

Komissiyanın cari işlərini görmək və qərarlarının icrasına nəzarəti həyata keçirmək üçün yerli komissiyalarda məsul katib və uşaqlarla iş üzrə məsləhətçi-psixoloq, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanındakı komissiyalarda isə məsul katib və katib vəzifələri müəyyən edilir.

Həmin vəzifələr ştat cədvəlində nəzərdə tutulmaqla maaşlı vəzifədir. Komissiyanın digər üzvləri ictimai əsaslarla fəaliyyət göstərirlər. Komissiyanın tərkibinə təhsil, səhiyyə, daxili işlər orqanlarının, mədəniyyət təsisatlarının və digər müəssisələrin rəhbərləri daxil edilirlər. Komissiyanın tərkibinə qeyri-hökumət təşkilatlarının (ictimai birliklərin və fondların) nümayəndələri də daxil edilə bilərlər
Mədəniyyət